Deputat banklara nəzarətin sərtləşdirilməsinə qarşı çıxıb

“Bu gün Azərbaycan iqtisadiyyatı  dünya iqtisadiyyatına yetərincə  inteqrasiya olunub və ölkədə müəyyən mənada bir liberal iqtisadi sistem formalaşdırılıb. Amma bununla belə,  biz proterksionizmə də üstünlük verməyə başlamışıq.

"Bu gün Azərbaycan iqtisadiyyatı  dünya iqtisadiyyatına yetərincə  inteqrasiya olunub və ölkədə müəyyən mənada bir liberal iqtisadi sistem formalaşdırılıb. Amma bununla belə,  biz proterksionizmə də üstünlük verməyə başlamışıq. Yəni, iqtisadiyyat üzərində dövlət inzibati nəzarəti gücləndiririk". "Olaylar"xəbər verir ki, bunu millət vəkili Şəmsəddin Hacıyev Milli Məclisdə (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin martın 30-da keçirilən iclasında deyib.Onun sözlərinə görə,  iqtisadiyyata inzibati nəzarət yaxşı şeydir, ancaq bunun müəyyən həddi olmalıdır: "Mən,  Maliyyə Bazarlarına Nəzarət Palatası  fəaliyyət göstərdiyi müddətdən bəri fikir verirəm ki,  qurum ciddi inzibati qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görməkdədir.  Yaradılan qanunvericilik bazası da əsasən bankların fəaliyyətinə inzibati müdaxilə ilə bağlıdır . İnzibati nəzarətin həddindən artıq sərtləşdirilməsi əslində bankların manevr imkanlarının məhdudlaşdırılmasına xidmət edir. Bu, o qədər də məqsəduyğun deyil. Banklara müəyyən sərbəstlik verilməlidir". Millət vəkili təklif edib ki, inzibati nəzarətdən daha çox iqtisadi mexanizmlərdən istifadə etmək daha yaxşı olardı:

"Biz elə etməliyik ki, banklar ölkənin iqtisadi fəallığında və inkişafında yaxından iştirak edə bilsinlər. Ölkə iqtisadiyyatının geriləməsində bank sektorunun ciddi rolu olub, bu geriliyi aradan qaldırmaq və onların iqtisadiyyatın inkişafındakı rolunu artıqmaq üçün də ciddi qanunvericilik bazası yaradılmalıdır.  Hansı bank rəhbəri ilə qeyri-rəsmi şəraitdə söhbət edirsənsə, hamısı bank sektoruna şəraitin yaradılmamasından narazılıq edir. Deyirlər ki, bizə sərbəst əl-qol açmaq üçün imkan yaradılmır. Yüzlərlə arqument gətirirlər. Düzdür, bunların əksəriyyəti subyektiv fikirlərdir, ancaq biz qanunverici orqan olaraq elə şərait yaratmalıyıq ki,  onlar bizə hansısa irad tuta bilməsinlər. Banklara sərbəstlik vermək əvəzinə, biz inzibati nəzarəti sərləşdirə-sərtləşdirə gedirik. Bax, indi belə bir vəziyyət yaranıb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31