Pensiya yaşının qaldırılması nə üçün qıcıq yaradır?

Son günlər əsas müzakirə predmetinə çevrilən məsələlərdən biri də "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərlə bağlıdır. Belə ki, bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Qanuna edilən təkliflərdən biri pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlıdır.

Fikrət Yusifov: "Bu gün böyük əksəriyyət ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müəyyən olunub"

Son günlər əsas müzakirə predmetinə çevrilən məsələlərdən biri də "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərlə bağlıdır. Belə ki, bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Qanuna edilən təkliflərdən biri pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlıdır. Sözügedən təklif cəmiiyyətdə müəyyən mənada anlaşılmazlığa səbəb olub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sözügedən qanuna təklif edilən bu dəyişikliklə bağlı bildirib ki, təkliflər qəbul edilərsə dəyişikliklər iyulun 1-dən etibarən qüvvəyə minəcək. Xüsusilə, qadınların pensiyaya çıxma ilə bağlı yaş həddinin artırılması narahatçılıq doğurduğundan millət vəkili buna aydınlıq gətirərək əslində narahatçılığa heç bir əsas olmadığını iddia edib. Komitə sədri qeyd edib ki, hazırda qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hadı Rəcəbli iddia edib ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur: Onun sözlərinə görə, insanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir: "Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız". Hadı Rəcəbli qeyd edib ki, pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən 78,5 ildir: "Biz qadınlara orta hesabla 78, 5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir (60+12). Yəni qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə, pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minumum 12-13 il pensiya alacaqlar".

Düzdür, təklif edilən dəyişikliklər bəziləri tərəfdən süngü ilə qarşılansa da, məsələyə dünya praktikasından yanaşmağın zəruri olduğunu qeyd edənlər də var. Bəzi ekspertlər hesab edirlər ki, pensiya yaşnının artırılması o qədər də qıcıq yaratmamalıdır. Elə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da bu qənaətdədir. O, bildirib ki, cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil: "Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək, bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirlər. Əslində bu gün bütün dünyada qeydə alınan ənənə ondan ibarətdir ki, əksər ölkələrdə bu yaş artırılır və ya onun müəyyən bir dövrdə tədricən artırılması nəzərdə tutulur. Bu ənənənin həqiqətən belə olduğunu görmək üçün müxtəlif ölkələrdə pensiya yaşının vəziyyəti ilə yaxından tanış olmaq lazımdır. İnformasiya əsrində həmin məlumatları hər kəsin əldə etməsi mümkündür". İqtisadçı bildirib ki, bu gün böyük əksəriyyət ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müəyyən olunub: "Düzdür, bəzi ölkələrdə bu yaş bir qədər aşağıdır, ancaq həmin ölkələrin də əksəriyyəti onu artırmağı nəzərdə tuturlar. Azərbaycana gəlidikdə, bu məsələ ilə bağlı şəxsən müşahidə etdiyim məqamlara söykənərək bəzi fikirlərimi söyləmək istəyirəm. Heç vaxt kimdənsə pensiya yaşının çox olmasından narazılıq etdiyini eşitmədim. İllərlədir mənə bu məsələ ilə bağlı müraciət edən müəllimlər, həkimlər, dövlət qulluqçuları və başqa kateqoriyadan olan işçilər, onlara pensiya yaşı çatdığı zaman işlədikləri müəssisələrdə bir neçə il də qalıb çalışmaları üçün kömək göstərmək xahişi ediblər. Pensiya yaşının artırılmasının əleyhinə çıxış edənlərə tövsiyyəm budur ki, bu gün pensiya yaşına çatmış həkim, müəllim, dövlət qulluqçuları arasında bir sorğu keçirib, onlara belə bir sual versinlər - "Siz 63 yaşında pensiyaya çıxmaq istəyirsinizmi?". İnandırıram ki, 100 haldan 98-də insanlar işdə qalıb çalışmaq istəyəcəklərini deyəcəklər. Belə olan halda pensiya yaşının 65-ə qaldırılması nə üçün bu qədər qıcıq yaratmalıdır?"

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31