"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi dayanaqlığını təmin edən amillərdən biri də ixrac potensialından səmərəli istifadə edilməsilə bağlıdır. Bunun üçün keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalı vacib şərtdir. Xüsusən, hazırki iqtisadi geriləmələrin baş verdiyi bir məqamda bu strategiyanın düzgün müəyyən edilməsi ilə ölkəyə valyuta axınını təmin etmək əsas şərtlərdən hesab olunur.

Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi dayanaqlığını təmin edən amillərdən biri də ixrac potensialından səmərəli istifadə edilməsilə bağlıdır. Bunun üçün keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalı vacib şərtdir. Xüsusən, hazırki iqtisadi geriləmələrin baş verdiyi bir məqamda bu strategiyanın düzgün müəyyən edilməsi ilə ölkəyə valyuta axınını təmin etmək əsas şərtlərdən hesab olunur. Sirr deyil ki, hazırda dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycana valyuta axınının azalmasına səbəb olub. Heç şübhəsiz ki, belə bir şəraitdə ölkəyə valyuta axınını artırmaq üçün keyfiyyətli və rəqabətədavamlı yerli məhsulların ixracına ehtiyac yaranır. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişfını şərtləndirir. Elə bu səbədən də Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələsində qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirməkdən ibarətdir. Buna nail olmağın şərtləri isə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılması və ixrac imkanlarının gücləndirilməsindən keçir. Məhz bu məqsədlə respublikada qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Hazırda Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Belə bir şərairtdə Azərbaycan məhsullarının dünya bazarlarına çıxışının yeganə yolu yerli məhsulların rəqabətqabiliyətli olmasıdır. Çünki istehsal olunan məhsul keyfiyyətli və beynəlxalq standartlara cavab verməlidir ki, dünya bazarında özünə yer tapa bilsin. Yeri gəlmişkəın qeyd edək ki, hazırda Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, yeni və müasir yanaşmalar əsasında ixracyönümlü mal, məhsul və xidmətlərin dünya bazarlarına çıxarılması ilə bağlı struktur islahatlarına başlanılmışdır. 

Dünya bazarına çıxış üçün hüquqi baza yaradılıb

Azərbaycanın milli məhsullarının beynəlxalq bazara çıxarılmasına nail olmaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hələ 2008-ci ildən Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edir. Məhz bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və qaydalarına uyğun olan keyfiyyət infrastrukturu ilə bağlı qanunvericilik aktları hazırlanmış, etalon laboratoriyaları yaradılmışdır. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bu təşkilatının tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması məqsədilə "Texniki tənzimləmə haqqında", "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihələri hazırlanmış, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanun qəbul edilmişdir. Məhz bu sənədlərin qəbulu Azərbaycan Respublikasında istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını genişləndirir. 

Keyfiyyət infrastrukturu inkişaf etdirilir

Onu da qeyd edək ki, məhsulun rəqabətqabiliyətliliyi bir neçə faktorla təyin olunur ki, həmin faktorların ən başlıcası keyfiyyət amilidir. Bu baxımdan Azərbaycan keyfiyyət infrastrukturu sisteminin - həyata keçirilən sınaq və kalibrləmə prosedurlarının, metroloji tutuşdurmaların, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın nəticələrinin beynəlxalq səviyyədə tanınması ixrac siyasətinin tərkib hissəsi hesab olunur. Məlum olduğu kimi keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu danılmazdır. Ökəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu daha da təkmilləşdirilib. Belə ki, cənab Prezidentin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır. Məhz bundan sonra Xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən çoxlu sayda inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunmuşdur. Sirr deyil ki, etalon bazasının genişləndirilməsi də ölkə iqtisadiyyatının keyfiyyətli və rəqabətə davamlı məhsul istehsalı baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarının ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Hazırda SMPDA yanında Dövlət Metrologiya Xidmətinin nəzdində müasir avadanlıqlarla təmin edilmiş kalibrləmə laboratoriyaları fəaliyyət göstərir. Yaxın zamanlarda qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması nəzərdə tutulur. Yerli məhsulların ixracında müasir standartların Azərbaycanda tətbiqi də vacib məsələlərdən hesab olunur. Bu gün ölkədə qüvvədə olan 941 milli standartdan 41%-i beynəlxalq standartlara uyğunlaşdırılıb. 

İxrac imkanları genişləndirilir 

Keyfiyyət infrastrukturu sahəsində beynəlxalq təşkilatlarda üzvlük və əməkdaşlıq ölkəmizin xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması üçün vacib şərtdir. Çünki beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yaxşı imkan yaranır. Ümumilikdə Azərbaycan metrologiya, texniki tənzimləmə və standartlaşdırma, kalibrləmə və ölçmə sahəsində onlarla beynəlxalq təşkilatın üzvüdür və onlarla qarşılıqlı əməkdaşlıqda bulunmaqdadır. Qısa müddət ərzində bu istiqamətdə əldə etdilən uğurlardan biri Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunmuşdur. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin edilmişdir. Hazırda Dövlət Akkreditasiya Xidməti Avropa Əməkdaşlığı Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində iş aparılır. Bundan başqa, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), BMT-nin UNIDO, UNECE, UNDAF ixtisaslaşdırılmış qurumları, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlığı təşkilatı (ILAC), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Məhz bu əməkdaşlıq Azərbaycan məhsularının dünya bazarına çıxışını təmin edir. 

"Made in Azerbayjan" brendi dünya bazarlarında 

Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, eləcə də "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı qaydalar təsdiqlənib. Qaydalarda yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması, ixracla əlaqəli tədqiqat - inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi məsələləri də öz ifadəsini tapıb. Burada "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıda əsas məqsəd kimi dayanır. Artiq Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycanın "Azprotein" şirkəti ilə BƏƏ-nin "General Tradeing Company" şirkəti arasında Dubaya ət ixracına dair Müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın "Asico" şirkəti Küveytə meyvə-tərəvəz, "AHEC" şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, "Astara tea" və "Kercom" isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minsk şəhərində "Azərbaycan Ticarət Evi" MMC yaradılıb və 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb. Prezident İlham Əliyev tərəfindən həmçinin böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunmaqdadır. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac edilib. Ukraynada da belə ticarət evinin yaradılması,Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. Ölkənin ixrac imkanlarının aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara əlavə dəstək verilməsi məqəsədilə (www.export.az) portalı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılıb. Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır. Məhz sözügedən strategiyada keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır. 

Alim Hüseynli

Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31