Bazarlarda süni qiymət artımı davam edir

Hər bayram, yaxud ənənəvi günlər ərəfəsində ölkədə qiymət artımına adət etmişik. Elə Novruz bayramı öncəsi də bunun bir daha şahidi olduq. Təxminən yarım ay əvvəl Azərbaycanda bütün ərzaq və qeyri-ərzaq mallarının bahalaşmasına start verildi.

Rəsmi qurumların  nəzarəti yox dərəcəsindədir

Hər bayram, yaxud ənənəvi günlər ərəfəsində ölkədə qiymət artımına adət etmişik. Elə Novruz bayramı öncəsi də bunun bir daha şahidi olduq. Təxminən yarım ay əvvəl Azərbaycanda bütün ərzaq və qeyri-ərzaq mallarının bahalaşmasına start verildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşmışdır. Cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0 faiz bahalaşmışdır. Məsələ orasındadır ki, nə qədər qəribə olsa da bu bahalaşma bayramdan sonra da davam etməkdədir. Şübhəsiz ki, əhali əlindəki pulunu bayram sovqatlarına xərclədiyindən alıcılıq qabiliyyəti aşağı düşüb. Satıcılar özləri də bazarda alış-verişin zəif olduğunu etiraf edirlər. Bu isə birbaşa istehlak mallarına tələbatın azalmasına dəlalət edir. Lakin bütün sadalananlara baxmayaraq hazırda ölkənin ticarət şəbəkələrində qiymətlər durmadan artır. Məsələn, bayram ərəfəsində yumurta 10-14 qəpiyə satılırdısa, indi 15-20 qəpiyə təklif olunur. Eləcə də 3,50 manata satılan toyuq əti indi satışa 3,95 manata çıxarılıb. Ətin qiyməti isə 12 manata çatıb. Araşdırmalar zamanı bəlli oldu ki, bayramdan sonra əksər ərzaq məhsullarının qiymətində bahalaşma baş verib. Maraqlıdır, ölkədə həyata keçirilən iqtisadi islahatlar mal və xidmətlərin qiymətinin aşağı düşməsinə hədəfləndiyi bir anda bu bahalaşma hansı əsaslarla baş verir?  Əvvala onu qeyd edək ki, ekspertlər hesab edirlər ki, Azərbaycanda baş verən bahalaşma heç bir iqitidsadi qanuna əsaslanmır. Nəzərə almaq lazımdır ki, bazarda tələb kifayəq qədər aşağı düşüb, paralel olaraq dolların məzənnəsi enib. Deməli, həm yerli istehsal, həm də ixrac məhsulların maya dəyərində fərq qeydə alınıb. Belə halda mal və xidmətlərin qiymətinin hansı səbəbdən artması ciddi düşünməyə əsas verir. Birmənalı şəkildə qeyd etmək olar ki, baş verən qiymət artımı "işbazların" diktəsi ilə reallaşır. Bu işdə müvafiq dövlət nəzarət qurumları da onlara yardımçı olur. Yəni, aidiyyatı dövlət orqanlarının üzərlərinə düşən vəzifəyə biganə yanaşmanın nəticəsidir ki, qiymətləri bazar tənzimləməli olduğu halda, sahibkarlar diktə edirlər. Bu isə o deməkdir ki, ölkədə liberal bazar iqtisadiyyatının qanunları işlək vəziyyətdə deyil. Söhbət rəsmi cavabdeh qurumların sahibkarları sıxışdırmasından deyil, sadəcə nəzarət funksiyalarını vicdanla yerinə yetirməsindən gedir. Çox təəssüf ki, bizim rəsmi orqanlar qanunla onlara verilmiş səlahiyyətlərdən çıxış edərək bazara nəzarət etmək əvəzinə, dövlət başçısının məsələyə müdaxiləsini gözləyirlər. Məyər, prezident bu qurumların əvəzinə bazarlarda monitorinq aparmalı, qiymət artımının səbələrini təhlil etməlidir? Dövlət başçısı qiymətlərin sabirt saxlanması, infilyasiyanın birrəqəmli həddə endirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Qalır icra strukturları tərəfindən həmin tapşırıqların layiqincə yerinə yetirilməsi. Lakin hazırki vəziyyət deməyə əsas verir ki, nəzarət orqanları öz hərəkətsizlikləri ilə ölkədə sinii şəkildə qiymət artımına rəvac vermiş olurlar. Onu da qeyd edək ki, respublikada fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkaları da qiymətlərin əlçatan olmasına şərait yarada bilmədi. Bu məkanlarda bəzi məhsulların qiyməti hətta adi bazarlardan bahadır. Əhaliyə təklif edilən ucuz kənd təsərrüfatı və ət məhsulları isə tamamilə istifadəyə yarasızdır. Maraqlı məqam ondan ibarətdir ki, yarmarkalarda satılan keyfiyyətsiz qoyun ətinin bəzilərinin üzərində satışa icazə verən möhür də var. İstehlak bazarında olan məhsulların keyfiyyətinə  nəzarət demək olar ki, yoz dərəcəsindədir. Acınacaqlı haldır ki, gündəlik tələbata daxil olmayan banan bayram ərəfəsində 2,80 qəpiyə satılırdısa, indi onun qiyməti 3 manatı keçib. Çox təəssüf ki, kənd təsərrüfatı və iqtisadiyyat nazirliklərinin nümayəndələri  baş verən bahaçılığın qarşısını almaq əvəzinə, efirlərdən insanların gözünə baxa-baxa guya yarmarkalardakı qiymətlərin digər bazarlardan 25-30 faiz aşağı olması barədə yalan  söyləyirlər. Fakt isə ondan ibarətdir ki, Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.  "Yaşıl bazar" və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı bir həftədən artıqdır ki,  başlayıb. Belə ki, əvvəllər kq-ı 80 qəpiyə satılan kartof hazırda alıcılara 1 manata təklif edilir. Ekspertlərin fikrincə, hazırki şəraitdə Azərbaycanda qiymətlərin artması üçün heç bir iqtisadi əsas yoxdur. Qiymət artımı yalnız süni şəkildə baş verir ki, onun da əziyyətini sadə vətəndaşlar çəkmiş olur. Xüsusən, "işbazlar" xarici turistlərin ölkəyə axınından sui-istifadə edərək qiymət artımına rəvac verirlər.

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31