İmişli Rayon Məhkəməsinin yeni binası istifadəyə verilib
İmişli rayonunda dövlət büdcəsi hesabına müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub.
30 Mart 2017 12:32 Sosialİmişli rayonunda dövlət büdcəsi hesabına müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.300 m2, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar quraşdırılıb. Burada həmçinin, konfrans və iclas zalları, təlim otağı, kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq İmişli Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidentinin ötən ay imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq məhkəmələrin üzərinə bununla bağlı mühüm vəzifələrin düşdüyü bildirilib, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılaraq, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi vurğulanıb. Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi, qərəzli yanaşmanın, korrupsiyanın yolverilməzliyi qeyd edilib. Nazir İmişli Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.