“2016-cı ilin alimi” müsabiqəsi elan olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsini elan edib.
9 Mart 2017 17:55 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu "Ən Layiqli Alim - Ə.L.A." məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuş "Ən Layiqli Alim - Ə.L.A." müsabiqəsi alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il ərzində əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur. "2016-cı ilin alimi" mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır. Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə "İlin alimi-2016", "İlin gənc alimi-2016" adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər. Müsabiqədə iştirak etmək üçün sənədlər 2017-ci il martın 10-dan aprelin 17-si saat 17:00-dək qəbul olunacaq. Nəticələrin 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur.