İyirmi yeddinci İran səfərnaməsi

Məzuniyyətdəyəm. Qubaya gəlmişəm. Üç gündür ki, burada istirahət edir, “Haykular və vakalar” adlı kitabım üzərində işləyirəm. Yazı masamın üstündə hələ əlyazması şəklində olan üç kitab da var.

Şahin Fazil

Tarix üzrə elmlər doktoru, professor,

"Məcməüş-şüəra" ədəbi məclisinin sədri

 İyirmi yeddinci İran səfərnaməsi

"İstiqamət bizə xoşdur- yenə İran tərəfə"

Məzuniyyətdəyəm. Qubaya gəlmişəm. Üç gündür ki, burada istirahət edir, "Haykular və vakalar" adlı kitabım üzərində işləyirəm. Yazı masamın üstündə hələ əlyazması şəklində olan üç kitab da var. Birincisi, XVI əsr tarixçisi azərbaycanlı Həsən bəy Rumlunun 2 cilddən ibarət "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı"), ikincisi beş Divanımdakı (Divanlar Xəmsəsi) Allah-təalaya, peyğəmbərə, imamlara və əhli-beyt üzvlərinə 30 ildən çox müddətdə qələmə aldığım şeirlərdən nümunələrin toplandığı "Doğruya doğru", üçünçüsü isə hələ yarımçıq olan "Beşinci Divan" kitablarıdır. Fars dilində yazılan "Əhsənüt-təvarix" əsərinin I cildinin tərcüməsinin bir ilə yaxındır ki, yazdığım və yazacağım şərhləri üzərində işləməkdəyəm. Ağır işdir şərh yazma işi. Gərək Həsən bəy Rumlunun işlətdiyi istilah və ifadələrin mənalarını bircə-bircə oxucu diqqətinə çatdırasan. (Mən son illərdə çap olunmuş təxminən 3 min səhifə həcmində olan "Tarixe-aləmaraye- Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") kitabına yazdığım şərhlərə bir ildən artıq əmək sərf etmişdım). Bəli, üzərində işləyəcəyim belə bir vaxtlarda cib telefonum səsləndi. Müasir İranın məşhur və qüdrətli şairlərindən olan dostum Əsgər Şahinin səsini eşitdim. Əhval-porsanlıqdan sonra mənim üç-dörd günlüyə Ərdəbilə dəvət olunduğumu sevinclə bildirdi. Dedi ki, əvvəla burada "Ərdəbil günü" keçiriləcək, sonrasa Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin İshaq Ərdəbilinin (XIV əsr) heykəlinin açılış mərasimi olacaqdır". Mən hazırda Qubada məzuniyyətdə olduğumu dedimsə də, o, sözündə israr etdi. Bildirdi ki, jurnalist dostum Hacı Rafiq Şirvani də bu tədbirə dəvət olunub və hər ikiniz Ərdəbildə Bakını təmsil edəcəksiniz. Telefon danışığından sonra hacıya zəng vurdum. Hacı artıq məsələdən xəbərdar idi və birlikdə gedəcəyimizi bildirdi. Boyun qaçıra bilmədim.

Elə həmin gün Bakıya qayıtdım. Ertəsi gün İran İslam Respublikası Mədəniyyət Mərkəzinin sədri dr.İbrahim İbrahimi ilə görüşdük və o, bizə uğurlu yol dilədi, imkan olarsa elə özünün də həmin tədbirə gələcəyini bildirdi.

25 iyul 

Sübh tezdən. Əsgər Şahi yenə Ərdəbildən zəng vurdu, dedi ki, İran Biləsuvarında bizi qarşılayacaqlar. Azacıq keçdi. Başqa bir zəng. Dr. İbrahim İbrahimi idi. O, bizə xoş səfər dilədi və vacib işi olduğu üçün "Ərdəbil günü"nə gedə bilməyəcəyini söylədi. Sonra Hacı Rafiqlə danışdıq. Sabah sübh tezdən yola düşürük inşaallah.

Bütün günü evdə oldum. Ərdəbilli dostlara təqdim etmək üçün bir neçə kitabımı ayırıb çantaya yığdım.

Demək, İrana iyirmi yeddinci səfərim. Əvvəlki iyirmi üçüncü səfərlərimdən təəssüratlar 2013-cü ildə 688 səhifədən ibarət çap olunmuşdur. Sonrakı səfərnamələrimi (üç səfər) isə müxtəlif qəzetlərdə dərc etdirmişəm. Təki səfərlər olsun, yazmağa nə var ki...

Ötən səfərlərimdə mənə Ərdəbildə verilmiş məlumat kitablarına bir daha göz gəzdirirəm. Bu şəhərin tarixən bir neçə adı olmuşdur: Ərdəvil, Ərdəyil... Bu sözlərin bircə mənası var: "Ərd"- düzgünlük, doğruluq, paklıq mənasını, "bil", yaxud "vil" isə yer, məkan mənasını özündə əks etdirmiş və son əsrlərdə "Ərdəbil" kimi işlənməyə başlamışdır.

Bəzi müəlliflər oranın "Artavil" və "Artavila" kimi də adlandırıldığını və dövrə görə mənasının "müqəddəs şəhər" olduğunu da söyləyiblər. Ərəb tarixçilərindən Yaqut Həməvi Ərdəbilin əsasının miladi 459-483-cü illərdə sasani padşahı Firuzşah tərəfindən qoyulduğunu yazmışdır.

Ərdəbil ostanında 1800 ədəd tarixi abidə, o cümlədən 120 imamzadə və 11 muzey vardır, 110 mədən çeşməsi vardır ki, onların 75-nin suyu o cümlədən isti, 35-nin suyu isə soyuqdur.

Ərdəbildəki Şeyx Səfiəddin Ərdəbilinin olduqca geniş mavzoleyi (oğlu Şeyx Sədrəddin Musa tərəfindən əsası qoyulmuşdur), Kəlxoranda Şeyx Cəbrayıl məqbərəsi, Nəyur və Şurabil dəryaçələri, Savalan dağının şərqində isti su sərdabəsi, Saleh, Seyid Sədrəddin, Həlimə xatun və başqa imamzadələr uzun illərdir ki, ziyarət məkanlarıdır. Cümə məscidi, Mirzə Əliəkbər məscidi, came məscid də tarixi abidələr kimi diqqəti özünə cəlb edir. Ərdəbildən Qarasu, Balıqlı çayı, Gülmuğan çayı, Vəhir çayı uzun illərdir ki, axmaqdadır.

Demək, sabah Ərdəbilə ngedirik. Bu gün bir şeir yazdım:

Qəzəl

İstiqamət bizə xoşdur yenə İran tərəfə,

Baş çəkək Ərdəbilə, Təbrizə, Zəncan tərəfə.

**

Görmüşük İranı illər boyu munis sayağı,

Uçmuşuq biz arabir quş kimi Tehran tərəfə.

**

Mən Füzuli uyuyan torpağı gördüm iki yol,

Kaş düşə bir də güzarım Ərəbistan tərəfə.

**

Var məsihi və yəhudi və slavyan, hindi...

Baxıram mən isə istəklə müsəlman tərəfə.

**

Arxada qaldı vətən, qarşıda Heyran dərəsi,

Heyran-heyran baxırıq biz yenə Heyran tərəfə.

**

Türkiyə, İran olub meylimizin ünvanı,

Meylimiz hər yana yox, meylimiz imkan tərəfə.

**

Biz vüsal vurğunu olsaq da, əsl aşiq tək,

Arabir baş çəkirik şövq ilə hicran tərəfə.

**

İran əlbəttə gözəl, dönməliyik tezcə geri,

Şahina, get və qayıt Azəribaycan tərəfə!

26 iyul

Hacı Rafiq Şirvani ilə cox səfərlərdə olmuşam. Bu da növbəti səfər.

Bakı-Biləsuvar yolu. Bu yolu dəfələrlə gedib gəlmişik. İki taylı şəhərə gedən yol. Şair demişkən:

"Bu tayda Biləsuvar,

O tayda Biləsuvar..."

Yolda mənə məlum oldu ki, bu gün hacının ad günüdür. (Nə üçün ad günü? Bəlkə yaş günü?"). Əhsən Hacıya. Ad günü gedir Ərdəbilə. Gəzməyi cox sevəndir Hacı...

Elə maşında bu qəzəli qaraladım:

Bu hacı qardaşımı təbrik edək, yaş günüdür,

Demişəm mən ona qardaş, elə qardaş günüdür.

*

Bu gözəl gündə çıxıb Ərdəbilə yol gedirik,

Yolumuz olsun açıq qoy, bizə yoldaş günüdür.

*

Çöldəyik, evdə qonaqlar yığışıblar, ay hacı,

Bu gün aş məclisi vardır ki, bu gün aş günüdür.

*

Sirrimiz bir, sözümüz bir, üzümüz Haqqa tərəf,

Bu günün sirdaşı sənsən! Mənə sirdaş günüdür.

*

İki yol Məkkəyə getdin vurulub qarə daşa...

Vətənin Ağdaş olub həm, elə Ağdaş günüdür.

*

Kə`bədə şeytana daş atmada islam əhli,

Pis günə sən dəxi daş at, elə san daş günüdür.

*

Yaş ötüb yeddi onu, seyrə çıxıb maşallah,

Kim deyər ki, hacının evdəcə bardaş günüdür.

*

Hey baxardıq gözələ, göz-qaşımız oynardı,

Deməsinlər qoca, lap indi də göz-qaş günüdür.

*

Gözlərində görürəm mən ki, sevinc yaşları var,

Sevinib gül, ay hacı, gözdən axan yaş günüdür.

*

"Ad günü" həm də deyirlər bu günə ey Şahin,

Nə deyirlərsə desinlər, hacının Baş Günüdür!

 

Bu şeiri bitirdim. Amma, hacı maşının pəncərəsindən ətrafa, yola, gülə-çiçəyə tamaşa edir, mən isə əlimdə qələm tutub, yenə də dəftər-varağa baxırdım. Sabahkı günün şeirini bu gün yazmağa başladım. Məncə pis alınmadı.

Qəzəl

Ərdəbil yolu

"Ərdəbil günləri"nə dəvətimiz var bizim,

Hacı Rafiqlə yenə işrətimiz var bizim.

*

Mən ki, "işrət" dedim, əlbəttə, təəccüb yoxdur,

İşrətə dostlar ilə adətimiz var bizim.

*

Əssalam, ey Səfəvi övladının saf vətəni,

Ərdəbil torpağına hörmətimiz var bizim.

*

Əssalam, ey ulu Şah İsmayılın and ocağı,

Andına, məsləkinə rəğbətimiz var bizim.

*

Sənə vardırsa əgər rəğbətimiz dağ boyda,

Şeytana qum qədəri lənətimiz var bizim.

*

Sən ki, dəvət elədin, dəvətə "ləbbeyk" dedik,

Diqqətə qarşı hər an diqqətimiz var bizim.

*

Ölkəmizdən yenə minlərlə salam ərz edirik,

Ürəyi sirlə dolu millətimiz var bizim.

*

Sizi bizdən, bizi sizdən heç ayırmaqmı olar?

Mədəniyyət deyilən sərvətimiz var bizim.

*

Yenə şair görəcək gözlərimiz!.. Çoxdandır

Əsgəre-Şahi ilə ülfətimiz var bizim.

*

Hanı Qəffari ki, gəlsin və deyək şeirimizi,

Şamdan sübhə qədər söhbətimiz var bizim.

*

O Süxənvər hanı xoş sözlərini bir də desin,

Eşidək bir də, ona izzətimiz var bizim.

*

Gərək ünsiyyət üçün fürsəti fövt eyləməyək

Nə qədər ki, hələlik fürsətimiz var bizim.

*

O gün olsun Hacı Rafiq ilə Şahin eşidə:

Ərdəbildən təzə bir dəvətimiz var bizim.

 

Beləcə söhbətləşə-söhbətləşə, yaza-yaza gəlib yetişdik bizim Biləsuvara. Gömrükxanadan keçmək növbəsi. Bu taydan o taya keçənlər çoxdur. Elə bu vaxt telefonum səsləndi və o taydan bir səs eşitdim:

  • Ağaye-Şahin, siz haradasınız, bir saatdır ki, biz sizi gözləyirik.

Tezliklə çatacağımızı bildirdim. Növbəni növbəsiz keçdik. Artıq İran gömrükxanasındayıq. Ərdəbilə gedişimizin səbəbi ilə maraqlandılar. Səbəbi bildilər və nəticə yaxşı oldu. Elə onların işçiləri də bizi növbəsiz yola saldılar.

Budur, İran Biləsuvarı. Bir il bundan əvvəl tanıdığım cənab Bijən sürücü ilə bizi qarşıladı. Sürücünün adı Əlirzadır. Söhbətcil adamdır.

Ərdəbil istiqaməti ilə irəliləyirik. Yemək təklif olundu. Razılaşmadıq, dedik ki, Ərdəbilə nə qədər tez çatsaq o qədər yaxşı olar, sabahkı günə hazırlaşmalıyıq.

Germi şəhərini arxada qoyduq. Meşkin sol tərəfdədir. Ərdəbil sağda olmalıdır.

Yol gedirik. Hacı Rafiq bərk susayıb. Cənab Bijən yol kənarındakı bir dükandan  su alıb gətirdi. Hacı zarafatla dedi:

  • Suyu bir az da gec gətirsəydin 73-cü şəhid mən özüm olardım.

Mən isə hacının sözünə iki beyt şeirlə bunu əlavə etdim:

Lütf eylə, Füzuli uyuyan torpağa göndər,

Qismət ola, yarəb, mənə bir zaviyə küncü,

*

Əlbət, şəhidi yetmiş iki-Kərbibəlanın,

Olsa, şəhidi Rafiq olar yetmiş üçüncü.

 

Beləcə gəlib çatdıq Ərdəbilə. Mehmansərada bizə yer verdilər. Böyük bir qonaq evi. İkimizik. Nahar etdik, maşınla gəzintiyə çıxdıq. Şurabil. Gölün ətrafında çox adam var. Park təmir olunur.

Tez qayıtdıq. Hacı ilə hərəmiz bizim üçün ayrılmış ayrı-ayrı otaqlarda bir qədər dincəldik.

Axşam saat 17-də Fədək sarayında "Ərdəbil günü" mərasiminin açılışına gəlmiş bəzi tanış adamlarla görüşdük. Radio və televiziya əməkdaşları dərhal yanımıza gəldilər. Müsahibə.

Sarayın Konfrans zalındayıq. Bizi birinci sirada əyləşdirdilər.

Səhnəyə göz gəzdirirəm. Baş tərəfdə Şah İsmayıl Səfəvinin rəngli boya ilə çəkilmiş böyük bir şəkli. Şəklin qarşısında konfransın keçiriləcəyi barədə fars dilində belə yazılmışdır:

4 mordad 1394-cü il.

26 iyul 2015

Bu lövhənin sol tərəfində isə yığncağın adı haqqında bu sözləri oxuyuram:

"Ruze-esteqrare-selseleye-Səfəviyye və ruze-ostane-Ərdəbil" (Tərcüməsi belədir: "Səfəviyyə sülaləsinin yaranma günü və Ərdəbil ostanı günü").

Quran tilavətindən sonra dövlət himni səsləndi. Hamı ayaq üstdə idi. Keçmiş vaxtlardan bəri tanıdığım mahir aparıcı və şair aqaye-Tovhid Dilavərqəvam səhnədə göründü. O, bu görüş münasibətilə hamını salamladı, o cümlədən Hacı Rafiqlə mənə də "xoşgəldin" dedi: Bildirdi ki, Türkiyədən də Veysəl Başçı təşrif buyuracaqdır və hazırda yoldadır.

T.Dilavərqəvam elə bu vaxt sözünü saxladı. Ərdəbilin ostandarı cənab dr.Xodabəxş göründü. Hamı onu salamladı və o, gəlib mənim yanımda - onun üçün saxlanmış yerdə əyləşdi.

Aqaye-Dilavərqəvam bir neçə ay bundan əvvəl vəfat etmiş şair Asim Ərdəbilini xatırlatdı və onun "Məndən" rəfifli şeirini oxudu.

Sonra xitabət kürsüsünə dəvət olunan natiqlər öz çıxışlarına başladılar. Dr.Hacızadə İranın müxtəsər tarixindən söhbət açdı. Manna, Mada, Əhəməni, Aşkani, Sasani dövlətlərindən, onların yaranış və süqutundan, Makedoniyalı İsgəndərdən, Ərdəbilin İranın sabiq və indiki mövqeyindən bəhs etdi. Qeyd etdi ki, Ərdəbil əvvəl Sasanilər dövlətinin, sonradan isə Adurbadeqanın (Atropatena) paytaxtı olmuşdur. Aqaye-Hacızadənin sözlərindən:

"İsgəndərin vaxtında İranın 31 əyaləti ona tabe olunmuşdu, amma Atropatena öz müstəqilliyini  saxlaya bilmişdi".

Dr.Hacızadə sonra monqol istilasından, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən, Səfəvilər hakimiyyətinin başlanma tarixindən (26 iyul 1501) danışdı, Şah İsmayılın 6-cı babası Şeyx Səfiəddindən, onun varislərindən, Ərdəbilin strateji mövqeyindən məlumat verdi, "Şah İsmayılın hakimiyyətə gəlişi ilə Milli İran Birliyi (ettehad) yaranmış oldu" deyərək çıxışını yekunlaşdırdı.

Söz aşıq və musiqiçilərə verildi, aşıq havalarını nota salan ağaye-Mehdipur (Təbriz) bir mahnı ifa etdi, dr.Bəqa (Ərdəbil) iki şeir oxudu. Onun şeirinin bir misrası hafizəmdə ilişib qaldı. "Sübhün döşündə dalğalanan şanlı bayrağım".

Ərdəbildən olan parlament nümayəndəsi Kamal Pirmüəzzinin çıxışı. O da Ərdəbilin tarixinə baş vurdu, Şeyx Səfiəddini dönə-dönə xatırladı, Ərdəbilin iki dəfə monqollara qalib gəldiyindən, Şah İsmayılın İranda Şiə Səfəvilər dövlətini yaratdığını bildirdi, "Bu şiə də nəfəs çəkər fəqət Hüseynin eşqinə" misrasını dilə gətirdi, "Ərdəbil mənim varlığımdır" deyib çıxışına son qoydu.

Sonra Davud Zülali (Təbriz) tar və kamançanın müşayiəti ilə "Çahargah" muğamını ifa etdi, bir təsnifində məşhur şair Əbülqasim Nəbatinin "təndə mən" rəfifli qəzəllərini səsləndirdi (onun oxuduğu bir təsnifi İslam Rzayevin ifasında ("Dedim olmaz dərdim//Sənə könül verdim") dinləmişəm.

Sonra söz mənə verildi. Mən yığıncaq iştirakçılarını salamladım və "Ərdəbil günləri"nə dəvətimiz var bizim" misrası ilə başlayan qəzəlimi tamaşaçılara təqdim etdim.

Məndən sonra cənab ostandar dr. Xodabəxş danışdı, Ərdəbilin tarixində "parlaq ulduzların" olduğunu söylədi (onun çıxışı türk dilindəydi). Ostandarın sözlərindən:

"Şeyx Səfiəddin, Təriqəti və başqa şəxslər misilsiz işlər görmüşlər... Şah İsmayıl isə 14 yaşında hakimiyyətə gəlməklə iki böyük iş gördü: Həm İranda vəhdət, həm də şiə və əhli-beyt dövləti yaratdı... Ərdəbil böyük ipək yolu üstündə yerləşmişdı.... Ərdəbilə çoxlu turist gəlir, hələ gələ bilməyənlər isə növbət gözləyirlər... Şəhid Məhəmməd Babazadə 13 yaşında ikən şəhid oldu... Ərdəbil şəhidlər şəhəridir..."

Onun çıxışından sonra jurnalistlər məndən müsahibə verməyi xahiş etdilər. İclas salonundan çıxdım, Ərdəbil Televiziyası və Ərdəbilin "Aran" radiosu üçün öz haqqımda və yaradıcılıq işlərim barədə məlumat verdim. Mən salona qayıdanda Əsgər Şahi artıq xitabət kürsüsü arxasında dayanıb danışırdı. Sonra bir şeirini də tamaşaçılara səsləndirdi.

Növbəti çıxışçı Əsəd Nikfaldır (təxəllüsü "Fəryad"). Xitabət kürsüsünə gəlməzdən əvvəl Əsəd Nikfal mənə özünün bir şeirlər toplusunu təqdim etmişdi. Gözəl şairdir! Şair həmin kitaba salınmış gözəl bir şeirini dedi. Şerin adı "Bəs kim biləcək"dir:

"Gözümdən süzdü ulduzlar, nə ay bildi, nə sən bildin,

Dilimdən axdı həsrətlər, nə çay bildi, nə sən bildin.

Həyat adlı qəbir içrə diriykən basdırıldım mən,

Canım içrə canım cıxdı, nə vay bildı, nə sən bildin,

Belə ehmal çığırdım mən, kağız yandı, qələm yandı,

Qəzəllər gəldi "Fəryadə" nə hay bildi, nə sən bildin".

 

Bu şeirdən sonra Ərdəbil və Təbriz musiqiçilərinin birgə çıxışı başlandı. Çox böyük şair, xəttat, nəqqaş, bəstəkar, xanəndə və s. olan Vədud Müəzzinzadə səhnəyə çıxdı. Gurultulu alqışlar. Vədud ondan çox Ərdəbil mütəfəkkir və şairlərinin büstlərini yaratmış, Şah İsmayıla uca bir heykəl də ucaltmışdır. Sabah isə Şeyx Səfiəddinin heykəlinin açılışı olacaq ki, onun heykəltəraşı məhz Vədud Müəzzinzadədir.

Bəli, Vədud səhnəyə çıxdı. Onun nə qədər ehtiramı var imiş İlahi! Alqışlar səngimək bilmirdi. O, əvvəlcə Şah İsmayıl Xətaidən farsca bir qəzəl söylədi: "...Fərhade-degər peyda şod". Sonra "Gözlərin aldı məni//Nəzərdən saldı məni// Getmə-getmə gözəl yar//Getmə-getmə" nəğməsini ifa etdi. Sonra isə "Çahargah" muğamı!

Məclisin sonunda bir neçə nəfərə, o cümlədən Hacı Rafiqlə mənə də hədiyyələr təqdim olundu.

Beləliklə, bu günün məclisi sona çatdı. Sabah isə Şeyx Səfiəddinin heykəlinin açılış mərasimi olacaq.

27 iyul

Sübh tezdən Hacı Rafiq və mən Şah İsmayıl Xətainin heykəlinin ziyarətinə getdik. Möhtəşəm bir abidə. Şah Xətai, şair Xətai, sərkərdə Xətai!... Gecə onun xəyalı ilə bir yarımçıq şeir yazmışdım, onu bu gün bitirdim:

Qəzəl

Bəlli oldu elə ki, qüdrəti Şah İsmayılın,

Hamı bildi necədir qüvvəti Şah İsmayılın.

*

Şeyx Səfiəddin onun nəslinin əvvəl şeyxi,

O böyük şeyxə olub rəhməti Şah İsmayılın.

*

Səfəvi dövlətinin banisi tək yadda qalır,

Verilib bani kimi qiyməti Şah İsmayılın.

*

Dövr onun dövrü idi, dövran onun dövranı,

Neçə varis yaşadıb dövləti Şah İsmayılın.

*

Şah Səfi, Şah Məhəmməd və böyük Şah Abbas!

Onlara oldu şərəf, şöhrəti Şah İsmayılın.

*

Olsa da gərçi "Xətai" ləqəbi şeirində

Mənfisindən çox olub müsbəti Şah İsmayılın.

*

Yaxşılıq eyləyənə yaxşılıq etmiş daim,

Pisliyə pislik olub adəti Şah İsmayılın.

*

Yayılıb oldu əyan türkü əcəm torpağına,

Vüsətin vüsətinin vüsəti Şah İsmayılın.

*

Yol daşı, ya da ki, daş-qaş, ona yoxmuş fərqi,

Şahina, "Divan" olub sərvəti Şah İsmayılın!

 

Ərdəbil. Heykəli önündə düşüncülər

27 iyul 2015

Biz orada ikən arxamızca maşın gəldi və "Bağe-Şeyx" adlanan gözəl bi bağa tamaşa etməyə başladıq. Sonra Şah İsmayılın anası Aləmşah bəyimin (Marta - Uzun Həsənin qızı) qəbrini ziyarət etdik, I Şah Təhmasibin Səfəvi dövlətində qeyri-şəri əməllərin ləğv olunması xüsusunda xüsusi fərmanı həkk edilən böyük bir daşa baxdıq, baxdıq... Həqiqətən də ikinci Səfəvi hökmdarı Şah Təhmasibin bu fərmanı diqqətə layiq bir abidədir.

Oradan qayıdıb, ayaqqabılarımızı soyunaraq, Şeyx Səfiəddin, xanımı, bəzi övladları və Şah İsmayılın uyuduqları ziyarətgahın ziyarətinə başladıq, çinixana adlanan böyük zala daxil olduq ki, bütün bunlar haqqında əvvəlki səfərnamələrimizdə məlumat vermişik.

Budur, hələlik ağ bir parçaya bükülmüş Şeyx Səfiəddinin nəhəng heykəli. Adamlar çoxalmaqdadır. Görünür ki, açılış təmtəraqlı olacaq.

Doktor Memarini gördük. Göz həkimidir, həm də şair və mütərcimdir. Ömər Xəyyamın rübaisini yazı vəznini saxlamaqla dilimizə tərcümə etmişdır. Həqiqətən də səviyyəli tərcümədir. Ey şairlər, tərcüməni belə edərlər, rübai janrına xas vəzn və məzmunda. Məsələn:

"Hər səbzə ki, arxın qırağında göyərib,

Fikr et ki, mələklər dodağında göyərib.

Təhqir ilə qoyma səbzənin üstə ayaq,

Ol səbzə gözəllər yanağında göyərib".

*

"Çatsaydı əlim bu fələkə gər, bu zaman

Fövrən götürərdim fələki mən aradan

Bir cür təzədən fələk düzəldərdim mən,

Öz kaminə azadə yetərdin asan".

*

"Sirrin əzəlin nə sən qanarsan, nə də mən,

Bu tapmacanı nə sən taparsan, nə də mən.

Var pərdə dalında bizlərin söhbəti çox,

Çün pərdə düşə nə sən qalarsan, nə də mən".

Dr.Memari öz qəzəllərindən bir beytini də söylədi:

"Bir qəmdə könül dağlamışıq lalə də, mən də,

Bir qönçədə qan ağlamışıq jalə də, mən də.

 

Mən Yusifi-eşqəm, yanıram eşqin odunda,

Növrəs də yanır eşqdə sədsalə də, mən də".

 

Heykəlin açılış mərasimi başlandı. Aparıcı yenə də Dilavərqəvamdır.

İlk söz Hacı Rafiqə verildi. "Mən bu gün böyük fərəh və məsuliyyət hissi ilə sözə başlayıram" deyən hacı başladı nə başladı: "Səfəvilər sülaləsi... Sülalənin ilk şeyxi... Şeyxliyin ondan sonra bir-bir başqa övladlara ötürülməsi" və s.

Sonrakı çıxış Ərdəbil fərmandarı aqaye-Zəncaninin oldu. O, "Ərdəbil tariximizə miras qalmış parlaq gövhərdir" deyərək, sözünü Şeyx Səfiəddinə yönəltdi və türkcə parlaq bir çıxış etdi.

Ondan sonra söz Vədud Müəzzinzadəyə verildi və onun çıxışından heykəlin nə qədər əziyyət və məhəbbətlə yarandığı məlum oldu. Dedi ki, bu heykəli daş halına gətirən və heykəlləşdirən xüsusi bir məhluldur ki, hələ 300 il bundan sonra da aşınmayacaqdır.

Ə.Dilavərqəvam Şeyx Səfiəddini şair və nasir kimi də təqdim etdi və onun türkcə yazdığı məşhur qəzəlindən ("...susənmisən, nəsən?" rədifli) üç beyt dedi.

Açılış. Əzəmətli ağ heykəl! Pyedestalda oxuyuram: "Qütbül-arefin və sultanül-muhəqqeqin Şeyx Səfiəddin Ərdəbili (hicri-qəməri 650-735=miladi 1252-1337)".

Mərasim bitdi. Müdiri Kərim Hacızadə olan "Mirase-fərhəngi" ("Mədəniyyət mirası") adlanan bir incəsənət qalereyasına gəldik, oradakı rəsm, büst və xəttatlıq nümunələri ilə tanış olduq.

Saat 17. Yenə Fədək Mədəniyyət Sarayındayıq. Burada Ərdəbilin məşhur şəxsiyyətləri Hacı Lətif Nəbati, dr. Yusif Memari və dr. Əbdürrəhim Cəlayi ilə görüş keçiriləcək və onlar Şah İsmayıl Səfəvi medalı ilə təltif olunacaqlar.

Quran tilavətindən sonra söz Böyükağa Cameiyə verildi, ondan sonra, yuxarıda adını çəkdiyimiz parlament üzvü Kamal Pirmüəzzin danışdı. Sonra isə Ərdəbilin Qeyri-Hökümət Təşkilatının üzvü olan aqaye-Məvazei nitqə başladı.

Çıxışlar bitdikdən sonra Ərdəbilin "Savalan" musiqiçilər qrupunun (üçlük) çıxışı oldu, bir neçə müğənni mahnılar ifa etdi, o cümlədən Zeynəb Xanlarovanın oxuduğu "İstəyirəm görəm səni" və Şəfiqə Axudovanın "Mehriban olaq" mahnıları səsləndi.

Məclisin birinci hissəsi bitdi və ikinci hissəsi başlandı. Təltif mərasimi. Ərdəbil ostandarı dr. Xodabəxş və bir neçə məşhur şəxs səhnəyə dəvət olundular. Hacı Lətif Nəbati, Yusif Memari və Əbdülkərim Cəlayi çıxış etdilər. Y.Memari özünün iki şeirini - "Ana yurdum Ərdəbil" və bir qəzəlini söylədi, onlara layiq olduqları medallar təqdim olundu.

Sonra Vədud Müəzzinzadənin bəstəsi, sözləri və ifası ilə bir mahnı səsləndi, beləliklə bu təntənəli məclis də bitmiş oldu.

Mehmansəradayam. Bu günün gərgin iclaslarından bir qədər yorğunluğuma baxmayaraq bayaqdan bəri bir qəzəl haqqında düşünürdüm. Düşündüm və yazdım da.

Qəzəl

Mənə Məcnun da yaxındır və yaxın Leyla də,

Gah şəhərdə dolaşır, gah gəzirəm səhradə

*

Biri surət düşünür, başqası məna arayır,

Amma ki, könlümü surət də çəkir, məna da.

*

Millilikdir sözümün cövhəri, şəkk varmı məgər?

Xəlqilikdir bəzəyən şeirimi hər misradə.

* 

 "Nəzmi-nazik" demək, əlbəttə, çətin olsa belə

Yazıram sövqə gəlib hər qəzəli mən sadə.

*

Namə yazdım "görüşək". Yazdı o dilbərsə "Məni

Ola bilsin görəsən bəlkə yatıb röyadə".

*

"Vaxt qızıldır" dedilər, mən dəxi təsdiq edirəm,

Vaxtı sərf etməyirəm mən hədəri, dünyadə.

*

Ərdəbildə yazılıbdır bu gözəl, ey Şahin,

Ərdəbil torpağıdır, vaxtımı verməz badə.

28 iyul

Bu gün bir neçə görüşümüz olacaq: "Hövzeye-honəri"də, "Sənət" idarəsində  və  Əsgər Şahinin rəhbərlik etdiyi "Əncüməne-Hafiz" ("Hafiz məclisi") ədəbi məclisində. Mən şeir məclisinə, sözsüz ki, əliboş gedə bilmərəm. Sübh tezdən şeirim hazır oldu:

Qəzəl

Hacı Rafiqlə mənə qismət olub ki, biz də

Ərdəbildə görüşək "Əncüməne-Hafiz"də

*

Gülə yox, şeir bağında sözə baxmaq dilərik,

Söz gülü! Gözlərimiz lalə ilə nərgizdə.

*

Basmasan hər qədəmi astaca bu gülşəndə,

Hər ləpirdə üzə gül bağlanacaq, hər izdə.

*

Bura söz məslisidir, get bura meyxanə deyil,

Saqi, tərk et bizi sən, zövqə yetək meysiz də.

*

Gözləyir sizləri "Məcməs-şüəra" məclisi həm

Ki, gəlib gül dərəsiz məclisimizdən siz də.

*

"Vahidin məslisi" həm var Hacı Rafiq yaşadır,

At çapır sanki o Vahid təzə bir Şəbdizdə.*

*

Qoxlayaq, Şahina, hər il təzə söz güllərini

Ərdəbildə, Bakıda, Gəncədə ya Təbrizdə!!!

Mehmansəradan çıxıb "Hovzeye-honəri" idarəsinə gəldik. Artıq bizi gözləyirdilər. Dəyirmi masa. Məclisi idarənin rəisi cənab Əmir Rəcəbi idarə edir.

Ə.Rəcəblinin sözlərindən: "Biz cox istəyirik ki, Bakı və Ərdəbil, yaxud Azərbaycan və İran arasında ədəbi-mədəni əlaqələr daha da genişlənsin, bizim şair və yazıçıların əsərləri sizdə, sizin yazarların yazıları isə bizdə daha çox yayılsın".

Hacı Rafiq də elə bu məzmunda başladı və sözünü bitirdi.

Sonra dramaturq Əli Həsənzadə "Türki bizim ana dilimiz, farsi - sevgilimizdir" deyərək, hər iki dildə yazan Ərdəbil şair və yazıçılarından bəhs etdi, ölkələrimiz arasında ədəbi əlaqələrin zəif olmasını bildirdi, Cənnət xanım Səlimovanın Ərdəbildə səhnə əsərlərini tamaşaya qoyması haqqında məlumat verdi, habelə qeyd etdi ki, italyan müəllifinin "Don Rafael" və İlqar Fəhminin "İtlər" əsərləri burada nümayişi olunmuşdur, hazırda isə Həsənzadənin (yəni özünün) "Şah İsmayıl" pyesi tamaşaya hazırlanır. Ə.Həsənzadə Ərdəbil teatrı haqqında da məlumat verib, onun 100 ilə yaxın tarixi olduğunu bildirdi, dedi ki, Ərdəbildə teatr tarixinin əsası vaxtilə Moskvada təhsil almış Həsən Nəcəfli tərəfindən qoyulmuşdur.

Sonrakı çıxışçı 20-dən çox kitab müəllifi olan şair və tədqiqatçı Kazım Nəzəri Bəqa oldu. O, şairlərimizdən Bəxtiyar Vahabzadənin, Mədinə Gülgünün, Rəsul Rzanın və Əli Kərimin şeirlərini fars dilinə çevirdiyini və müasir  Türkiyə və Azərbaycan ədəbiyyatını çox sevdiyini bildirdi.

Roman və hekayələr müəllifi Rza Kazemi isə öz çıxışında Anar, Elçin, Afaq Məsud, Əkrəm Əylislinin əsərlərinin İranda məşhur olduğunu xüsusi vurğuladı, Ərdəbilli yazar Saleh Ətayinin bir əsərinin Bakıda cox zəif tərcümə olunduğunu bildirdi. O dedi ki, Məmmədrza Bayram Ərdəbillidir və əsəri İsveçdə mükafata layiq görülmüşdür. Biz istərdik ki, onun da yazdıqları Bakıda tərcümə olunsun.

"Ərdəbil Mədəniyyət və İnkişaf Mərkəzi"nin rəhbəri dr. Hüseyni Azərbaycan Milli Kitabxanasının əvvəllər Ərdəbilə çox kitab göndərməsindən, hazırda isə bu işin zəiflədiyindən söz açdı.

Türkcə və farsca şeirlər müəllifi Şəhriyar Neməti: "Hər iki tayın şairləri iki dilli yazarlardandır. Bakıda əasən türk və rus, İranda isə fars və türk dilləri geniş yayılıb, aramızdakı rabitə isə çox zəifdir. Mirzə Əli Əkbər Sabirin təsiri ilə Əli Əkbər Dehxoda İranın ilk romantik şeirini yazmışdır".

Mahmud Məhdəvi dedi: "Mən əsasən müharibə səciyyəli nəsr əsərləri yazıram, amma arabir şeirlə də məşğulam. İyirmi il bundan qabaq Anarın "Mən, sən, o, telefon" hekayəsini oxudum. Olduqca gözəl əsərdir. Amma, həmin hekayəni tərcümənin tərcüməsi adlandırmaq olar, çünki müstəqimən türk dilindən yox, fars dilinə başqa bir dildən çevrilmişdir. Kamal Abdullanın "Bir, iki, bizimki" əsərini mən hər iki dilə (fars və türk) tərcümə etmişəm".

Dr. Vəhid  Ziyari: "İngilis dilindən fars və türk dillərinə tərcümələrim var. Nazim Axundovun Azərbaycan mətbuatı haqqında yazdığı əsəri fars dilinə çevirmişəm. Əsatir (mif) ədəbiyyatını dirçəltmək lazımdır. Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəri bizdə çox məşhurdur".

Bizimlə olan bu görüşdə qadın yazarlardan Mihən Kərimi (şair, mütərcim), Məsumə Zəbihi (yazıçı), Məryəm Mühəmmədi (yazıçı) də iştirak edirdilər.

Rejissor Həsən Qəhrəmani, rəssam Hüseyn Azad, aparıcı və şair dostumuz Dilavərqəvam, idarə işçiləri Qasım Müzəyyən, Qasım Əhmədi və Biyən də arabir söhbətə qoşulurdular.

Görüşümüz bitdi.

Lakin iki-üç saatdan sonra başqa bir görüş başlandı. AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olan aqaye-İshaqi (elmi rəhbəri mənim "əfqan" dostum professor Həsən Əlibəylidir) tərəfindən şərəfimizə verilən ziyafət məclisindən dərhal mehmansəraya qayıtdıq və Ərdəbil Universitetinin müəllim heyəti ilə dəyirmi masa ətrafında söhbətə başladıq. Bizimlə Universitetin Beynəlxalq Əlaqələr rəisi Rza Əbdi, ustad Əli Əşrəf Soltani, rektorun müşaviri Əli Rza Nigəhdar, Mədəni Əlaqələrin genişlənməsi üzrə məsul dr.Hüseyni, onun köməkçisi dr.Mehravər, müxbir Bəhmən Seyfi və Universitet qəzetinin iki əməkdaşı (Əli Ənvər və xanımı) xeyli söhbət etdilər. Dr. Rza Əbdi qeyd etdi ki, biz Azərbaycan Dövlət Universiteti ilə əlaqələrimizin genişlənməsini cox arzu edirik. Bizim Universitetimizin yaranmasında böyük rolu olmuş Mühəqqəq Ərdəbili də elə bunu istəyirdi. Çalışdığımız bu ali tədris ocağı İranın 400 universiteti içərisində 44-cü yerdədir və 1978-ci ildən başlayaraq fəaliyyət göstərir. 10 ildən çoxdur ki, dünyada tanınırıq.

Bu görüş də bitdi.

Axşam saat 10-da isə bu günün üçüncü görüşü başlandı.

Budur, şair dostumuz Əsgər Şahinin yaraşıqlı evindəyik. "Əncüməni-Hafiz" ədəbi məclisinin növbəti yığıncağı bu dəfə onun yaşadığı evdə keçirilir (Mənə dedilər ki, şairlər hər ay bir şairin evinə yığışırlar). Bu görüşdə Ə.Şahi buradakı şairləri bizə bir-bir təqdim etdi: Türkiyədən təşrif gətirmiş Veysəl Daşçı, dr. Behazin, dr.Cavad Vahabzadə, Tovhid Dilavərqəvam, dr. Bəqa, Tehrandan elə bu gün gəlmiş şair Savalan, şairlər Lütfi, dr. Şəhriyar Neməti, dr. İshaqi, Nikfal Fəryad, mərhum şair Yəhyəvi Ərdəbilinin oğlu Elçi, habelə Camei, Çavuş, Kəyani Yalqız, Bağbani. Demək olar ki, bu şairlərin əksəriyyəti şeir oxudular, Hacı Rafiq geniş çıxış etdi, mənə isə hörmət olaraq iki şeirimi (əvvəldə və axırda) oxumağa imkan verildi. Görüş gecə saat 1-də bitdi.

Ərdəbildə olduğumuz bu üç gün ərzində fürsət tapıb bir şeir də yazmışdım ki, onu heç kimə oxumamışdım, onun ilk dinləyicisi isə Hacı Rafiq oldu. Biz onunla keçən ilin bahar fəslində Ərdəbildə xəstə şair - Asim Ərdəbilinin şərəfinə dövlət tərəfindən yüksək səviyyədə təşkil olunmuş tədbirdə iştirak etmişdik. O günlərdə Ərdəbilə gözlənilmədən bərk qar yağıb yeri ağ yorğana bürümüşdü. Mən bizim üçün gözlənilməz olan təbiətin bu kəskin dəyişikliyindən ilhama gələrək "Ərdəbilə qar yağır" adlı bir şeir qələmə almışdım:

Ağartdı qara yeri,

Ərdəbilə qar yağır.

İstər ağarda yeri

Ərdəbilə qar yağır.

**

Görən coxmu yağacaq?

Günəş haçan baxacaq?

Ağ yorğan, qara torpaq,

Ərdəbilə qar yağır.

**

Dünən yoxdu, bu gün var,

Nə sərt oldu havalar,

Göyü dəldi yenə qar,

Ərdəbilə qar yağır.

**

Bu gün Qarabağ qara...

Yağır, qara bax, qara...

Az qalıbdır bahara,

Ərdəbilə qar yağır.

**

Sular buxara döndü,

Buxarlar qara döndü...

Qar döndü, hara döndü-

Ərdəbilə qar yağır.

**

Qar bu günkü diləkdir,

Qar sabahkı çörəkdir,

Afrikaya gərəkdir,

Ərdəbilə qar yağır.

**

Asim, günün ağ olsun,

Şair, canın sağ olsun,

Ağ gündən soraq olsun

Ərdəbilə qar yağır,

Ərdəbilə qar yağır....

13 mart 2014

Ərdəbil

İndi isə yay fəslidir. Bizim Ərdəbilə bu dəfəki səfərimiz yay ayına düşdü. Bərk istidir. Yəqin ki, qışa qədər daha qar yağmaz. Yay şeiri:

Ərdəbilə yay gəlib

 

Ötdü payız, qış, bahar,

Ərdəbilə yay gəlib.

Dağında əriyib qar,

Ərdəbilə yay gəlib.

**

İllər fəsilsiz olmaz,

Fəsillər ilsiz olmaz,

Ərdəbildən gedib yaz,

Ərdəbilə yay gəlib.

**

İstədi qış - yer dona,

Olmadı qismət ona,

Şeyx Səfinin yurduna,

Ərdəbilə yay gəlib.

**

Gendə qalıb qar, sazaq,

Üşüntü candan uzaq,

Yay bizi qızdıracaq,

Ərdəbilə yay gəlib.

**

Ərdəbilə yönəldi,

Gəlişi nə gözəldi,

Yaylaq mövsümü gəldi,

Ərdəbilə yay gəlib.

**

Gəz onu yaxşı tanı,

Möcüzədir hər yanı,

Göyçək onuntək hanı,

Ərdəbilə yay gəlib.

**

Ver özünü Səreynə!

Olsa soyuq gər sənə

Ərdəbilə dön yenə,

Ərdəbilə yay gəlib.

**

Ayrılıb bu şəhərdən,

Şahin, əgər getsən sən

Qışda çıxıb gedərsən,

Ərdəbilə yay gəlib,

Ərdəbilə yay gəlib.

28 iyul 2015

Ərdəbil

Sabah Bakıya qayıtmalıyıq.

29 iyul

Sübh vaxtı Ərdəbildən yola düşdük. Biləsuvar istiqaməti. Günorta üstü sərhədi keçdik Biləsuvar istiqaməti. Sonra Biləsuvar-Bakı yolu.

Qismət olsa, yenə görüşərik, Ərdəbil!

24-29 iyul 2015

"Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur".

Məhəmməd Füzuli

Şəbdiz - Sasani hökmdarı Xosrov Pərvizin atının adı olmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31