Vorın Vayt  Səhiyyə Nazirliyində

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında regional səhiyyə qurumunun idarə heyətinin üzvü və vitse-prezidenti cənab Vorın Vayt (Warren White) tərəfindən seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, regional səhiyyə sistemi və çoxsaylı xəstəxanaların idarə edməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis Bakıdakı səfəri zamanı İSİM-in təşkilatçılığı ilə keçirdiyi 2 günlük seminarda səhiyyə sisteminin idarə olunması və xəstəxana idarəçiliyi mövzusunda təqdimat etdi.

Seminarda Səhiyyə Nazirliyinin müvafiq qurumları, Azərbaycan Tibb Universitetinin nümayəndələri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllim heyəti, o cümlədən sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə rezidentura keçən rezidentlər, İSİM-in əməkdaşları iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd ABŞ-da səhiyyə sisteminin təşkilində, xəstəxanaların idarə olunmasında tətbiq edilən strukturu iştirakçıların diqqətinə çatdırmaq idi.

"Yenilik və böyümə yolu ilə səhiyyə xidmətlərinin daşınması" adlı təqdimat ilə çıxış edən cənab Vayt tədbir iştirakçılarını özünün fəaliyyət göstərdiyi tibb müəssisələrində bu istiqamətdə, yəni xəstəxanaların keyfiyyətli, səmərəli idarə olunmasında qazandığı təcrübə və regional səhiyyə ilə bağlı 15 tendensiya haqqında məlumatlandırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31