Elçin Hüseynbəyli yazır... Yaxşı nərd oynayan, amma daim uduzan adam

Qələm dostum İlqar Türkoğlu ilə Yasamal dolaylarını aşıb, rahatlanandan sonra keçmiş xatirələr yadımıza düşdü. Təbii, ilk olaraq məşhur şairimiz İlyas Tapdığı xatırladıq.

Elçin Hüseynbəyli

Yaxşı nərd oynayan, amma daim uduzan adam

Qələm dostum İlqar Türkoğlu ilə Yasamal dolaylarını aşıb, rahatlanandan sonra keçmiş xatirələr yadımıza düşdü. Təbii, ilk olaraq məşhur şairimiz İlyas Tapdığı xatırladıq.

Qağamız bir neçə ay öncə bu dünyaya əlvida desə də, ruhu buralardaydı və ətrafımızda dövrə vururdu.

Həmişəki təbəssümlə "necədir?" deyə sual edirdi.

"Əladır". Biz də özlüyümüzdə kirimişcə cavab verirdik.

İlyas Tapdıqla Gədəbəyi çox gəzmişik, İsveçrəyə oxşatdığım bu diyarı qarışbaqarış o, mənə tanıtmışdı.

Gədəbəyin düzənini də, dağ-bağını da, çaylarını, bulaqlarını da öz kəndim kimi tanıyıram. Bəzən gədəbəylilərin özləri mənə həsəd aparırlar, onların ilk vətənlərini yaxşı tanıdığıma görə. Bu diyarın qarlı günlərini də, günəşli zamanını da yaxşı xatırlayıram.

Bir dəfə Başkəndi dolaşdıqdan sonra Mutudərəyə getdik. Süfrə hazır olana kimi döşə qalxdıq və bir qarış yerdə bitmiş otları, çiçəkləri saydıq. Tanıdıqlarımız 31 gül-çiçək, ot-ələf oldu. Başqalarını tanımadıq. Bax, belə bir diyardı Gədəbəy.

Yay günlərinin birində, nahardan sonra İlyas Tapdıq məndən soruşdu: "Ay qağa, ürəyin nə istəyir?"

-Buralarda balıq olur? - deyə soruşdum.

-Olur, -dedi.

Baş kənd gölünə getdik.

Balıqçılar dedilər ki, səhər tutduqlarını satıblar, təzə tor qurublar, axşama yaxın çıxaracaqlar.

Biz də balıqları gözləyə-gözləyə ağacların kölgəsində uzandıq. Sərin meh əsirdi. Bir az aralıda köç düşmüşdü. Ordakılardan biri bizə yaxınlaşdı, İlyas qağaya salam verib, hal-əhval tutdu, özünü nişan verdi və süfrəyə dəvət elədi.

Qağa da dedi ki, biz toxuq, sadəcə balığın çıxmasını gözləyirik.

-Nə bilirsiniz, bəlkə siz axtardığınız bizim süfrədədir, - həmin adam dedi.

Mən də cavabında qayıtdım ki, bu kişi sözlü adama oxşayır, yəqin o balıqları elə bunlar alıblar.

Durub ora getdik, doğrudan da balıqlar qızardılıb stola düzülmüşdü. Bir tərəfdə "Qaz-66" maşını (köhnə "təcili yardım") dayanmışdı, arxa qapısı taybatay açıq idi. Bal bidonları ağzına qədər dolu idi. Mən o zaman gədəbəylilərin arağı balla necə "zakuska" elədiklərini gördüm.

Məclisin sonuna yaxın ortaya nərd gəldi.

Biz orda ləngimədik və rayona qayıtdıq. Yolda dedim ki, "ay qağa mən yaxşı nərd oynayıram, amma fikirləşdim ki, gədəbəyliləri udaram, xətirlərinə dəyər."

İlyas Tapdığın sözləri "unikal" oldu:

-Ay qağa, mən də yaxşı nərd oynayıram, amma həmişə uduzuram...

Mənim suallı baxışlarımı görüb, dediklərinə aydınlıq gətirdi:

-Ay qağa, mən udsam, hesabı gərək özüm verəm, çünki qarşındakı cırnayacaq. Ona görə qəsdən uduzuram ki, qoy oyundaşımın kefi kök olsun, hesabı da özü versin...

Həmişə hesab verən, səxavətli İlyas qağadan ibrətamiz bir etirf eşitdim...

Sağ olsun, var olsun gədəbəylilər!!!

Allah İlyas Tapdığa rəhmət eləsin!!!

Martın əvvəli, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31