"Azərbaycan razı olmaz ki, torpaqlarının işğalı davam etsin"
“Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ardıcıl siyasətini davam etdirir. Dövlət başçısının Fransaya səfəri zamanı da müzakirə ediləcək əsas məsələ təbii ki, Qarabağ münaqişəsinin nizamlanması olacaq”.
13 Mart 2017 15:39 Sosial"Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ardıcıl siyasətini davam etdirir. Dövlət başçısının Fransaya səfəri zamanı da müzakirə ediləcək əsas məsələ təbii ki, Qarabağ münaqişəsinin nizamlanması olacaq". Bunu millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, hərbi cani Serj Sarkisyanın bu yaxınlarda Fransaya səfəri zamanı prezident Fransua Olland onunla görüşdə ermənipərəst mövqe sərgilədi: "Guya ki, torpaqlarımız Ollandın dədəsinindir və onların müqəddəratını Fransa həll edir. Arxayın şəkildə deyir ki, əvvəl Qarabağda referendum keçirilməlidir, sonra 7 rayon deyil, 5 rayon qaytarılmalıdır. Axı sən kimsən? Hansı hüquqdan, səlahiyyətdən istifadə edib Azərbaycan torpaqlarının taleyini, müqəddəratını sərbəst şəkildə ifadə edirsən. Bəlkə biz də bunun müqabilində Fransanın Almaniya, İspaniya ilə mübahisəli ərazilər məsələsini gündəmə gətirək? Bu, birbaşa onun Azərbaycanın daxili işlərinə qeyri-qanuni müdaxiləsdir. Hesab edirəm ki, dövlət başçısı Paris danışıqlarında kifayət qədər bu istiqamətdə sərt mövqe ortaya qoyub, onun cavabını verəcək".
Millət vəkili vurğulayıb ki, Türkiyə Prezidentinin Rusiyada Qarabağa dair səsləndirdiyi fikirlər və digər başqa məsələlərin hamısı münaqişənin sülh yolu ilə həllinə istiqamətlənib: "Ancaq görürük ki, düşmən çox məkrli və hiyləgərdir, düşməni qeyri-qanuni müdafiə edən haqsız qüvvələr, işğalçıya arxa duranlar çoxdur. Buna görə danışıqların daha effektiv olması üçün hesab edirəm ki, biz vaxtaşırı düşmənə hərbi güc tətbiq etməklə sonunun yaxınlaşdığını başa salmalıyıq. Ya düşmənlər sülh danışıqlarının nəticəsi olaraq torpaqlarımızdan çıxıb gedəcəklər, ya biz işğalçı qüvvələri zibil kimi süpürüb torpaqlarımızdan kənara atacağıq".
Millət vəkili hesab edir ki, nə qədər ki, işğalçı qoşunlar Azərbaycan torpaqlarındadır, hər an hər şey ola bilər: "Azərbaycanın qarşıya qoyduğu məqsəd işğalçı dövlətin ordusunun torpaqlarımızdan çıxarmaqdır. Bunun üçün ya danışıqlar uğurlu olmalıdır, bu baş vermədikdə isə Azərbaycan hərbi gücdən istifadə etməyə məcbur olacaq. Ölkəmizi buna həm düşmən, həm də onun himayədarları təhrik edəcək. Azərbaycan razı olmaz ki, torpaqlarının işğalı davam etsin. Biz danışıqların əleyhinə deyilik, istəyirk ki, danışıqlar davam etsin, amma nəticəli olsun. Görüş, danışıq xatirinə müzakirələr bizə lazım deyil". Sia.az