Züleyxa Nadir yazır... Üstümüzdən keçən avtobuslar...
Bu sabah (dünən-red) oxuduğum xəbərdən sarsıldım. Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində yaranıb. Sərnişinlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Beş nəfər ölüb, 21 nəfər yaralanıb. Bircə kəlmə pıçıldaya bildim: dəhşət!..
9 Mart 2017 17:30 SosialZüleyxa Nadir
Üstümüzdən keçən avtobuslar...
Bu sabah oxuduğum xəbərdən sarsıldım. Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində yaranıb. Sərnişinlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Beş nəfər ölüb, 21 nəfər yaralanıb. Bircə kəlmə pıçıldaya bildim: dəhşət!..
Dünənki 8 mart bayramının xoş aurasını hələ də yaşayan insanların bu sabahkı hadisədən sonra əhvalı tamam korlandı. Beş nəfər tələbənin ölümü neçə ailəyə göz yaşı "bağışladı". Beş ananın "beli qırıldı, canı çıxdı". Beş ailənin ocağı söndü, beş ömür başa çatmadı, yarı olmamış belə qırıldı. 21 yaralı gəncin həyatla, yaşamla mübarizəsi başladı...
Bakıda elə bir gün olmur ki, sərnişin avtobusu qəza törətməsin. Bakıda elə bir gün olmur ki, hər hansı bir avtobusda sərnişinlə sürücü arasında narazılıq yaranmasın. Bakıda elə bir gün olmur ki, avtobusdan istifadə edən sərnişinlərin üzündəki xoş təbəssüm yol getdiyi 20-30 qəqiqə ərzində "zəhərlənməsin". Bu hallar davamlı olaraq təkrarlanır, hər saat, hər dəqiqə baş verir. Niyə?
Ona görə ki, avtobus sürücülərinin çoxu məsuliyyət hissindən kənardırlar. Çoxunun üz-gözündən zəhrimar tökülür, peşəkar sürücü deyil. Orta məktəb partasından durub sükan arxasında oturanlar təcrübəsizliklərini anlamırlar və bu anlamazlıqdan irəli gələn ləyaqətsiz hərəkətlərə, sözlərə yol verirlər. Sürücünün vəzifəsi sərnişini rahat şəkildə mənzil başına çatdırmaqdı. Amma o, bu vəzifənin məsuliyyətini dərk etmir. Bəzən yolun ortasında qəfildən tormoz verir...
Bəzən təəccüb edirəm, heyrətlənirəm. Sükan arxasında oturan gənc sürücü eyni anda bir neçə "iş görür". Sağ əli ilə sükanı idarə edir (hətta arada güzgüyə baxaraq həmin əlini sükandan çəkib saçlarına sığal çəkir), sol əli qulağında telefon danışır. Gözləri ilə həm avtobusun içindəkiləri süzür, həm də küçədən keçən qıza-qadına baxır, hələ arada nəzər yetirdiyi qadına işarə olaraq dodaqaltı nəsə söyləməyə fürsət də tapır. Eyni anda həm sərnişindən yolpulu alır, həm də hansısa iri məbləğdə pul uzadan sərnişinin üstünə çəmkirir. Hələ onu demirəm ki, sükan arxasında siqaret çəkir, tum çırtlayır, perajki yeyir, çay içir, musiqinin səsinə güc verir və s. Bu cür sürücülər özlərini elə aparırlar ki, sanki, dövlətin avtomobil nəqliyyatında saç ağardıb, ömür xırdalayıblar.
Avtobusu elə idarə edirlər ki, sanki, sərnişin yox, mal-qara, yaxud da kartof-soğan daşıyırlar. Tıxaclarda dar yerlərdən sivişib çıxmaq üçün min cür hoqqa çıxarırlar. Halbuki tıxacı yaradan da elə məhz avtobuslar olur. Sürücülər harda gəldi saxlayıb sərnişin götürür, bir-biri ilə 20 qəpik uğrunda savaşırlar. Sanki ralli yarışına çıxmış kimi biri o birini qabaqlamağa çalışır ki, dayanacağa tez çatıb çox sərnişin götürsün.
Belələrinə sükan etibar edən səlahiyyət sahiblərinə dəfələrlə xəbərdarlıqlar edilsə də heç bir ölçü götürülmür ki, götürülmür. Bu adamları işə götürərkən Məşədi İbad demiş, bir baxmırlarmı ki, bu "uşağın" ( yəni 20-22 yaşlı gəncin) təcrübəsi varmı-yoxmu? Mədəniyyəti, əxlaqı, insanlarla davranışı yerindədirmi? Psixoloji travma alıb, ya almayıb?
Yox, baxmırlar. Görünən o ki, səlahiyyət sahibləri də sərnişinə barmaqarası baxırlar. Hər gün ictimai nəqliyyatdan istifadə edən adamlara qarşı sürücülər tərəfindən edilən mənəvi terror və birbaşa qəza terroru onlardan yan keçir, ya da əhəmiyyətsiz bir nəsnə kimi onlara çatmır. Təbii ki, belə olmalıdır. Şəxsi və xidməti avtomobildən istifədə edən görəvlilər sadə vətəndaşın hər gün mindiyi avtobusda hər saat, hər dəqiqə, hər saniyə nələr çəkdiyini hardan bilsin axı?
Mən hələ görməmişəm, eşitməmişəm ki, bir avtobusun sürücüsü avtomobil müfəttişi tərəfindən cərimələnsin, ya da inzibati cəza alsın. Əminəm ki, bu, heç vaxt baş verməyib. Əgər belə bir hadisə olubsa da mediada, televiziyada öz əksini tapmayıb. Halbuki gündə yüzlərlə avtomobil sürücüsü haqqında götürülən ölçü sosial şəbəkələrdə, mediada, televiziyada nümayiş olunur. Bu, çox yaxşıdı, olmalıdır, sözüm yoxdu. Amma avtobus sürücülərini də, ən azı, ictimai qınağa çəkmək lazımdı. Telekanallarda bu mövzuda hələ bir dəfə də olsun veriliş olmayıb. Cəza və qınağa tuş gəlməyən avtobus sürücüləri "at oynadır", sözün həqiqi mənasında avtoxuliqanlıq edirlər.
Deyirlər ki, bu gün baş verən faciədə istifadə olunan avtomobil qanunsuz işləyirmiş. Üstəlik də həmin maşın təyinatı üzrə deyilmiş. Yük maşınını mikroavtobusa çeviriblər, sərnişin oturacaqlarını artırıblar. Yəni bu işi görəndə yalnız qazanacaqları pulu düşünüblər, vicdanlarının səsini batırıblar ki, 12-15 yerlik avtobusa 22 nəfər sərnişini doldurmaq olmaz, faciə baş verə bilər. Faciə təkcə o deyil ki, yük maşını ilə toqquşsun, yaxud yol kənarındakı dəmir çəpərə dəysin. İçəridə sərnişin sıxlığından nəfəsi kəsilən, ürəyi sıxılan, başı ağrıyan olur. Və bu ağrılar aylarla, illərlə üst-üstə toplanıb sağalmaz xəstəliyə çevrilir. Bunun da adı faciədi.
Amma bu günkü faciənin dərəcəsi çox ağırdı. Sükan arxasında oturan adam kamikadzelik edib. Digər həmkarı ilə yarışa girib. Tərbiyədən, qanacaqdan kənar olduğunu nümayiş etdirib. Sübut edib ki, sürücülük vəsiqəsini də pulla alıb, bəlkə də avtobus texniki baxışdan keçməyibmiş.
Ən ağrılısı odur ki, bu yol-nəqliyyat canavarlarına irad tutmaq olmur. Çoxunun havadarı var. Ona görə də sərnişinlər yorulublar. Qanunsuzluğa irad bildirə bilmirlər. Sürücü adama elə cavab verir ki, etiraz edən sərnişin söz deməyinə peşman olur, utanır.
Bu günkü faciə görəsən heç olmasa bu sadaladıqlarımdan dolayı sürücülərə və səlahiyyət sahiblərinə təsir edəcəkmi? Yoxsa üstümüzdən keçən avtobuslar yollarına davam edəcəklər?