Elçin Hüseynbəyli yazır... Çin müdrikliyinin azərbaycanlı yozumu

Yazı stolumun üstündə bir neçə fiqur var: mədəni dillə desək ulaq, qaba dillə ifadə etsək eşşək; və iki qoduq, yəni eşşəyin balaları: məsum baxışları və yazıq duruşları var. Digər fiqurlar: maşın (“ferrari”), gəmi, təyyarə və üç qədim insanın (yaxud meymuna bənzər insanın) oturduğu plasmas dairə.

Elçin Hüseynbəyli

Çin müdrikliyinin azərbaycanlı yozumu

Yazı stolumun üstündə bir neçə fiqur var: mədəni dillə desək ulaq, qaba dillə ifadə etsək eşşək; və iki qoduq, yəni eşşəyin balaları: məsum baxışları və yazıq duruşları var. Digər fiqurlar: maşın ("ferrari"), gəmi, təyyarə və üç qədim insanın (yaxud meymuna bənzər insanın) oturduğu plasmas dairə. Çox vaxt məndən onların mənasını soruşurlar, mən də belə cavab verirəm:

-Bu o deməkdir ki, sən gəmidə də üzsən, təyyarədə də uçsan, maşınla da getsən, yenə də eşşəyə rast gələcəksən.

Düzdü, mənim bu zavallı, dilsiz-ağızsız, amma qanmaz məxluqlara böyük hörmətim var. Bir dəfə yazmışdım ki, bizim kənddə uşaqlar gözlərini açandan həyətdə eşşəkləri görürdü və bizimkilər eşşəyi olmayanlara sonsuz adam kimi baxırdılar.

Uşaqların da sevdiyi əyləncə bir nənələrinin, bir də eşşəyin sırtı olurdu ki, ona minib şellənirdilər.

"Bəs bu qədim insanların, yəni meymuna bənzərlərin mənası nədir?"

Bu suala cavab verməzdən əvvəl sizə həmin fiqurları təsvir edim: meymunlardan biri əllərilə ağzını yumub, biri qulaqlarını tutub, o birisi isə gözlərini qapadıb. Və cavab:

-Bu o deməkdir ki, mən baxsam da, hər şeyi görmürəm, dinləsəm də, hər şeyi eşitmirəm, danışa bilsəm də, hər şeyi demirəm. Yəni çinlilərə görə bu cür davranış diplomatiyanın özülüdür.

"Sən özün ona əməl edirsənmi?" deyə dübarə soruşurlar.

-Yox,-deyirəm, - çünki mən yaxşı diplomat, pis icraçıyam.

"Bəs onda bunların nə mənası?"

-Mənasaı odur ki, bütün bunlara əməl etməsəm də, heç olmasa, qızıl qanunları bilib, yadda saxlayıram.

"Bəs başqa fiqurlarla onun nə əlaqəsi?"

-Hə, bax indi mətləb üstünə gəldiniz. Dedim axı, uçsanız da, qaçsanız da, üzsəniz də eşşəyə rast gələcəksiniz...Ona görə, bir o qədər də müdrik olmağa ehtiyac yoxdur. Müdrik - eşşəyin özüdür. Çünki daim susur, hərdən səsini çıxarır...

Martın sonu 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31