Nazir müavini: “Bütün pensiya məbləği indeksləşdiriləcək”
“Pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə “Əmək pensiyaları haqqında” qanuna dəyiklik layihəsinin müzakirəsi zamanı deyib.
10 Mart 2017 16:39 Sosial"Pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə "Əmək pensiyaları haqqında" qanuna dəyiklik layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, qanun layihəsində dəyişikliklərdən biri illik indeksləşdirmə ilə bağlıdır: "Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, qanunun qəbulundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək. Bundan başqa, vətəndaşın ödədiyi məbləğ minimum əmək haqqına bərabər olduğu təqdirdə ondan 12 illik staj tələb olunmayacaq". İ. İsayev qeyd edib ki, ölkədə pensiyada olan kişilər orta hesabla 14,4, qadınlar isə 18,5 il yaşayır: "Güzəştli şərtlərlə pensiyaya çıxanların pensiya alma müddəti daha çoxdur. Beləliklə, 2006-cı ildə qəbul edilən qanuna görə, bu göstərici qadınlar üzrə pensiya yaşını 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu da sığorta-pensiya sisteminin maliyyə yükünün artıq olmasına səbəb olur. Gələcəkdə özünümaliyyələşdirmə sisteminə keçəcəyimizi nəzərə alsaq, qarşımızda iki yol var. Bunlardan biri ya pensiya məbləğinin təyin olunması üçün əsas götürülən 144 ay digər xarici dövlətlərdə olduğu kimi artırılmalı, ya da pensiya yaşı 65-ə çatdırılmalıdır. Araşdırmalar göstərir ki, biz 144 ayı 204 aya qədər artırsaq və pensiya təyini üçün ödənilən məbləği 204-ə bölsək, sığorta olunanların əksəriyyətində alınan rəqəm minimum pensiya məbləğindən aşağı olacaq. Bu isə o deməkdir ki, onlar daha çox çalışmalı və pensiya hüququ əldə etmək üçün bu müddət ərzində sosial sığorta haqqı ödəməlidir və tələb olunan sosial sığorta kapitalı toplamalıdır". Nazir müavini əlavə edib ki, qanuna dəyişikliklər qəbul olunsa, 4 il ərzində qadınların pensiya yaşı 4 il ərzində, kişilərin pensiya yaşının 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. İ. İsayev əmək haqlarının leqallaşdırılmasının vacib olduğunu vurğulayıb: "Müvafiq hesablamalar və təhlillər aparmışıq. Bu təhlillərə uyğun olaraq müvafiq tədbirlər nəzərdə tutulub. İlk addım kimi, əmək müqavilələrinin qeydiyyatı sistemini yaratmışıq. Eləcə də Əmək Müfəttişliyinin nəzarət tədbirləri ilə bağlı planlar var".
Qeyd edək ki, Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.