"Qəzada yaralanan tələbələrdən birinin yaşama şansı cüzidir"

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır.

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır. Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov məlumat verib.
O bildirib ki, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadədə beyin ölümü başlayıb, ağır komadadır: "O, əməliyyat olunub, çünki dalağı və qaraciyəri dağılmışdı. Onda həm də kəllə-beyin tramvası var idi. Yaşama şansı cüzi olduğundan möcüzə gözləyirik. Hazırda reanimasiyadadır".

1997-ci il təvəllüdlü Rəsul Sadıqovda isə burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi olub. "O, hazırda üz-çənə cərrahiyyə şöbəsində müalicə olunur. 1999-cu il təvəllüdlü Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir", - baş həkim əlavə edib.
Hər üç yaralı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə report-a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında olan 14 nəfər yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb: "Hazırda xəstəxanada 9 yaralı qalıb. Ola bilsin ki, müayinə olunduqdan sonra onların da bir neçəsi evə yazılsın".

Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31