Azərbaycan mətbuatı media azadlığı göstəricilərinə görə regionun və MDB məkanının lider ölkəsidir
Azərbaycan demokratik cəmiyyətin bir üzvü olaraq hər zaman bu prinsiplərə sadiqlik nümayiş etdirib, ölkədə demokratik ənənələrinin inkişaf etdirilməsinə çalışıb. Söz, fikir, məlumat azadlığı, plüralizm də demokratik prinsiplər sırasında ön sırada olduğundan Azərbaycanda bu istiqamətdə də müsbət irəliləyişlər baş verib.
2 Mart 2017 17:30 SosialAzərbaycan demokratik cəmiyyətin bir üzvü olaraq hər zaman bu prinsiplərə sadiqlik nümayiş etdirib, ölkədə demokratik ənənələrinin inkişaf etdirilməsinə çalışıb. Söz, fikir, məlumat azadlığı, plüralizm də demokratik prinsiplər sırasında ön sırada olduğundan Azərbaycanda bu istiqamətdə də müsbət irəliləyişlər baş verib. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan dövləti hər zaman ölkədə söz, fikir, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsinə maraqlı olub və zaman-zaman bununla bağlı məqsədyönlıü addımlar atıb. Günümüzdə də dövlət səviyyəsində bu sahəyə xüsusi diqqət yetirilir və ardıcıl addımlar atılır. Elə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da bu qənaətdədir. O, qeyd edib ki, s öz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Əhməd Şahidovun sözlərinə görə, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçib: "Ölkə başçısı Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" buna əyani sübutdur. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, mətbuat nümayəndələrinin fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımları göstərmək olar. Milli mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Sərəncamın imzalanması, mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə onlarla jurnalistin Prezident İlham Əliyevin Sərancamı ilə dövlətin orden və medalları ilə, fəxri fərmanlarla təltif edilməsi mətbuatın inkişafına, jurnalistlərin əməyinə verilən qiymətin davamlılığının nəticəsidir". Əhməd Şahidov bildirib ki, ümummilli lider Heydər Əliyevin də ölkədə söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində mühüm xidmətləri olub: " Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi oldu, müstəsna xidmətlər göstərdi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" - söyləyən Ulu Öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Təsadüfi deyil ki, "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi". QHT təmsilçisi hazırda bu sahədə mövcud olan vəziyyət barədə danışıb. Bildirib ki, son onillikdə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Onun sözlərinə görə, dünyanın çox az ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı respublikamızdakı kimi liberal qaydalara rast gəlmək olar. Televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayı artıb: "Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur. İstənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaq və yaymaq imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya vasitələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, əgər əsasları varsa tənqid də edirlər. Vəzifəli şəxslərin, məmurların tənqidi mətbuat üçün demək olar ki, adi normadır. Mətbuatda tənqid olmalıdır və Azərbaycanda da digər demokratik cəmiyyətlərdə olduğu kimi bu, normal qəbul olunur. Bizim bəzi mətbuat nümayəndələrimiz yaradılan bu müstəsna imkanlardan bəzən düzgün yararlana bilmirlər. Tənqid adı altında qara yaxmaq, təhqir, şantaj etmək yolverilməzdir. Jurnalistika fəaliyyəti o demək deyil ki, böhtan atmalı, şantaj etməli, dezinformasiya yaymalısan. Təbii ki, bu zaman böhtanın, şantajın, yalanın hədəfi olanlar qanunvericilik çərçivəsində öz hüquqlarını müdafiə etmək məcburiyyətində qalacaqlar. Təəssüflər olsun ki, son vaxtlar bu kimi neqativ hallara da rast gəlirik". Elə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və ya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir: "Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində yeniliyə imza atıb. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər Azərbaycan nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Həmin sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Azərbaycan Prezidenti Cənab İlham Əliyev də ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi üçün, habelə jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan mediası müasir dövrün tələblərinə uyğun inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, bütün bu sadalanan faktları qonşu ölkələrdəki durumla müqayisə etdikdə, Azərbaycanın çox-çox irəlidə olduğunu görmək olar. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan mətbuatı media azadlığı və bu sahədəki mövcud inkişaf göstəricilərinə görə regionun və MDB məkanının lider ölkəsidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir