Azərbaycan sosial siyasətə sadiqlik nümayiş etdirir
Azərbaycan qlobal səviyyədə baş verən mənfi iqtisadi tendensiyalara rəğmən öz inkişaf tempini davam etdirir. İstər 2016-cı ilin yekunları və əldə edilən müsbət nailiyyətlər, istərsə də cari ilin ilk üç ayı ərzində iqtisadi sahədə qeydə alınan müsbət dinamika belə deməyə əsas verir.
31 Mart 2017 14:52 SosialÖlkədə iqtisadiyyatın şaxələndirilməsi üçün çox ciddi tədbirlər görülür
Azərbaycan qlobal səviyyədə baş verən mənfi iqtisadi tendensiyalara rəğmən öz inkişaf tempini davam etdirir. İstər 2016-cı ilin yekunları və əldə edilən müsbət nailiyyətlər, istərsə də cari ilin ilk üç ayı ərzində iqtisadi sahədə qeydə alınan müsbət dinamika belə deməyə əsas verir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Saatlı rayonunda ölkədə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə keçirilən müşavirə zamanı da bu faktlar bir daha qeyd edildi. Dövlət başçısının iştirakı ilə keçirilən müşavirədən əldə edilən qənaət ondan ibarət oldu ki, Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək, xüsusilə qeyri-neft sektoru, onun ayrılmaz bir hissəsi olan kənd təsərrüfatı sahəsində daha ciddi nailiyyətlərə nail olmaq başlıca prioritetdir. Bunun üçünsə ölkədə kifayət qədər imkanlar var. Eyni zamanda dövlət də bu imkanlardan yararlanıb qeyd edilən sahəni inkişaf etdirmək bacarığında, niyyətində olan sahibkarlara, iş adamlarına hər cür dəstək nümayiş etdirir. Prezident İlham Əliyev Saatlıda keçirilən müşavirədə çıxışı zamanı bunu bir daha vurğuladı: "Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir. Bu kömək və yardım müxtəlif sahələrdə özünü büruzə verir. Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar. Eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıbdır. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir"". Elə ekspertlər də hesab edirlər ki, məhz dövlətin iş adamları, sahibkarlara dəstəyinin nəticəsidir ki, bu gün ölkədə qeyri-neft sektoru özünün inkişaf mərhələsini yaşayır. Millət vəkili Eldar İbrahimov hesab edir ki, həyata keçirilən tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artımı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşması, təsərrüfatların maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. O, bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımlar göstərilməsi davam edir. Onun sözlərinə görə, ölkəmizdə bir çox ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib, bəzi məhsulların ixracı isə artıb. "Aqrar sahədə daha çox əlavə dəyər yaratmaq, yeni iş yerləri açmaq üçün hökumətin fəaliyyəti nəticəsində bir çox rayonlarda yeni kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri yaradılıb, aqrobiznes obyektlərinin inşasına başlanıb, müasir texnika və texnologiyalar alınaraq fermerlərin istifadəsinə lizinq yolu ilə icarəyə verilib və ya satılıb, digər stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin etmək üçün valyuta ehtiyatlarının artırılması əsas şərtlərdən biridir. Bu istiqamətdə son illər iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun , o cümlədən aqrar bölmənin inkişafı üçün çox ciddi tədbirlər görülür. Bu məqsədlə çox doğru olaraq ölkəyə valyuta gətirən sahələr, xüsusilə pambıq, barama, tütün, çay və fındıq istehsalının artırılması istiqamətində konkret və təsirli işlər görülür və şübhəsiz ki, bu öz bəhrəsini artıq verməkdədir. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi də xüsusi əhəmiyyət kəsb edən hadisədir. Bu müşavirədə dövlət başçısı pambıqçılığın inkişafına dair müvafiq tövsiyə və tapşırıqlar verdi. Əminik ki, dövlət başçısının xüsusi diqqəti nəticəsində Azərbaycanda pambıqçılığın inkişafı daha böyük vüsət alacaq".
Millət vəkili Sevinc Hüseynova deyib ki, Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Onun sözlərinə görə, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib: "Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb. Əlamətdar haldır ki, Azərbaycan qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Belə ki, yeni şəraitdə ölkəmizdə nəinki hər hansı bir sosial proqram ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb. Azərbaycanın dərin məzmunlu sosial siyasətində ölkə miqyasında işsizliyin azaldılmasına yönəldilən təsirli tədbirlər də xüsusi yer tutur. Ardıcıl şəkildə həyata keçirilən tədbirlər sayəsində respublikamızda işsizlik 5 faizədək azaldılıb. Sirr deyil ki, hazırda bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, orada demoqrafik böhran yaşanır. Azərbaycanda isə vəziyyət normaldır. Təkcə cari ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib. Bölgələrdə fəal məşğul əhali təmir-tikinti, yaşıllaşdırma və bu qəbildən olan digər işlərə cəlb olunur".
Süleyman