İyirmi doqquzuncu İran səfərnaməsi

İran İslam Cümhuriyyəti Mədəniyyət Mərkəzinin rəhbəri cənab dr. İbrahim İbrahimi mənə zəng etdi. Bildim ki, yenə hardasa tədbir keçiriləcək. Elə də oldu. Dedi ki, bu ayın 24-25-də İranın Yəzd şəhərində böyük bir Beynəlxalq Konfrans olacaq və Şahin Fazilin iştirak etməsi nəzərdə tutulur. Mənimlə daha kimlərin gedəcəyini soruşdum. Məlum oldu ki, akademik Vasim Məmmədəliyev və Azərbaycan Milli Akademiyası Şərqşünaslıq İnstitutunun “İran tarixi” şöbəsinin müdiri Vidadi Mustafayev də bu yığıncağa dəvət olunmuşlar.

Şahin Fazil

Tarix üzrə elmlər doktoru, professor,

"Məcməüş-şüəra" ədəbi məclisinin sədri

"Təyyarəyə Tehranda minib yəzdə yetişdim"

İran İslam Cümhuriyyəti Mədəniyyət Mərkəzinin rəhbəri cənab dr. İbrahim İbrahimi mənə zəng etdi. Bildim ki, yenə hardasa tədbir keçiriləcək. Elə də oldu. Dedi ki, bu ayın 24-25-də İranın Yəzd şəhərində böyük bir Beynəlxalq Konfrans olacaq və Şahin Fazilin iştirak etməsi nəzərdə tutulur. Mənimlə daha kimlərin gedəcəyini soruşdum. Məlum oldu ki, akademik Vasim Məmmədəliyev və Azərbaycan Milli Akademiyası Şərqşünaslıq İnstitutunun "İran tarixi" şöbəsinin müdiri Vidadi Mustafayev də bu yığıncağa dəvət olunmuşlar.

Pasportumu götürüb Mədəniyyət Mərkəzinə gəldim. Dr. İbrahimi məni həmişəki qonaqpərvərliyi ilə qarşıladı, çay və meyvə gətirildi, amma keyfi yox idi. Səbəbini soruşdum. Dedi ki, Vidadi Mustafayevin vacib işi olduğundan səninlə gedə bilməyəcək, hələ üstəlik Vasim Məmmədəliyevin də gedişi dəqiq deyil. Sən onların əvəzinə kimləri məsləhət görərdin. Yadıma dərhal Hacı Rafiq Şirvani düşdü. Çox səfərlərdə onunla birgə olmuşam. Yaxşı müsahib və yol yoldaşıdır. Tofiq Cahangirovu də məsləhət bildim. Dr. İbrahimi dedi ki, akademikin zəngini gözləyirəm, əgər o gedəsi olmasa Tofiq müəllimi yollayarıq. Dr. İbrahim dərhal telefonda Hacı Rafiqlə danışdı və hacı də dərhal razılığını bildirdi.

Evə qayıdıb hazırlıq görməyə başladım. Əlbəttə, şeir yazmağı da unutmadım:

Qəzəl

Yenə İran, yenə qarşımda səfər var, gedirəm,

Olmuşam çox o gözəl ölkədə, təkrar gedirəm.

**

Yeni tədbirdə təzə məruzə təqdim edərək

Hacı Rafiq olacaqdır mənə həmkar, gedirəm.

**

Vasimin çox işi var ki, çoxuna bəlli deyil,

Vasimin getməyi, heyfa, deyil aşkar, gedirəm.

**

Vasimin getməsi baş tutmasa Tofiq gedəcək,

Bilirəm etməyəcək təklifi inkar, gedirəm.

**

Qocaman Yəzd şəhərində, hələ ki, olmamışam,

Əvvəlinci səfərimdir ora, ey yar, gedirəm.

**

Yeni dostlarla görüş səbt olacaq dəftərdə,

Var ümidim ki, o torpağə  ümidvar gedirəm.

**

Bir səfərnamə də təkmil olacaqdır orada,

Şahinə dostluq olub daimi meyar, gedirəm.

22 may

Bu gün məlum oldu ki, Vasim Məmmədəliyev də Yəzd konfransına gedə bilməyəcək. Bu da məlum oldu ki, Yəzddən konfrans rəhbərliyi üç yox, iki nəfər azərbaycanlını dəvət edirlər: məni və Hacı Rafiqi. Müğənni Mirzə Babayev demişkən "əhvalımız yaman pozuldu".

Axşamüstü təyyarə biletlərimizi verdilər, Heydər Əliyev adına Beynəlxalq hava limanına gəldik, Bakı - Tehran reysi ilə Tehranın "İmam Xomeyni" aeroportuna çatdıq, gözləmə salonunda bizi gözləyənlər aqaye - Vəhid və aqeye - Pərviz tərəfindən qarşılandıq. Dedilər ki, çöldə maşınlar gözləyir, "Mehrabad" aeroportuna getməliyik. Bir saat yol getdik, çatdıq və bizimlə Yəzd şəhərinə uçası 5 ərəblə görüşdük. Sonra uçuş. Daha bir saatdan sonra artıq "Şəhid Səduqi" adına Yəzd Beynəlxalq Hava limanında qarşılandıq. Artıq ayın 23-ü oldu. Ayın yeni gününü göydə qarşıladıq.

Yəzd şəhəri: Səfərə cıxmazdan əvvəl bir neçə Ensiklopediya və izahlı lüğətlərə baxıb Yəzd tarixi haqqında müəyyən məlumat əldə etmişdim.

Azərbaycan Sovet Ensiklopediyası: "Yəzd - İranın mərkəzi hissəsində olan şəhər, yəzdin yaranması eradan əvvəl IV əsrə aid edilir. XIII əsrdə kiçik əmirlik mərkəzi, XIV əsrin əvvəllərində Müzəffərilər dövlətinin (1313 - 1393) paytaxtı olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində idi. İran tarixçisi Şərəfəddin Əli Yəzdi (XV əsr) və şair Məhəmməd Fərruxi Yəzdinin vətənidir. (Bax: ASE, V cild, B. 1981, səh.138)

Yəzd şəhərində qədin vaxtlarda zərdüştilər böyük nüfuz sahibləri olmuşlar. Zərdüşt qədim İranda "peyğəmbər" (sepitmə ailəsindən) olmuşdur. Bəzi tədqiqatçılar onun Azərvaycandan, bəziləri isə İranın şimal-şərqindən çıxdığını bildirirlər. Atası Purvəşp, anası Dəgdu olmuşdur. Zərdüşt Gəştasp dövründə yaşamış və bu padşah onun dinini qəbul etmişdir. Rəvayətə görə Ərcasp Turaninin Bəlxə ikinci həmləsi vaxtı Zərdüşt Kərəp adlı Turan xanədanından olan Bəratərkrəş adlı bir şəxs tərəfindən öldürülmüşdür.

Zərdüştilər atəşpərəst olmuşlar. Atəşpərəstlər bu gün də Zərdüşt dininə və ayininə sitayiş edirlər (Bax: Dr. Məhəmməd Moin, Fərhənge-farsi, I cild, h.1378, səh.29; V cild, səh.648).

Zənnimcə Yəzd kifayət qədər böyük şəhərdir və yaşıllığı coxdur. Mən heç də belə təsəvvür etmirdim. Bizi müşayiət edənlərlə "Dad" adlı meymanxanaya gəldik. Gözəl oteldir. Girişində bir adamın büstü var. Kim olduğunu soruşdum, dedilər ki, Hacı Məhəmməd Həsən Dadın büstüdür və  bu yaraşıqlı, geniş binanı o inşa etdirmişdir.

Bu gün istirahət edirik. Yol yorğunçuluğu, iki təyyarə uçuşu, bir hava limanından başqasına çatana qədər saatlarla gözləmələr, qarşılanmalar və yola salınmalar.

Hacı Rafiqlə ayrı-ayrı otaqlardayıq. Yüksək səliqə və səhman. Bir qədər dincəldim. Sabahkı konfransın mövzusu məni düşündürdü: Sülh və hərb. İslam dünyası və strateji münasibətlər.

Mövzunun olduqca aktuallığı mənim yeni şeirimin yaranmasını gerçəkləşdirdi, az vaxt içərisində yeddi beytdən ibarət qəzəl yarandı:

Qəzəl

Kaş qulağa yetməsin top və tüfəngin səsi,

Aləmi dəng etməsin bir daha cəngin səsi.

**

Cəngə rəvac verməsin div-o savaş kabusu,

Gəlməyə birdəfəlik kaş o nəhəngin səsi.

**

Kaş pələnglər qızıb bir-birini məhv edə,

Ceyranı qorxutmaya bir də pələngin səsi.

**

Zəng səsi məktəblini səsləyə qoy məktəbə,

Səsləməyə davaya heç kəsi zəngin səsi.

**

Qoy çağıra Leylini Qeys bulaq üstünə,

Qoy yetə eşq əhlinə yetsə səhəngin səsi.

**

Aləmə Sədi gərək, yoxsa ki, Teymurləng?

Ləngiməyə söz səsi, ləngiyə ləngin səsi.

**

Xətm elə təkid ilə sözlərini, Şahina,

Aləmi dəng etməsin bir daha cəngin səsi.

Yəzd şəhəri

"Dad" oteli

23.05.2016

Qəzəli yerləşdiyi otaqa gedib Hacı Rafiqə oxudum. Bəyəndi, amma bir beytlə razılaşmadı, "Kaş pələnglər qızıb bir-birini məhv edə" misrasının təhlilinə keçdi, pələngin cəsarət rəmzi olduğunu bildirdi. Bəlkə də haqlıdır. Amma pələngin cənginə keçən ceyranı da unutmaq olmaz axı...

24 may

Sübh saat 9-da Yəzd şəhərinin mərkəzində yerləşən Otellər Mərkəzinin Xəyyam salonunda konfransın (forumun) açılış mərasimi başlandı. Qeyd etməliyəm ki, bu Beynəlxalq Konfransın toplandığı 7-ci forumda onlarla ölkədən yüzlərlə məruzəçi iştirak edir. Proqrama göz yetirirəm: İran, Livan, Tunis, İraq, İordaniya, Küveyt, Türkiyə, Albaniya, Malayziya, Azərbaycan, Əlcəzair, Əfqanıstan, Qatar, Pakistan, Marokko, Fransa, Bosniya, Banqladeş, Qazaxıstan, Avstraliya, Yaponiya, Benin, Madaqaskar, Sudan, Hindistan, İspaniya və s.

Səhnəyə baxıram: İri hərflərlə fars dilində yazılıb: "İslam dünyasının Yeddinci Konfransı: Strateji münasibətlər, dəyərlər, təsisatlar və məşhur şəxsiyyətlər".

Yəzd şəhəri - 1395-ci il, 4-5 xordad

2016-cı il, 24-25 may

Salondakı bütün yerlər artıq tutulmuşdur. Müxtəlif televiziya studiyalarının onlarla jurnalisti, operatoru, fotoqraflar...

Çıxışlar. Proqramda onların adları belə sıralanmışdır: Mustafa Zəhrani - Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun baş dirüktoru; H.E.Mirməhəmmədi - Yəzd vilayətinin (ostanının) valisi; Səfir Murat Bilhan - Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin vitse-prezidendi; Ayətullah Naseri - Yəzd İmamcüməsi; Seyid Əli Məhəmməd Musəvi - "Səkkiz ölkə Birliyi"nin Baş Katibi; Şeyx Məhəmməd Səduqi - Səduqi Fondunun sədri; Ayətullah Mohəqqiq Damad - Şəhid Behişti Universitetinin professoru.

Bu günki toplanışın əvvəli İnformasiya və Strateji əlaqələrə həsr olunub. Yəzd vilayətinin imamcüməsi olan Ayətullah Naserinin çıxışından: "Mən üç mövzu xüsusunda danışmaq istəyirəm: Hərbə yol verməməli, səbirli olmalı, dost və düşmənləri tanımalı. Bəzi islam ölkələri çox təəssüf ki, İsrail ilə əməkdaşlıq edirlər.  Zülmün ayaq və əllərini qırmalı. Birlik və qardaşlıq zəruzəti. Ey müsəlmanlar, özünüzü tanıyın və dünyaya tanıdın. Əgər müsəlmanlar arasında cəng olarsa, islam birliyi pozular. İslam ölkələrini bir-birindən ayırmaq istəyən qüvvələr var. Fələstində, Liviyada, Əfqanıstanda, Suriyada, İraqda faciələr yaşanır. Bəs bu vəziyyətdən necə qurtulmaq olar: Yalnız birlik yolu ilə!".

"Səkkiz ölkə Birliyi"nin Baş Katibi Seyid Əli Məhəmməd Musəvinin çıxışından: "Bu konfransda səslənən fikirlər olduqca qiymətlidir...Bütün dünyada internet erasına yol açılmışdır. Eks Prezidentimiz cənab Xatəmi Yəzddəndir...İranın beynəlxalq münasibətləri 2001-ci ildən başlayaraq daha da genişləndi. Şəhid Səbuqi ölkəmizə böyük xidmətlər etmişdir. Nəcməddin Ərbakan "D-8"-i, yəni "Səkkiz ölkə Birliyi"ni yaradanların biri idi. Prezident dr. Həsən Ruhani "D-8"-in bu ilki iclasının İranda keçirilməsini planlaşdırmışdır".

Xitabət kürsüsünə Mövləvi Əbdülhəmid dəvət olundu. Onun çıxışından: "İslam dini barış dini, qardaşlıq dini deməkdir. Bu dində yumşaqlıq və təhəmmül də var. Bu dində məcburiyyət yoxdur, yəni başqa dindən olanlar da bizə qoşula bilər. İslam dini cənab Allah-təalanın rəhmətlərindəndir. İslamın içərisində hətta özünü yalandan cihadçı adlandıran adamlar var... Şiəlik və sünnilik ən böyük məzhəblərdəndir. Onlar qardaş kimi birləşməlidir. Onlar "mən şiəyəm", "sən sünnisən" deməyib "mən müsəlmanam" deməlidirlər...İslam dininin liderləri müsəlmanlar arasında baş verən təxribatları aradan qaldırmalıdırlar...Qoy atəş İslam aləmindən uzaq olsun inşallah!".

Növbəti çıxış Şəhid Behişti Universitetinin professoru, hüquq elmi üzrə ustad Mühəqqiq Damadındır. Professor İsrail siyasətçilərini tənqid atəşinə tutdu, terrorçuları və terroru dəstəkləyənləri lənətlədi. "Özlərini partladan və intihar edən insanlara müsəlman demək olmaz. "İşİd" və "Boko Haram"çılar özlərinə qul yığıb qul satırlar. Ey intiharçı, niyə özünü partladırsan? Sənə bu hökmü hansı Allah verdi?.. Nurdan qaranlığa yox, qaranlıqdan nura doğru getmək lazımdır...Yəzd qədim şəhərdir, həyat şəhəridir, qardaşlıq şəhəridir" söyləyən ustad M.Damad xeyli alqışlandı.

Açılış mərasimi bitdi, plenar iclas başlandı. Mövzu "İnteqrasiya və Strateji əlaqələr"dir. Aparıcı Murat Bilhandır. Çıxışlar: Ədnan Mənsur - Livan, Xarici İşlər Nazirliyinin əməkdaşı; Məhəmməd Adil - Tunis, Strateji Araşdırmalar İnstitutu; Əli Yunisi - İran, Etnik və dini azlıqlar üzrə müşavir; Hoccətülislam və-l müslimin Müizziddin - İran, Dini Seminariyanın mühazirəçisi; Əbdüləmir əl-Əsədi - İraq, Universitet professoru; İmen Xəlil - İordaniya, Universitet professoru.

Ədnan Mənsur Livandakı vəziyyətdən və oradakı islam qruplaşmalarından, Məhəmməd Adil isə Tunisdə fəaliyyət göstərən terrorist qruplardan ərəb dilində  bəhs etdilər. M.Adil terrorçu dəstələrin yaranmasında Livan din xadimlərinin də günahı olduğunu bildirdi: "Dindarlar özləri ilə terrorist qruplar arasında divar çəkdilər, lakin belə olmamalı və biz çalışıb onları öz tərəfimizə çəkməliydik".

Aqaye - Müizzidin: "İslam sözü "salam" və sülh sözlərini ifadə edir. İslam dini bütün dünyanı islam dininə çağırır, amma bu məsələdə zor olmamalıdır".

15-20 dəqiqəlik tənəffüs. Şirniyyat, çay və kofe. Miz arxasında tanışlıq. Mən də bir neçə nəfərlə tanış oldum: Kəmalə Qəhrəmanova - pedaqogika üzrə fəlsəfə doktoru. Türkiyədə, Trabzon Universitetində müəllim işləyir. İşindən cox razıdır.

Kristina Juan Karrion. İspaniyadan gəlib Bakıda Strateji Araşdırmalar Mərkəzində çalışır. Azərbaycandan çox razılıq edir. Vüqar Bayramovu çox təriflədi.

Saat 12. İslasın davamı. Əvvəlki mövzunun ardı. Aparıcı Miryusifidir.

Çıxışçılar: Əbdürrza Əssiri - Küveyt Universitetinin Sosial Elmlər Fakultəsinin dekanı; Bürhan Baltaçı - Türkiyə, Kastamonu Universiteti; Şəban Murayti - Albaniya, İslami Fikir və Sivilizasiya İnstitutu; Zalehə Qəməruddin - Malaziya, Beynəlxalq İslam Universitetinin rektoru; Doğan Bekin - Türkiyə, Ərbakan Fondu; Rafiq Əliyev - Azərbaycan "Say" qəzetinin Baş redaktoru; Məhəmməd Cavad Turmi - İraq, Universitet professoru.

Zalehə Qəməruddin dedi: "Biz Malayziyada 10 min qadının iştirak edəcəyi bir konfrans keçirmək fikrindəyik. İran və Türkiyə qadınları ilə Malaziya qadınları arasında fərq çoxdur, amma onların hamısı müsəlmanlardır. Cəmiyyətdə qadınların rolunu və dəyərini yüksəltmək lazımdır. Biz feminist olmağı bacarmalıyıq".

Qeyd edim ki, mənim feminizm nəzəriyyəsi haqqında məlumatım vardır. Bu ilin fevral ayında Almaniyadan Bakıya Berlində 2003-cü ildən bəri fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Qran Pri, Qızıl Qələm və s. mükafatların laureatı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Nuridə Atəşi təşrif gətirmişdi. Mən onun kitabında oxudum: "Qadınlar bütün tarix boyu dörd bir tərəfdən sıxılmış, əzilmişlər. Əzilmişliyə qarşı çıxanların, mübarizə aparanların taleyi acınacaqlı, dəhşətli olmuşdur. Onlar ya damğalanmış, ya ləkələnmiş, ya da məhv edilmişlər. Məhz bu dirənişin, bu mübarizənin adı feminizmdir". (Bax: Nuridə Atəşi. Gəl günaha bataq, Bakı, 2006, səh.269)

ASE-yə baxıram: "Feminizm burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkat" (IX cild, Bakı, 1986, səh. 520).

Demək, feminizm bu gün üçün də lazımdır!

Keçək iclasın bu hissəsinin davamına. Ərbakan Fondunun nümayəndəsi Doğan Bekin Türkiyənin məşhur dini lideri Nəcməddin Ərbakani çox təriflədi, İsraili tənqidə məruz qoydu, Pentaqonu İsraili himayədarlıqda təqsirləndirdi, super qüvvələri, əsasən Amerikanı və başqa qərb dövlətlərini günahkar bildi.

Hacı Rafiq Əliyev mövzu ilə bağlı danışdı, amma o, öz məruzəsini mənə vermədiyi üçün onun çıxışını bu səfərnamə daxil edə bilmədim.

Dr. Məhəmməd Cavad Turmi (İraq), Mövlana Əbdülhəmid İsmail Zehi (İran), Hadi Süleymanpur (İran), Əbdülqadir Benqrina (Əlcəzair), Davud Muradyan (Əfqanıstan) və Osman Nuri Kucukdan (Türkiyə) sonra söz mənə verildi.

Çıxışımdan (fars dilində) bəzi cümlələr:

"...Konfrans mühüm bir mövzuya həsr olunmuşdur. Strateji münasibətlərin hərtərəfli araşdırılması, əlbəttə, bu gün olduqca aktual məsələdir. Hazırda dünyanın müxtəlif yerlərində geniş və davamlı əməliyyatlar getməkdədir. Çox təəssüf ki, onlar əsasən Yaxın Şərq ölkələrində aparılır. Nə istəyirlər həmin qanlı əməliyyatları törədən qüvvələr? Nədir onların məqsədləri? Suriyada 5 ilə yaxındır ki, qırğın gedir, insanlar öldürülür, körpülər uçurulur, şəhərlər dağıdılır, kənd və qəsəbələr viran edilir. İraq da eləcə, Liviya da elə... Mən 13 il Əfqanıstanda yaşayıb işləmişəm. Orada olduğum illər ərzində hətta "taliban" sözü və "talibançılar" ifadəsi haqqında heç nə eşitmədim. Mən oradan qayıtdıqdan sonra talibançılar fəaliyyətə başlayıb hakimiyyəti ələ aldılar. Nəticədə bu günün özündə də Əfqanıstanda sülh yoxdur. Qarabağımız erməni işqalı altındadır və sülh yoxdur. Fələstində narahatçılıq davam etməkdədir və sülh yoxdur.. İran İslam Cümhuriyyəti həmişə Azərbaycana öz müsbət münasibətini bildirmiş,  Azərbaycan ərazilərinin bütövlüyünü və bölünməzliyini dəstəkləmişdir. İranın və Azərbaycanın ali rəhbərləri arasında müntəzəm görüşlər keçirilir.. Rədd olsun hərb! Yaşasın sülh! İndi isə sizə bu səfərimə başlayarkən yazdığım bu şeirimi təqdim edirəm".

Mən, əlbəttə çıxışımı fars dilində etdim, şeirimi öz dilimizdə oxumağa başlarkən professor Mühəqqiq Damad dedi:

Şeirinizi elə özünüz də lütfən fars dilinə tərcümə edin ki, hamı başa düşsün.

Mən Yəzddə yazdığım və bu məqaləmin əvv\lində nəzərə çatdırdığım birinci qəzəlimi ("Kaş qulağa yetməsin top və tüfəngin səsi...") azərbaycan dilində oxuyub tərcümə etdim.

Əfqanıstandan gəlmiş və orada Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışan dr. Davud Muradyan rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş bəhs etdi. Onun çıxışı vaxtı  "Yəzd televiziyasının bir jurnalisti, məndən müsahibə götürdü, Əfqanıstan haqqında bir neçə sual verdi.

Yenə 15 dəqiqəlik fasilə. Sonra yenə iclasımızın davamı. Xitabət kürsüsündə Fatimə Əl-Səmədi (Qətər), Mustafa Günəş (Türkiyə), Vaseq əl-Haşimi (İraq), Əbdülmənafi (Malaziya), Əbulhəsən Nəvvab (İran) və Mariya Sultan (Pakistan) biri-birini əvəz etdilər.

Axşam böyük gəzinti oldu. Köhnə Yəzd. Yəzdin bu yerini görüb Köhnə Bəlxi (Əfqanıstan) xatırladım. Köhnə Bəlxin kənarında Yeni Bəlx salınıb, Köhnə Bəlxdənsə yalnız monqolların yandırıb-yaxdıqları (XIII əsr) xarabalıq qalmaqdadır. İranın Köhnə Yəzdi isə abaddır və turistlərin gəldikləri məşhur İran məkanlarındandır. "Zendane-Sekəndər"ə baxırıq. 2800 il yaşı var Makedoniyalı İsgəndərin inşa etdirdiyi bu məşhur zindanın. Namazgah (700 il bundan əvvəl tikilib). Zorxana. Fəhhadan sarayı. Qara çadır (Siyahçadər). Çadırda qadınlar, qızlar əyləşiblər. Rəqslər. Musiqiçilərin çıxışları...

Şam yeməyi. Gecə saat 12-də "Dad"a qayıtdıq.

25 may

Sübh tezdən bir qəzəl və bir qit,ə yazdım.

Qəzəl

Daim qoruyaq sevgili canan kimi sülhü,

Hifz eyləməli ruh kimi, can kimi sülhü.

**

Hər saniyə həzz almalı sülhün gəlinindən,

Pişvaz eləyək əsl müsəlman kimi sülhü.

**

Heyranı olaq sidq ürəkdən o nigarın,

Seyr eyləməyək sadəcə heyran kimi sülhü.

**

Versin səsimə səs sevinib sülhü sevənlər,

Təqdim eləyək dərdlərə dərman kimi sülhü.

**

Hərb atəşini ram eləmək baş tutacaqmı?

İmkan olacaqmı qoruyaq can kimi, sülhü?

**

Qiymətli olar sülh əgər sevsə hər insan

Almaz kimi, yaqut kimi, mərcan kimi sülhü.

**

İranə məni dəvət ediblər neçə gündür,

Vardırmı duyan Bakı və Tehran kimi, sülhü?

**

Dünyayə bəyan eyləyirik Yəzd şəhərindən,

Sülh-huri bizə, sevməli qılman kimi, sülhü.

**

Görmək bizə, ey Tanrı, müyəssər olacaqmı,

Yer Kürrəsinə daimi mehman kimi, sülhü?

**

Bağdad neçin İrana basqın eləmişdi?

Gördük o zaman xeyli pərişan kimi, sülhü.

**

Qoymuş Qarabağ mülkünü düşmən ayaq altda,

Var çünki pozan çin kimi, şeytan kimi, sülhü.

**

Yarəb, nə zaman yerdə bəla olmayacaqdır?

İnsan sevəcəkmi əsl insan kimi, sülhü?

**

Var əhd ilə peymanı pozanlar olub əğyar,

Ləğv etməməli əhd ilə peyman kimi sülhü.

**

İranə hücum olmasa, İran hücum etməz,

Şahin, qoruya kaş hamı İran kimi, sülhü.

Qit,ə

Təyyarəyə Tehranda minib Yəzdə yetişdim,

Yəzd tarixi - vardır neçə tarixi əsərdə.

**

Onlarla diyardan gələn alimləri gördüm,

Hər tazə tanışlıq yaşayır xatirələrdə.

**

Axşam tərəfi gəzməyə çıxdıq qoca yurdu,

Ətrafı da pakizə idi, pakdı səhər də.

**

Yəzdin nə qədər xoşlamalı yerləri varmış -

Canlandı təsəvvürdə və həkk oldu nəzərdə.

**

Baft olmuş adı tarixi Yəzdin neçə müddət,

Qoy qalmaya gerçəklik üzündə neçə pərdə.

**

"Zendane-Sekəndər" ilə "Fəhhad sarayı"...

Gördüm özümü sanki o Baft adlı şəhərdə.

**

Gülzarı da vardır, adı "Gülzare - şəhidan",

Burda uyumaq qismət olubdur neçə mərdə.

**

İllər boyu mən çox yeri gördüm alaq içrə,

Amma, görürəm indi gülüstanı bu yerdə.

**

Etdik Hacı Rafiq ilə İranı ziyarət,

Olduq neçə yol Rəşt ilə, Qəzvin və Əhərdə.

**

Heyran eləmişdi bizi Tehran ilə Təbriz,

İndi bizi Yəzd eylədi heyran bu səfərdə.

Şeirləri bitirdim və varaqlardan dəftərə köçürdüm. Hacı Rafiq isə, əvvəlki səfərlərdə olduğu kimi, hələ də yuxu bişirirdi. Nəticədə iclasa gecikdik. Oteldən zəng etdilər və arxamızca maşın göndərdilər.

İclas zalındayıq. Ayətullah Müdərrisi xitabət kürsüsündədir. O, imam Xomeyninin və ağaye - Xameneyinin keçdikləri şərafətli yolu qeyd etdi və "onların yazdıqları əsərləri və çıxışlarını hər gün oxumaq və dəyərləndirmək lazımdır" geyərək alqışlarla çıxışını bitirdi.

Bu dəfə söz İraqın İrandakı səfirinindir. Onun çıxışından: "Təəssüf ki, İraqda terroru artırmaqda və vəziyyəti gərginləşdirmək istəyirlər. "İşİd" bütün bölgədə nifaq yaratmaq və ölüm amacı ilə meydan sulayır. İran İslıam Cümhuriyyəti xaricdən ölkəmizə hər hansı bir müdaxiləni qəbul etmir. "İşİd"çilər Suriyada olduğu kimi İraqı da parça-parça etmək istəyirlər.. İran və Səudiyyə Ərəbistanı arasında gərginlik davam edir və bu gərginliyin baiskarları xarici qüvvələrdir... İsrail rejimi təcavüz yolu tutan sionist rejimdir. İslam ölkələri heç bir dövlətə təcavüz etmədiyinə baxmayaraq basqınlara məruz qalırlar...Düşmənlərimiz bizim qüvvətlənəcəyimizdən və birliyimizdən qorxurlar".

Səfərdən sonra həmyerlimiz dosent dr. Kəmalə Qəhrəmanova çıxış etdi. O, buraya Türkiyə nümayəndə heyətinin üzvü kimi gəlməsinə baxmayaraq "Mən bu konfransa Azərbaycandan qatılıram" deyərək alqışımıza səbəb oldu. Onun çıxışından: "İslam əxlaqını hər zaman dəyərləndirmək gərəkdir. Qurani-Kərim ümumiyyətlə islami dəyərlər kitabıdır...." K.Qəhrəmanova danışdıqca ekranda mövzu ilə bağlı slayd - şəkillər göstərilir, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin bəzi məqamları nümayiş etdirilir, erməni işğalı altında qalan torpaqlarımız əyani olaraq konfrans iştirakçılarının nəzərinə yetirilirdi. Mərizəçi Ağdam və Şuşadakı came məscidlərimizin hazırkı dağıdılmış foto-şəkillərini və Bakıdakı erməni kilsəsinin fotosunu göstərdiyi vaxt mən salonda oturanların təəccübünü və heyrətini müşahidə etməkdəydim. Bu çıxış böyük alqışlarla bitdi və Türkiyədən gəlmiş Seyfulla Qorxmaz sözünə Məhəmməd Fatehdən başlayıb, Turqut Özalın tərifinə keçdi, islam dininin başqa dinlərdən üstünlüyünü xüsusi vurğuladı, "İslam ölkələri biri-birinə dəstək olmalıdırlar, məsələn Türkiyə və İran kimi" - dedi, Suriyada, İraqda və Yəməndə öldürülənlər də "Allahu-əkbər" deyir, ölənlər də, bu necə islamdır?" sualını verməklə çıxışını yekunlaşdırdı.

Növbəti çıxıışçı Əfqanıstan nümayəndəsi Xəlilürrəhman Ənari oldu. O, ölkəsinin Xarici İşlər Nazirliyinin məsul işçilərindəndir və təbii ki, Əfqanıstandakı siyasi durumdan və islamın oradakı vəziyyətindən bəhs etdi.

15 dəqiqəlik növbəti fasilə. Mənim Əfqanıstan və əfqanlara olan olduqca isti münasibətim bir neçə səfərnamələrimdə öz əksini tapmışdı. Torpağında 13 il yaşayıb-işlədiyim o "əfsanələr və dağlar diyarının" nümayəndələri ilə səmimanə söhbətləşdik.

Fasilədən sonrakı ilk çıxış Ukraynadan gələn professor Cemal Nayeroviçin çıxışı oldu. Çıxışçı Ukrayna dilində danışırdı. Əlbəttə, Rusiya əleyhinə Ukraynapərəst mövqe. Krımın işğalı. Bu məsələdə Barak Obamanın mövqeyinin tənqid olunmasını qətiyyətlə bildirim C.Nayeroviç Krım məsələsində Putinlə Obamanın mövqelərinin uzlaşdığını bildirərək, Obamanın Misirdə yalnız "salam" sözünü müsəlmanlara ərəbcə dediyini, lakin onun Misir haqqında şablon ifadələrdən başqa heç nə demədiyini bildirdi. O, habelə İranın Xarici Xarici İşlər Naziri cənab Zərifi"sülh səfiri" kimi təbrik etdi. Məhəmməd peyğəmbərin "gerçək dost-dostunun olmadığı yerdə onu dəstəkləyəndir" hədisini misal gətirdi.

Söz Banqladeş nümayəndəsi dr. Ömər Faruqundur: "Banqladeşdə dini terrorizm başlamaqdadır. Terrorçuların məqsədləri islam ölkələrində siyasi vəziyyəti qarışdırmaqdır..Bizim ölkəmizdə 90 faiz müsəlman, 10 faiz buddist, xristian və hindi yaşayır.. Aramızda heç bir gərginlik və savaş yoxdur. Məqsədimiz terrorizmə qarşı sərt müqavimət göstərməkdir.. Banqladeşdə islam dini olduqca önərlidir..İslam barış və hüzur dinidir...".

Xitabət kürsüsündə onun yerini İranın Vyetnamdakı səfiri tutdu. Onun hazırda yüksək diplomatik vəzifə tutmasına baxmayaraq, çıxışını əsasən Mövlana Cəlalədin Ruminin, Şəms Təbrizinin, Əllamə İqbal Lahurinin və Əbdürrəhman Caminin fikirlərinə həsr etdi, Rumi və Şəms Təbrizi arasındakı dostluğu xüsusi vurğuladı, movlananın Şəmsi özünün Allahı bildiyini söyləyərək onun öz sevimli tələbəsinə "Ey Günəşim, ey Allahım" ("Şəmse-mən-o Xodaye-mən") deyə müraciət etdiyini, bir şeirində

"Xacə demə ki, mən mənəm,

Mən nə mənəm, nə mən mənəm"

kimi sufiyanə fikir işlətdiyini söylədi.

(Beytin farscası:

"Xacə məgu ke, mən mənəm,

Mən nə mənəm, nə mən mənəm")

Səfir çıxışının sonunda islam dinindən də bəhs etdi və belə dedi: "Qoy islam ölkələri adda - budda yox, bir ağızdan islamın məziyyətləri haqqında danışsınlar, öz sazlarını əlahiddə dilləndirməyərək, onları böyük bir orkestr şəklində avaza gətirsinlər".

Hacı Rafiq səfirin son sözlərini, görünür ki, düzgün başa düşməyərək, öz etirazını bildirmək üçün söz demək istədisə də, təbii ki, konfransın nəzarətçisi tərəfindən ona danışmaq imkanı verilmədi, səhnə arxasında səfirlə bizi görüşdürdülər, "anlaşılmazlıq" aradan qaldırıldı.

Zala qayıtdıq. Əlcəzair Universitetinin professoru Mustafa əl - Qəsri nitq etməkdə idi: "Çox yerlərdə müsəlman qanı axıdılır...Qərbin oyunlarıdır. Baş verən müdhiş olaylar İsrailin, Amerikanın və İngiltərənin istəyi ilə baş verir. 300 ildir ki, Qərb islama qarşı belə siyasət yürütməkdədir".

Professordan sonrakı çıxışçı isə Benin respublikasının naziri Nassir Bako-Arifaridir. "Mənim ölkəm ərazi cəhətincə Nigeriya ilə yaxın olsa da, o ölkəyə oxşamır... İslam olduqca önəmli bir dindir. "Boko-Haram" isə haram işlərlə məşğul olmaqdadır..Nigeriya dünyaya yeni islam dini gətirmək istəyən bir ölkədir. Bu, əlbəttə, qəbulolunmaz bir cəhddir. Buna görə də Nigeriyada və Malidə çoxlu müsəlman qətlə yetirilir. Onlar islamı bomba kimi partlatmaq istəyirlər... "Salam" sözü "savaş" sözündən üstündür və dünyada daha çox yayılmışdır!".

İclas vaxtı aparıcı belə bir elan verdi: "Dad" otelində yaşayan müsafirləri maşın gözləyir, gedib yaşadıqları mənzilləri təhvil versinlər, onlara başqa oteldə yer veriləcəkdir.

"Dad"a yollanırıq. Yolda Hacı Rafiq yanında əyləşdiyi gözəl-göyçək Pakistanlı xanım Mariyaya (Mariya Sultan!) pərəstiş etdiyini bildirdi. Əfqan Davud Muradyan dərhal bu fikrə öz fikrini izhar etdi:

Sən indiyədək Allahpərəst idin, indisə şeytanpərəst oldun.

Hacı Rafiq söz altında qalan adam deyil, o da fikrə öz fikrini bildirdi:

Əgər Mariya xanım atəş olsaydı, mən dərhal dönüb atəşpərəst olardım.

Maşında bərk gülüşmə...

Beləliklə, deyə-gülə "Dad"a qayıtdıq, əşyalarımızı götürüb "Parsiyane-səfaiyyə" adlanan yeni otelə gəldik. Demək, sırağa gün "Dad", bu gün və sabah "Parsiyane - Səfaiyyə". Yerləşdikdən sonra yenidən Otellər Mərkəzinin Xəyyam salonuna qayıtdıq.

Konfransın qapanış mərasimi.

"Bəyaniyyə" oxunuşundan sonra "Restoran Yəzd"də böyük ziyafət verildi.

Qeyd etmək istərdim ki, iki gün davam edən Beynəlxalq 7-ci Forumun işində yüz nəfərədək çıxışçı iştirak etdi, çoxsaylı məruzə oxundu, lakin mən hər çıxışı dinləyə bilmədim: tez-tez mühasibəyə dəvət olunur, jurnalistlərin suallarına cavab verməli olurdum.

26.05.2016

Bu gün sərbəst günümüzdür. Bir qədər şəhər gəzintisinə çıxdıq. Hava çox isti idi. Qayıdıb otelə gəldik. Vətənimdən ötrü cox darıxmışdım. Cavan yaşlarımda illərdə qürbətdə yaşamış, iki ildən, üç ildən bir vətənə qayıdıb yenə qürbətə üz tutmuşdum. Yaş özünü göstərməkdədir, artıq qürbət ellərdə çox qala bilmirəm. Bir dördlük yazdım.

Bülbülə varmı yer çəməndən üstün,

Qızılgüldən üstün, süsəndən üstün?

Şahin, uçub qayıt doğma vətənə,

Qürbət ola bilməz vətəndən üstün.

Sabah qayıdırıq.

27.05.2016

Təyyarə meydanından təyyarə meydanına uçduq. Üçüncü təyyarə meydanına (bakı) çatmağımıza bir neçə saat qalırdı. Tehranda qarşıladılar və orada da yola saldılar.

Tehran - Bakı reysi. Biz Bakıya çatanda sübh ağarırdı. Günün, gündüzün ağ olsun, Bakı!

Bakı - Tehran - Yəzd - Tehran - Bakı

22 - 27 may 2016  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31