Təbii Ehtiyatlar İnstitutunun uğurlu elmi nəticələri
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən xüsusi diqqət və qayğı bütün еlm ocaqları kimi AMЕA Naхçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutununda da öz təcəssümünü tapıb. Bu elmi müəssisədə fəaliyyət göstərən üç laboratoriyanın son illər əldə etdiyi elmi naliyyətlər də elə bununla bağlıdır. Laboratoriya rəhbərləri ilə söhbətimizdə əldə edilən uğurlara aydınlıq gətirməyə çalışdıq.
3 Mart 2017 16:41 SosialAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən xüsusi diqqət və qayğı bütün еlm ocaqları kimi AMЕA Naхçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutununda da öz təcəssümünü tapıb. Bu elmi müəssisədə fəaliyyət göstərən üç laboratoriyanın son illər əldə etdiyi elmi naliyyətlər də elə bununla bağlıdır. Laboratoriya rəhbərləri ilə söhbətimizdə əldə edilən uğurlara aydınlıq gətirməyə çalışdıq.
Təbii Ehtiyatlar İnstitutunun binası
İlk həmsöhbətim kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovadı. O, rəhbərlik etdiyi Sorbsiya prosesləri laboratoriyasının yaranması, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirdi ki, 2003-cü ildən fəaliyyətə başlayan laboratoriyada iki istiqamətdə iş aparılır. Birinci istiqamət Naxçıvan Muxtar Respublikasında perspektivli yataqlar olan təbii seolitin fiziki-kimyəvi xassələrinin öyrənilməsi, onların tətbiq sahələrinin müəyyənləşdirilməsidir. Qeyd edək ki, təbii seolitlərin tətbiqinin üstünlüyü onların geniş yayılmasında, ucuzluğunda, bir neçə dəfə istifadə olunmasının mümkünlüyündə və bəzi xüsusiyyətlərinə görə sintetik minerallardan fərqlənməsindədir. Seolitlər üç vacib problemin həllində mühüm rol oynayır. Effektiv enerjini qoruyan proseslərin inkişafında, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılmasında, sənaye və urbaniləşmənin inkişafı nəticəsində yaranan ekoloji problemlərin həllidə. Unikal tərkibinə görə təbii seolit heç bir əlavə və konservant olmadan uzun müddət saxlanılmasına baxmayaraq özünün qiymətli xassələrini qoruyub saxlayır.
Sorbsiya prosesləri laboratoriyası
Laboratoriyanın ikinci istiqaməti çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanmasıdır. Həmsöhbətim bildirdi ki, hidrometallutji proseslərin həyata keçirilməsində əsas aparıcı yerlərdən biri sorbsiyaya məxsusdur. Sorbsiyanın tətbiqi bütünlükdə hidrometallutji prosesin effektivliyini artırmaqla, yüksək kefiyyətli və xüsusi təmiz məhsulların alınmasını təmin edir, istehsalat dövrünün hasiləsiz və qapalı işləməsinə şərait yaradır. Əlvan və nadir metalların, eləcə də çətinəriyən metalların hidrometallurgiyasında sorbsiya metodunun geniş yayılması, bu metodun yüksək qənaətli olması, sorbent çeşidinin kifayət qədər geniş olması ilə əlaqədardır. Bu tip sorbentlər istehsalat üçün əlverişli qiymətlərlə dünyanın aparıcı ölkələrində istehsal olunur.
Öyrəndik ki, işlərin yerinə yetirilməsində AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova, kimya elmləri doktoru, elmi işçi Mahnur Cəfərli iştirak edirlər.
Laboratoriya rəhbəri əldə edilən uğurlardan da danışdı. Qeyd etdi ki, ötən illərdə seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən, habelə sintezindən bəhs edən və müxtəlif quruluş tipli seolitlər barəsində ətraflı məlumat verən elmi əsərlər dərc edilib. Elmi-tədqiqat işlərinin nəticəsi kimi müxtəlif illərdə Almaniyanın Saarbrüken şəhərində ingilis dilində "Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi" adlı monoqrafiya və sözügedən şəhərdə rus dilində "Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri" adlı kitab nəşr edilib.
Laboratoriya əməkdaşlarının 2016-cı ildə də əldə etdiyi uğurlar da yaddaqalan olub. Belə ki, ötən ildə yerli xammal əsasında alınan "Erionit tipli seolitin alınma üsulu" və "Tomsonit tipli seolitin alınma üsulu" adlı ixtiralar patentə layiq görülüb. Qeyd edək ki, ixtiralarda ilkin maddə kimi, Naxçıvan Muxtar Respublikasında böyük yatağı olan dolomitdən və gil mineralı qalluazitdən istifadə olunub. Alınan seolit nümunələri də fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilib.
Bundan əlavə Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-innovasiya mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında olan roluna görə Günel Məmmədova Fəxri Fərmanla təltif olunub. Gənc alim AMEA Rəyasət Heyətinin qrant müsabiqəsində iştirak edib və apardığı tədqiqat işlərinin nəticələrinə əsasən qrant mükafatını qazanıb. Onun təbii qallazit-obsidian sistemində natrolit tipli seolitin hidrotermal sintezi, eyni zamanda yerli xammal-qalluazit, dolomit və vulkanik şüşə əsasında kalsiumtərkibli qmelinit seolitinin sintezindən bəhs olunan məqalələri ABŞ-da çapdan çıxan nüfuzlu "Şüşnən fizikası və kimyası" (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində nəşr edilib.
Ümumilikdə laboratoriya əməkdaşlarının 3 kitabı nəşr olunub, ixtiralarına görə isə 3 patentə layiq görülüblər. Bu günə kimi 300-ə yaxın elmi əsərləri işıq üzü görüb. Əsərlərinin də 150-ə yaxını müxtəlif ölkələrin nəşriyyatında dərc etdirilib.
Təbii Ehtiyatlar İnstitutun digər laboratoriyası Fiziki tədqiqatlar laboratoriyasıdı ki, burada region ərazisində bərpa olunan enerji mənbələrinin öyrənilməsi və günəş çeviricilərində istifadə olunan perspektivli birləşmələrin nazik təbəqələrinin alınması və tədqiqi sahələrində elmi tədqiqat işləri aparılır.
Burada bir baş elmi işçi, iki elmi işçi, bir mühəndis və bir laborant olmaqla beş əməkdaş çalışır.
Laboratoriyanın rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev söhbətimizdə bildirdi ki, laboratoriyada Naxçıvan Muxtar Respublika ərazisindəki bərpa olunan enerji mənbələri, günəş şüalarının, yerli küləklərin, dağ çaylarının və geotermal suların enerji ehtiyatları tədqiq olunaraq hesablanıb. Eyni zamanda istehlakçıların stasionar qaydada enerji ilə təmin olunmaları üçün müasir tələblərə cavab verən günəş çeviricilərinin quraşdırılma yerləri müəyyənləşdirilib.
Öyrəndik ki, laboratoriyada nazik təbəqələrin alınmasında əsasən kimyəvi çökdürmə üsulundan istifadə olunur. Bu üsulla PbS, CdS və digər yarımkeçirici nazik təbəqələrinin alınması metodikası əməkdşlar tərəfindən tam mənimsənilib. Həmsöhbətim bildirdi ki, CdS nazik təbəqədə ilk dəfə olaraq heç bir aşqar vurulmadan ən yüksək fotokeçiricilik müşahidə olunub. Kimyəvi çökdürmə yolu ilə alınan CdS və PbS nazik təbəqələrinin elektrolit məhlulundan ion mübadiləsi yolu ilə uyğun olaraq CdTe-a və PbTe-a transformasiyası prosesi öyrənilib və bu istiqamətdə tədqiqatlar davam etdirilir.
Laboratoriya rəhbəri onu da bildirdi ki, kimyəvi çökdürmə yolu ilə alınan CdS nazik təbəqəsinin və narın tozunun natrium borhidrid məhlulunda qaralması, bir müddət sonra yenidən əvvəlki sarı rəngini alması məsələsi bu istiqamətdə bir sıra təcrübələrin aparılmasına stimul yaradıb. Haliyədə bu metastabil halın mahiyyətini aydınlaşdırmaq üçün araşdırmalar aparılır.
Laboratoriya əməkdaşlarının 2 kitabı nəşr olunub, ixtiralarına görə isə beş patent alıblar. 300-dən çox elmi əsərləri işıq üzü görüb ki, məqalələrin də 54-ü xarici jurnallarda dərc olunub.
Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının əməkdaşları
Naxçıvan Muxtar Respublika mineral xammalın müxtəlifliyinə və ehtiyatına malik olan bir bölgədir. Buna görə də "Mineral xammalın kimyası və texnologiyası laboratoriyası"nda filiz və qeyri-filiz yataqlarının tərkibinin analizi aparılmaqla yanaşı, mineral xammal əsasında bir çox birləşmələrin alınması həyata keçirilir və onların tətbiq sahələri müəyyənləşdirilir. Sözügedən laboratoriyada muxtar respublika ərazisində olan, sənaye əhəmiyyətli 41 müxtəlif faydalı qazıntı yataqlarından gətirilən nümunələrin tərkibləri öyrənilib. Bunlardan Gümüşlü, Ağdərə, Ləkətağ, Gilənçay, Paradaş polimetal, Parağaçay, Alçalıq, Qapıcıq molibdenit, Biçənək manqan, Duzdağ, Sust, Nehrəm daş duz, Salvartı kükürd-kolçedan, Darıdağ antimonit, kinovar, realqar, auripiqment, Ordubad, Şahbuz qızıl və digər yataqların tərkibləri analiz edilib və onların kompleks emalı texnologiyaları işlənib. İşlərin yerinə yetirilməsində əməkdaşlardan, kimya elmləri doktoru Bayram Rzayev, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev, laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva, elmi işçi Rafiq Quliyev, kiçik elmi işçi Turac Süleymanova iştirak ediblər.
Laboratoriya əməkdaşlarının 2004-2016-ci illər ərzində apardıqları elmi-tədqiqat işlərinin nəticələrini qənaətbəxş hesab etmək olar. Belə ki, ötən illərdə əməkdaşlardan Bayram Rzayev, Əhməd Qarayev və Aliyə Rzayeva Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi "İxtiraçılıq sahəsində üçüncü respublika müsabiqəsinin" qaliblərindən olub, 3-cü dərəcəli diplom və pul mükafatına layiq görülüblər.
Azərbaycan Respublika Prezidenti yanında Elmin İnkişafı Fondu lalayihələri müsabiqəsində kimya elmləri doktoru Bayram Rzayevin rəhbərliyi ilə 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən molibden (VI) oksidin, sürmə (III) sulfidin və farmasevtik təmiz natrium xloridin yeni alınma metodlarının işlənilməsi mövzusunda 60 min manat dəyərində qrand layihəsi udulub.
Gənc alim Aliyə Rzayeva, kiçik elmi işçi Turac Süleymanovanın ötən illərdə əldə etdiyi naliyyətlər də yaddaqalan olub. 2015-ci ildə Aliyə Rzayeva Rusiyanın Volqoqrad şəhərində fəaliyyət göstərən "Science and Word" impakt fatorlu jurnalının redaksiya heyətinə üzv seçilib. O, 2014-cü ildə işində fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı gənc alimi", 2015-ci ildə elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Diplom"a, 2016-ci ildə isə elm sahəsindəki nailiyyətlərinə görə AMEA Naxçıvan Bölməsi tərəfindən təbiət və texniki elmlər üzrə "İlin alimi" fəxri adına layiq görülüb. Gənc alim ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə "Ən fəal gənc alim" nominasiyası üzrə mükafat alıb. Müxtəlif illərdə Naxçıvan, Bakı, Gəncə, İstanbul, Çanakkala, Mersində digər bir sıra konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, sertifikatlar alıb. Onun elmi məqalələri Rusiyanın Tomsk və Voronej Dövlət Universitetlərinin jurnallarında, Çexiyanın Praqa şəhərində "Sciences of Europe" Rusiyanın Volqoqrad şəhərində nəşr olunan "Science and Word" impakt fatorlu jurnallarda işıq üzü görüb.
Laboratoriyanın kiçik elmi işçisi Turac Süleymanova isə ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə "Gənc alim" nominasiyası üzrə mükafatlandırılıb. Bu günlərdə Turac Süleymanova elmi fəaliyyətində fəqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Onun elmi məqalələri yerli jurnallarla yanaşı Türkiyədə, Avstriyada, Rusiyanın Tomsk və Voronej Dövlət Universitetlərinin jurnallarında işıq üzü görüb.
Qürürverici haldır ki, fəaliyyəti dövründə laboratoriya əməkdaşlarının 31 kitabı işıq üzü görüb, ixtiralarına görə isə 15 patent alıblar. 400-dən çox elmi məqalələrinin 100-dən çoxu xarici jurnallarda, o cümlədən Türkiyə, Rusiya, Almaniya, ABŞ, İtaliya, Avstraliya və digər ölkələrin nüfuzlu jurnallarında nəşr edilib. Eyni zamanda tədqiqatların nəticələri bir çox yerli və xarici beynəlxalq jurnallarda tezislər şəklində məruzə edilib.
Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyası isə 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb. Laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovadan öyrəndik ki, laboratoriyanın elmi istiqaməti Naxçıvan Muxtar Respublikasında təbii suların yayılma qanunauyğunluqları, onların kimyəvi tərkibi, ehtiyatı, suvarmaya yararlılıqlarının qiymətləndirilməsidir. Cari ildə Babək rayonu ərazisindəki suların kimyəvi tərkiblərinin və komponentlərinə görə ərazinin minerallaşma şəraitinin öyrənilməsi nəzərdə tutulub. İşin icrasına uyğun olaraq Babək rayonu ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri götürülüb. Bura Qaraçuq çeşməsi, Cəhri I və II, Tumbul I və II çeşmələri, Sirab mineral su yatağının 9 və 12 saylı quyusu, Sirab su anbarı, Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd Rza-Dizə artezian suyu, Vayxır su anbarından götürülən su nümunələri daxildir. Cari ildə bu su mənbələrinin kimyəvi tərkibləri, minerallaşma dərəcələri, codluqları və suvarma üçün yararlılıq dərəcələrinin öyrənilməsi nəzərdə tutulub.
Fizzə Məmmədova söhbətimizdə yeni yaradılan laboratoriyanın Naxçıvan Muxtar Respublika üçün əhəmiyyətini bu cür açıqladı. O, bildirdi ki, regionda aqrar sektor geniş inkişaf etdiyindən su təchizatı böyük əhəmiyyətə malikdir. Bu isə yeraltı və yerüstü su ehtiyatlarından səmərəli istifadə olunmasını, habelə muxtar respublika hidrosisteminin ekoloji vəziyyətinin təbii və antropogen amillərdən qorunmasını tələb edir. Bu da yeraltı sularla zəngin olan muxtar respublikada bulaq, çeşmə, mineral sular və kəhriz sularından, həmçinin artezian sularından daha səmərəli istifadə olunması üçün bu suların hidrokimyəvi xüsusiyyətlərinin dərindən öyrənilməsini şərtləndirir.
Qeyd edək ki, yeni yaradılan laboratoriyada aparılan tədqiqatlar bir tərəfdən regionun coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin resurs potensialının diaqnostikasını nizamlayacaq, ərazidəki içməli, mineral və suvarma sularının yararlılığının ümumi mənzərəsini aydınlaşdıracaq, digər tərəfdən xüsusi meliorativ sistemlərin yaradılmasına və onların səmərəli istifadəsinə imkan verəcəkdir.
Məqalələrin dərc olunduğu xarici jurnalların bir neçəsinin şəkli
Bəli, elm adamlarına yaradılan hərtərəfli şərait bu gün elmi tədqiqatlarının imkanlarını genişləndirir və səmərəli nəticələrin əldə edilməsinə geniş imkanlar yaradır. Təbii Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən laboratoriya əməkdaşları da göstərilən qayğı və diqqət müqabilində fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Onların son illər nəşr etdirdiyi elmi məqalələr həm həcminə, həm elmi səviyyəsinə, həm də coğrafiyasına görə öz aktuallığı ilə seçilir. Söhbətimizdən də aydın oldu ki, burada çalışan elmi işçilər səy göstərir ki, elmi nəticələri təkcə ölkə nəşriyyatında deyil, həm də müxtəlif ölkələrin nəşriyyatlarında, elmi jurnallarında işıq üzü görsün və Naxçıvan elminin əldə etdiyi naliyyətlər dünyada tanıdılsın.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı