Niderlandda islamafobiya və ksenofobiya var
“Avropa İnsan hüquqlarını və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, bu ölkədə yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır”.
13 Mart 2017 12:04 Sosial"Avropa İnsan hüquqlarını və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, bu ölkədə yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır". Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, diplomatik və konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarının, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması müşayiət olunur: "Hesab edirəm ki, insan hüquq və azadlıqlarını özünün ali dəyərlər sistemi kimi təqdim edən Avropada demokratiyanın bu təməl prinsiplərinin qitədə bir daha gözdən keçirsələr daha məntiqli olar. Bu hadisələr təsdiqləyir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var". Politoloq deyib ki, mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək və radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir: "Geert Vilders Niderlandda məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir. Bir sözlə bu böhranın əsasında Hollandiyada fəallaşan radikal sağçıların anti-islam, anti-türk mövqeyinin dayandığını hesab edirəm. Fikrimcə, tərəflər arasında mövcud böhran seçkilərdən sonra həll ediləcək".