Bilik Fondu məscidlərə kitablar hədiyyə edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İslam Həmrəyliyi İli" ilə bağlı bölgələrdə həyata keçirdiyi tədbirlər çərçivəsində Lənkəranın Cil kənd məscidinə 100, Astaranın Pensər kənd Cümə məscidinə 75, Pensər kənd Hacı Teymur Cümə məscidinə 75 kitab hədiyyə olunub. Fonddan "Olaylar" - a bildirilib ki, bu münasibətlə təşkil edilmiş mərasimlərdə dindarlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib ki, 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasına cavabdeh qurumlardan biri də Bilik Fondudur.

Tədbirlər Planına müvafiq olaraq məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən kitablar təqdim olunur. İndiyədək Bilik Fondu tərəfindən məscidlərə 2 mindən çox kitab hədiyyə edlib.

Yaxın günlərdə Astara Bilik Evində gənclər üçün peşəyönümlü, eləcə də onların rus və ingilis dili, informasiya texnologiyalarına daha yaxından yiyələnməsinə xidmət edən yeni kursların açılacağını qeyd edib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov təmsil etdiyi qurumun da bu xeyirxah tədbirə dəstək verdiyini qeyd edərək bildirib ki, məscidlərə dini maarifləndirməni, insanların bədii zövq və biliklərini artıran kitabların hədiyyə edilməsi, "Məscid kitabxanası" yaradılması olduqca dəyərli ideyadır..

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Komitənin cənub bölgəsi üzrə nümayəndəsi Qağayı Məmmədov "İslam Həmrəyliyi İli" çərçivəsində bölgələrdə silsilə tədbirlərin icrasına başladığını qeyd edərək, dini maarifləndirmə sahəsində Bilik Fondu və digər qurumlarla əlbir, koordinasiyalı işin təşkilinin müsbət nəticələr verdiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31