Elçin Hüseynbəyli yazır... Yalan danışanlar...
Ürəyim ağrıdı deyə, hadisənin üstündən bir neçə gün keçəndən sonra bu sətirləri yazası oldum, həm də bir növ sosial sifariş idi bu:
13 Mart 2017 12:56 SosialElçin Hüseynbəyli
Yalan danışanlar...
Ürəyim ağrıdı deyə, hadisənin üstündən bir neçə gün keçəndən sonra bu sətirləri yazası oldum, həm də bir növ sosial sifariş idi bu:
...6 gəncin faciəli ölümü ilə nəticələnən qəzadan sonra həm qəzanı törədənlər, həm də günahkarları cəzalandırmalı olanlar, yumşaq desək doğrunu gizlətdilər.
İlk yalanı, özü də ağ yalanı qanlı günahkar sürücü verdi. Dedi ki, onu hansısa ağ rəngli maşın sıxdığına görə "obqona" çıxıb və maneəyə çırpılıb. Videodan da göründü ki, o, ağ yalan danışır. Sürücü həm sürət həddini keçib, həm də qadağan olunmuş yerdə "obqona" keçib.
İlk rəsmi reaksiya isə BDYPİ-dən gəldi. Mətbuat katibi, polis polkovniki Kamran Əliyev dedi ki, sərnişinlər özləri günahkardırlar, çünki dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, avtobuslara doluşub onu yükləyirlər və belə də qəzalar baş verir. Kamran müəllim BDYPİ-ni sığortalamaq üçün belə dedi. Çünki Dövlət Yol Polisinin vəzifələrindən biri də dolu marşrutlarıın sürücülərini cəzalandırmaq, bu barədə adiyyatı qurumlara məlumat vermək və həmin sürücünü işdən kənarlaşdırmaqdır. Çünki, mətbuatın yazdığına görə, bu başdanxarab sürücü təkcə ötən il 24 dəfə qaydaları pozub. Düzdü, Kamran müəllimin dediklərini jurnalistlər kontekstdən çıxartmışdılar və bununla da adamları qıcıqlandırmışdılar...
Sonra Nazirlikdən açıqlama gəldi. Nazirlik də özünü sığortalamağa çalışdı. Açıqlamada deyildi ki, həmin marşrut taksisi qeyri-qanuni fəaliyyət göstərib, lisenziyası olmayıb, yəni bu sürücünün və maşının onlara aidiyyatı yoxdur. Əgər boyunlarına alsaydılar, məsuliyyəti də onlar daşıyacaqdı. Yenə də iş BDYPİ-nin boynunda qalır. Deməli yola nəzarət edənlər Bakı-Sumqayıt və əksinə hərəkət edən sürücünü saxlayıb, onu marşrutdan kənalşadırmayıb. Saray postundakılar bu maşını və onun həngamələrini görmürdülər? Halbuki adi bir qanun pozuntusuna görə sürücülərin "qulaqlarını kəsməsələr" olmaz...
Bu ötür-ötür oyununun nəticəsi isə belə olacaq ki, əsas günahkarlar kənarda qalacaq və yenə də məlum və mənfur "ford"un başdanxarab
sürücüsü cəzalandırılacaq. (Müşfiqin heykəlinin götürülməsində də eyni hadisə baş verdi, göstərişi verənlər kənarda qaldı, icraçılar cəzlandırıldı).
İctimaiyyət isə bununla kifayətlənmək istəmir. 6 gəncin faciəli ölümünə səbəb olan qurumların cavabdeh şəxslərinin cəzalandırılmasını istəyir. Çünki ölənlər kimlərinsə oğlu, qızı, bacısıydı. İnsanların arzu və istəklərini öldürdülər, millətin genofonduna zərbə vurdular...
Heyf!!! Səd heyf!!!
11 mart 2017