İngilis dili müəllimləri Londonda səfərdə olublar
Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar.
29 Mart 2017 16:02 SosialTəhsil Nazirliyi və "British Council" təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən "İcmalar üçün ingilis dili" layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, "British Council" təşkilatının layihə meneceri Flora Poladova, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 10 ingilis dili müəllimi iştirak edib. Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır. Müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb. Təlimin sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə qiymətləndirilib və müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar verilib.