Arif Rəhimzadə kimdən yanadır?
Son illər Türk dünyasının inkişaf edib möhkəmlənməsi, türkdilli dövlət arasında əlaqələrin genişlənməsi bu ideyanın daşıyıcılarını sevindirdiyi qədər, türk adından xoflanan, onun varlığından təşvişə düşənləri də bir o qədər narahat etməyə başlayıb. Odur ki, uzun illər başları rus açarı ilə idarə olunanlar fürsət düşdükcə türkçülük, türklük əleyhinə öz fəaliyyətlərini ortaya qoyurlar.
3 Mart 2017 15:43 SosialMillət vəkili Heydər Əliyev ideyalarına xəyanət edir
Son illər Türk dünyasının inkişaf edib möhkəmlənməsi, türkdilli dövlət arasında əlaqələrin genişlənməsi bu ideyanın daşıyıcılarını sevindirdiyi qədər, türk adından xoflanan, onun varlığından təşvişə düşənləri də bir o qədər narahat etməyə başlayıb. Odur ki, uzun illər başları rus açarı ilə idarə olunanlar fürsət düşdükcə türkçülük, türklük əleyhinə öz fəaliyyətlərini ortaya qoyurlar. Artıq son bir neçə ay ərzində bir neçə dəfədir ki, eyni situasiya ilə rastlaşırıq. Bir müddət əvvəl aşırı Rusiya segisi ilə tanınan millət vəkili Araz Əlızadənin Bakını bolşevik və daşnaklardan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa barədə səsləndirdiyi cəfəng, şər-böhtan dolu fikirlərinin ardınca onun qardaşı sayılan, lakin maddi maraqlar baxımından bir-birinə qənim kəsilən ruspərəsət Zərdüşt Əlizadənin Xəlil Rza Ulutürkə iftiira atması, onun türk sevgisinə kölgə salmasının ardınca bu dəfə dövriyyəyə millət vəkili Arif Rəhimzadə buraxılıb. Belə ki, adı çəkilən şəxs bu günlərdə mətbuata verdiyi müsahibəsində bildirib ki, azərbaycanlılara "türk" deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır. Arif Rəhimzadənin səsləndirdiyi bu fikirlərin onun üzvü olduğu hakim Yeni Azərbaycan Partiyası və onun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursuna nə dərəcədə zidd olduğunu hələlik bir tərəfə qoyub bir -birinin ardınca türkçülüyə olan hücumların kimlər tərəfindən və hansı məqsəd daşıdığına toxunaq.
Araz və Zərdüşt Əlizadə qardaşları. Azərbaycan cəmiyyətində hər kəsə bu qardaşların Rusiya uşağı olduğu adı qədər bəllidir. Uzağa getməyə ehtiyac yoxdur. Təkcə bir faltı qeyd etmək kifayətdir. Azərbaycanın başına bəlalar gətirən və Rusiyadan idarə olunan eks-prezident Ayaz Mütəllibovun zamanında ən yaxın silahdaşları məhz Əlizadə qardaşları idi. 1992-ci ilin mayında baş verən dövlət çevrilişi bəlkə də Ayaz Mütəllibova bir o qədər təsir etməmişdi, ancaq Əlizadə qardaşları az qalırdı bunu milli faciəyə çevirsinlər. Nədən? Çünki Rusiyanın adamının hakimiyyətdən devrilməsi Əlizadə qardaşlarına şimaldan gələn maliyyənin kəsilməsi idi. Çünki Azərbaycanda bununla hakimiyyətə millətçilər, ömürlərini türkçülük ideologiyasına sərf edənlər gəlirdi. Yəni, türkçülük, millətçilik Əlizadə qardaşlarını müflisləşdirirdi. Ona görə də Əlizadə qardaşlarında hər zaman türkçülük əleyhinə patoloji nifrət olub. Həmin nifrət hissi bu gün də özünü qabarıq şəkildə büruzə verir.
Arif Rəhimzadəyə gəlincə, onun da türkçülüyə, türklüyə qarşı nifrəti Rusiya amilindən qaynaqlanır. Hakim partiyanın üzvü olan, lakin bu partiyanın yaradıcısının ideyalarına zidd mövqe sərgiləyən Arif Rəhimzadə hər zaman Rusiya sevgisi ilə seçilən deputatlardan olub. O, hələ Ali Sovetin deputatı olan zaman Azərbaycan dilində danışmağa çətinlik çəkən biri kimi tanınırdı. Azərbaycan müstəqil bir respublika olsa da, Arif Rəhimzadə müstəqil dövlətin dilinə sayğısızlıq nümayiş etdirirdi. Nəzər alsaq ki, o, həmçinin 2011-ci ildən.Azərbaycan-Rusiya parlamenrlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib, o zaman Rəhimzadənin türkə olan nifrətinin mahiyyəti bəlli olar. Yəni millət vəkili başdan-ayağa Kreml saatı ilə işləyir desək yanılmarıq. Onun millətimizi aşağılayan müsahibəsinin məhz rus portalında işıq üzü görməsi də hər şeyi açıq ortaya qoyur.
Qayıdaq Arif Rəhimzadənin üzvü olduğu Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyev ideyaları, siyasətinə zidd fəaliyyətinə. Məlumdur ki, ümummilli lider hakimiyyətdə olduğu illərdə xarici siyasət sahəsində xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri də türk dünyası ilə əlaqələri inkişaf etdirmək, türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətlərini möhkəmləndirmək idi. Ümummilli lider səfərdə olduğu türkdilli respublikalarda hər zaman bu məqama diqqət yetirir, eyni dil, eyni mənşə, eyni adət-ənənələrə malik olan xalqların vahid, həmrəy şəkildə fəaliyyət göstərməsini vurğulayırdı. Bu mənada ümummilli lider Heydər Əliyev deyirdi ki, "Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik". Yaxud ümummilli lider başqa bir görüşdə qeyd edirdi: "Bizim türk mənşəli, türkdilli xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri eyni və yaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indi mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür".
Göründüyü kimi, ümummilli lider Heydər Əliyev də öz çıxışlarında, keçirdiyi görüşlərdə türk olduğumuzu, eyni köklərə malikliyimizi açıq şəkildə ifadə edirdi. Bunun qarşılığında millət vəkili Arif Rəhimzadənin türk olmadığımızı bildirməsi onun hakim partiyanın üzvü kimi Heydər Əliyev ideyalarına xəyanətinin göstəricisidir. Yaxud Arif Rəhimzadənin işlətdiyi ifadələrdə səmimilik yoxdur. Belə ki, hakim partiyanın üzvü ümummilli liderlə bağlı keçirilən bütün tədbirlərdə çıxışları zamanı Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulayır. Ancaq verdiyi son müsahibəsi ilə özü açıq şəkildə zaman-zaman dediklərini təkzib etmiş olur. Başqa bir versiya isə ondan ibarətdir ki, görünür Arif Rəhimzadənin özü Heydər Əliyev şəxsiyyəti, onun həyat və fəaliyyəti, xüsusilə türk dünyasının birlik və həmrəyliyi istiqamətindəki fəaliyyətlərindən xəbərsizdir. Ümummilli lider Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz fikirlərini belə oxumayıb. Əks halda bu yalnışa imza atmazdı. Və ya bu Arif Rəhimzadənin Heydər Əliyev ideyalarına qarşı açıq savaşıdır?
Füzuli