Qadınların bir günü
365 günün bir gününün qadınlara həsr olunmasına necə baxırsınız? Qadınlar günündə qadınların bir – birlərinin təbrik etməsinə münasibətiniz? 8 Mart Beynəlxalq qadınlar günündə qəbul etdiyiniz ən dəyərli hədiyyə? “Olaylar”ın 8 mart günündə belə bir sorğusu oldu.
8 Mart 2017 12:00 Sosial365 günün bir gününün qadınlara həsr olunmasına necə baxırsınız? Qadınlar günündə qadınların bir - birlərinin təbrik etməsinə münasibətiniz? 8 Mart Beynəlxalq qadınlar günündə qəbul etdiyiniz ən dəyərli hədiyyə? "Olaylar"ın 8 mart günündə belə bir sorğusu oldu.
Ləman Əliəşrəfqızı - əməkdar jurnalist: "Qadınlar həmişə fədakar olublar. 8 martın bütün dünyada bayram edilməyə başladığı illərdə də, ondan qabaq da, indi də. Ona görə də ilin 365 gününü də qadınlara versələr azdır deyərdim. Amma əgər bir gün də olsa veriblərsə, yenə də sağ olsunlar. Gör neçə illərdir bu bayram qeyd olunur. Özü də 8 mart o bayramlardandır ki, hər tərəf çiçək qoxuyur. Əllərdə çiçək, üzlərdə çiçək..Şəxsən mən sevirəm bu bayramı. Ən adi bir diqqətlə hər kəs ətrafındakı bir xanımı sevindirə bilər. Şərt deyil ki, mütləq hədiyyə olsun. Bir "sevirəm" kəlməsi, bir iltifat, bir xoş söz istənilən qadına bayram hədiyyəsi ola bilər.
Çox normal baxıram. Hamımız anamızı təbrik edirik bu bayramda. Birimiz qızı olaraq, birimiz gəlini. Gözləmirik ki, bunu mütləq oğul eləməlidir. Həmin məntiqlə gərək heç anamızı da təbrik eləməyək. Məncə bayramlar kimisə sevindirmək, kiməsə diqqət ayırmaq üçün düşünülübsə, burda içdən gələn hər bir hərəkəti sərgiləmək mümkündür. Eləcə də qadının qadını təbrik eləməsi də.
Oğlum balaca olanda hər il 8 martda mənə açıqcalar hazırlayardı. Ağ kağızda "Mama, səni sevirəm" yazardı, ya gül şəkli çəkərdi. Ondan daha qiymətli hədiyyə ağlıma gəlmir".
Aytən Məhərrəmova - xanəndə: "Çox gözəl baxıram. Xanım üçün çox özəl və gözəl gündü. Niyə də olmasın.
Əlbəttə xanımların bir-birini təbrik etməsi, fikrimcə, çox gözəldi. Şəxsən, mən özümdən böyük qadınları təbrik etməyi daha çox sevirəm. Təbii ki, anam başda olmaqla.
Şablon səslənsə də ən dəyərli hədiyyə mənim üçün diqqətdi. Amma bu bayramda unutmadığım ən dəyərli hədiyyə 8 yaşlı şagirdim tərəfindən, özünün yığdığı pulla mənə aldığı bir ədəd gül olub. Bunun dəyəri mənim üçün ən qiymətli hədiyyə səviyyəsindədi".
Rada Nəsibova - aktrisa: "Düşünürəm ki, qadınlara diqqət hər zaman lazımdır. Yalnız bir gün təbii ki, kifayət etmir. Özəlliyi ondadır ki, bir günü bütün qadınlar eyni gündə sevinir, bu sevinci ümumilikdə qeyd edirlər.
Qadınların bir - birlərini təbrik etmələrinə normal baxıram. Bu gün onların bayramıdır. Kimi rəfiqəsini, bacisini, qızını, anasını təbrik edir.
Özəl aldığım bir hədiyyə var ki, o hədiyyəni əzizləyib saxlayiram. Nə olduğunu deyə bilmərəm. Özəl, mənim qoruyub saxladığım bir sirrdir".
Mehriban Zəki - aktrisa
Təbəssümlə.
Konstruktiv.
Pozitiv.
Günel Aslanova - psixoloq: "Düşünürəm ki, xüsusi günə ehtiyac yoxdur. Məncə qadınlar xüsusi gün mövzusu olmaq kimi mərhələni aşıblar. Ümumilikdə insan problemi daha aktualdır, nəinki gender.
Gün obyekti olaraq özlərini görürlərsə təbrik etmə normaldır.
Hədiyyənin məhz məni düşünərək alınmasına önəm vermək kimi eqoistliyim var. O kriteriyanı ödəmiş bütün hədiyyələr önəmlidir".
Aysel Zahidqızı - jurnalist: "Nəzərə alsaq ki, qadınlarsız yaşamaq və ümumiyyətlə mövcud olmaq çətin və bəlkə də mümkünsüzdür, ona görə də 1 gün təbii ki azdan da azdır.
Normal. Hər bir qadın digər qadına diqqət və hörmət göstərə bilər.
Dəyərinə heç vaxt fikir vermədiyimə görə xatırlamıram".
Müasir dövr qadinin hədiyyə zövqündə nə kimi dəyişiklik görürsünüz? İlin bir gününün beynəlxalq səviyyədə qadinlara həsr olunmasi kişiləri qısqandırırmı? 8 Mart Beynəlxalq qadınlar günündə siz kimləri təbrik edəcəksiniz? Bu suallar kişilərə oldu.
Elçin Hüseynbəyli - yazıçı: "Mənə elə gəlir ki, müasir dövr bayramları, eləcə də Beynəlxalq Qadınlar Günü uzun illər formalaşmış qəliblərdən (stereotiplərdən) kənara çıxıb. İnsanlar daha çox praqmatik olublar. Əvvəllər qadınlara birmənalı şəkildə gül hədiyyə edirdilərsə, indi, çevik telefon, maşın, almaz və s. hədiyyə edirlər. Zövqlər zamana və qadınların istəyinə görə dəyişib. Mənə görə gül həmişə birinci yerdədir və əvəzolunmazdır.
Bu yaxınlarda bir status oxudum: "8 mart qadınların bayramıdır, kişilərlə işiniz olmasın!" İronik bir yanaşmadır. Amma daha ciddi yanaşma da var: "Kişilər qadınların hesabına bir gün istirahət edir."
Təbii ki, bu deyim yazıçılara aid deyil, çünki onlar istənilən gün istirahət edirlər.
Telefonla çox adamı təbrik edəcəm. Amma yəqin ki, bir adama gül alacam. Həmin adam bizim evin xanımıdır və qızılgülü sevir. Elə bilirsiniz asandır!!!" ))))))
Eyyub Qiyas - yazıçı: "Müasir dövrün qadınları nə qədər dəyişibsə, hədiyyə zövqləri və baxışları da bir o qədər dəyişib. Açığı, ürəkaçan dəyişiklik deyil.
Əslində ilin bütün günlərini qadınlara həsr edər və yorulmaz, bezməzdim.
8 mart isə birbaşa siz qadınların günüdür və bunda heç bir qısqanclıq görmürəm.
Anamı, xanımımı və gəlinimi təbrik edəcəyəm".
Baba Vəziroğlu - şair: "Yer-göy fərqi...180 dərəcə...Qadın özü dəyişibsə, zövqü necə sabit qala bilər?!.
Ədalətli bölgüdü...İlin bir günü qadınlar bayramıdı, amma qalan bütün bayramlar kişilərə məxsusdu- dünya kişilərin çiynində bərqərardı və ona görə də, belə arxayınçılıqla fırlanır...
Bütün Azərbaycan xanımlarını...təbii ki, şeirlə...Şairlər dünyanın ən varlı insanlarıdı ...varını verən isə, utanmaz..."
İlqar Cahangir - aktyor
Heç nə.
Xeyir.
Əzizlərimi.
Fərid Hüseyn - şair, jurnalist Hədiyyə düşüncələrə görə sevindiri insanları, ona görə zövqləri nəzərə almaq lazımdır.
Qadınları bu məsələdə qısqanmıram, xanımları sevindirmək, daim bayram yaşatmaq lazımdı.
Anamı və mənə əziz olan xanımı təbrik edəcəm.
NigarNigar