Səlim Müslümov: “Elektron qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin təqribən 47,4 faizi qadınlarla bağlanan əmək müqavilələridir”
“Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
7 Mart 2017 17:37 Sosial"Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır". Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi, ölkədə məşğulluq imkanlarının artımı qadınlar arasında da məşğulluq səviyyəsinin artması ilə müşahidə edilir. 2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb: "Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin 47,4 faizi qadınlarla bağlanan əmək müqavilələridir".
Nazir ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemində qadınların fəal iştirakının müşahidə edildiyini vurğulayıb: "Cari ilin 01 mart tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 431 299 nəfərə çatıb ki, onlardan 1 389 689 nəfəri və ya 40,5 faizi qadınlardır. Eyni zamanda, ölkə üzrə əmək pensiyaçılarının 57,8 faizini, sosial müavinət və təqaüd alanların 41,5 faizini qadınlar təşkil edir. Ölkəmizin pensiya və sosial müavinətlərlə bağlı qanunvericiliyində çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər əksini tapıb. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət verilir".
Nazirliyin qadın əməkdaşlarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edən S.Müslümov onlara xoş arzularını çatdırıb. Sonra qadınlara gül dəstələri və hədiyyələr təqdim edilib.