Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji yardım

 Şəmkir Bilik Evi nəzdində yaradılmış "Ailə Klubu"unda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminar və fərdi konsultasiya keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Qüsursuz Nitq Mərkəzinin direktoru, loqoped-defektoloq Esmira Qafarovanın apardığı seminarda Şəmkir Heydər Əliyev Mərkəzi tərəfindən dəvət olunan Distant Təhsil Mərkəzinin müəllimləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Fonddan "Olaylar" - a bildirilib ki, E.Qafarova fiziki qüsurların yaranma səbəbləri, problemin aradan qaldırılma yolları, görülməsi vacib olan lkin tədbirlər, uşaqlara psixoloji dəstəyin üsulları barədə ümumi məlumat verib, valideynlərin fikirləri və təklifləri dinlənilib. Əksər iştirakçılar Şəmkirdə reablitasiya mərkəzinin yaradılması arzusunu dilə gətiriblər.

Qüsursuz Nitq Mərkəzinin direktoru xüsusi qayğıya ehtiyacı olan uşaqları fərdi konsultasiyaya cəlb edib, müayinələr aparıb, ilkin diaqnozlar qoyub, valideynlərə lazımi məsləhətlər verib.

Fərdi müayinədə iştirak etmiş uşaqlarda kəkələmə, autizm, dizartriya, əqli geriləmə, psixi və nitq inkişafının ləngiməsi, serabral iflic, dislaliya, psixonevroz, apraksiya, nitqin ləngiməsi, taxilalogiya və s. xəstəliklər aşkara çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31