İcra strukturlarında maaşların az olması korrupsiyaya yol açır
Dünya ölkələrində iqtisadi geriləmələrin davam etdiyi bir məqamda Azərbaycanda sosial layihələrin davam etdirilməsi tədqirəlayiq haldır. Düzdür, bir sıra sahələrdə gəlirlərin azalması qeydə alınıb, ancaq bu, ümumilikdə ölkənin iqtisadi inkişaf dinamikasına ciddi təsir edə bilməyib.
28 Mart 2017 14:30 SosialDeputat: "Çünki həmin işçilər insanlarla birbaşa ünsiyyətdə olan şəxslərdir"
Dünya ölkələrində iqtisadi geriləmələrin davam etdiyi bir məqamda Azərbaycanda sosial layihələrin davam etdirilməsi tədqirəlayiq haldır. Düzdür, bir sıra sahələrdə gəlirlərin azalması qeydə alınıb, ancaq bu, ümumilikdə ölkənin iqtisadi inkişaf dinamikasına ciddi təsir edə bilməyib. Elə hökumətin illik hesabatında da iqtisadi geriləmələr konkret şəkildə əksini tapıb. Hesabatın təhlili deməyə əsas verir ki, ötən ildə istehsal sahələri, ümumdaxili məhsul və digər sahələr üzrə azalmalar olub.

Millət vəkili Elmira Axundova bildirib ki, bütün çətinliklərə rəğmən dövlət bir sıra layihələrini, xüsusən sosial layihələri dayandırmadı ki, bu da yaxşı haldır: "Bir çox vacib işlər həyata keçirildi. Ona görə də keçən dövr üçün hökumətin fəaliyyətini əsasən qənaətbəxş hesab etmək olar. Amma bununla yanaşı, iqtisadiyyatın bir sıra sahələrində xoşagəlməz hallar da qeydə alındı. Əvvəlcə onu qeyd edim ki, keçən illərdə bank sistemində xoşagəlməz proseslər getdiyi üçün banklara əhali tərəfindən inam xeyli dərəcədə azalıb. Qiymətli mütəxəssislər, yəni bağlanan bankların işçiləri işsiz qaldılar, kreditlər məsələsində əhali çox əziyyət çəkdi, insanlar öz problemləri və banklarla üz-üzə tək qaldı, bunun nəticəsində intihar edənlər də oldu.Əhali banklarda topladığı vəsaitləri banklardan kütləvi şəkildə geri götürdü. Son məlumatlara görə daha bir neçə bankın ləğv edilməsi və ya birləşdirilməsi prosesi gözlənilir. Mənə elə gəlir ki, bu çıxış yolu deyil. Bankların özündə hal-hazırda mövcud olan ən böyük neqativ hal kreditlərinin faizlərini 29-30 faizə qalxmasıdır. Təklif tələbi üstələyir, lakin heç bir sahibkar risk edib banklardan kredit götürmür. Buna görə təklif edərdim ki, banklarda kredit faizləri aşağı salınsın. Kredit borcların qaytarılmasında əhəliyə əməli köməklik göstərilsin. Çünki bu sahədə böyük bədbinlik var". Deputat bildirib ki, indi ən əsası Mərkəzi Bankın rəhbərliyi tərəfindən bu və digər neqativ halları aradan qaldırmaq üçün çox ciddi və düşünülmüş siyasətin aparılması, əhalinin banklara olan etimadının bərpa edilməsidir: "Prezidentimiz də öz çıxışında deyib ki, keçən il bizim iqtisadiyyatımıza ən çox ziyan gətirən bank sistemi olub. Ona görə bu sistemi düzəltmək kimi ağır məsuliyyət yenə də Mərkəzi Bankın rəhbərliyinə düşür. İndiki zamanda bu bəlkə də ən zəif yerimizdir". Elmira Axundova bildirib ki, ölkədə maliyyə böhranı olmasına baxmayaraq digər məsələ əhalinin bəzi təbəqələrinin maaşları ilə bağlıdır: "Bildiyiniz kimi hal-hazırda hökumət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Keçən illər ərzində hüquq mühafizə orqanı işçilərinin, hakim, prokurorluq və polis əməkdaşlarının əmək haqları əhəmiyyətli dərəcədə artırıldı. Bu tədbirlər həmin orqanlarda rüşvətxorluq və korrupsiya faktını xeyli dərəcədə azaltdı. Lakin bir sıra dövlət qulluqçularının, əsasən aşağı pillələrdə işləyənlərin, həmçinin rayon ərazi nümayəndəliklərində və rayon icra hakimiyyətlərində çalışanların maaşları çox aşağıdır - 190-300 manat arasında. Əlbəttə, bu məbləğ bir tərəfdən onların gündəlik tələbatını ödəmək iqtidarında deyil, digər tərəfdən də korrupsiyaya yol açır. Çünki həmin işçilər insanlarla birbaşa ünsiyyətdə olan şəxslərdir. Bilirəm ki, maliyyə çətinliklərimiz çoxdur, lakin bəzi infrastruktur layihələrinin dayandırılması hesabına olsa da, bu dəyərli və dövlətçiliyə sadiq insanlar layiqli həyata imkan verən maaşlarla təmin edilməlidir ki, dövlət qulluğuna maraq artsın". Deputat onu da qeyd edib ki, dövlət tərəfindən dərman preparatlarının qiymətləri tənzimləndikdən, qiymətləri aşağı düşdükdən sonra bir sıra dərmanlar, xüsusən orijinal mallar, xaricdən gələn yüksək keyfiyyətli dərmanlar Azərbaycanda yoxa çıxıb, onları tapmaq mümkün deyil: "Ölkəmizə əsasən orijinal dərmanların Türkiyə, Polşa, Hindistan və s. dövlətlərdən ucuz qarşılıqları və əvəzediciləri gəlir. Bəzən ən sıravi, lakin vacib olan dərmanı tapa bilmirsən. Ona görə, bu məsələ ciddi araşdırılmalı, dərmanların çeşidləri genişləndirilməlidir, çünki bizdə dərman seçimi çox məhduddur". E.Axundova məişət tullantılarının yığılması və təkrar emalı ilə əlaqədar məsələyə də toxunub. Bildirib ki, bu məsələ ilə bağlı hörmətli Əli Əhmədov və Hüseynqulu Bağırova müraciətim olub: "Xüsusi minnətdarlığım Ekologiya nazirinədir ki, o, bu məsələdə bizə daima dəstək olur. Söhbət məişət tullantılarının Bakı və ətraf rayonlarda yığılması və daşınmasından gedir. Bakı ətrafı rayonlarda, xüsusən bağ massivlərində, sahilboyunda, həmçinin ictimai çimərliklərdə zibil topaları yenə də qalaqlanır. Nədənsə həmin ərazilərdə zibil maşınları gözə dəymir, zibillər vaxtlı-vaxtında daşınmır, boş olan bağ sahələri zibillənir, qanunsuz zibilxanalara çevrilir. Zibillər daşınan yerlərdə, hətta Bakının özündə də vəziyyət ürəkaçan deyil, belə ki, orada ətraf təmizlənmir, zibil qablarının içində zibil qalır, zibil konteynerləri qapaqsız olduğuna görə ora milçəklər toplaşır, ətrafa üfunət iyi yayılır. Bütün bunlar turistik məkanı olan Bakının imicinə ciddi zərbə vurur. Yaxşı olardı ki, Avropa dövlətlərinin bir çoxundakı kimi zibillərin müxtəlif növlərinin ayrı-ayrı qablara yığılması təşkil olunsun, bu prosesə artıq başlanılıb, amma o çox ləng gedir.Biz təkrar emal məsələsi ilə ciddi məşğul olmuruq. Bir tərəfdən, şüşə butulka və bankaların, plastik qabların, karton qutuların, qəzet-jurnalların qəbulu məntəqələri demək olar ki yoxa çıxıb, digər tərəfdən onları təkrar emal edən müəssisələr də çox az və zəifdir. Halbuki bütün dünya həmin tullantılardan yararlanıb böyük mənfəət götürür, biz isə onları sadəcə olaraq məhv edirik. Ümid edirəm ki, bütün bu qeyd etdiyim məsələlər ciddi nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcək ".
Nurlan