Pensiya yaş həddinin artırılması hansı zərurətdən yaranır?

Pensiya yaş həddinin artırılmasını özündə ehtifa edən “Əmək pensiyaları haqqında” qanun layihəsinin martın 7-də parlament müzakirəsinə çıxarılacağı gözlənir. Məsələ orasındadır ki, qanunvericilikdə pensiya yaş həddinin 65-ə çatdırılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Ekspert: "Təklif qadınların sosial müdafiəsi baxımdan arzuolunmazdır"
 

Pensiya yaş həddinin artırılmasını özündə ehtifa edən "Əmək pensiyaları haqqında" qanun layihəsinin martın 7-də parlament müzakirəsinə çıxarılacağı gözlənir. Məsələ orasındadır ki, qanunvericilikdə pensiya yaş həddinin 65-ə çatdırılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" qanuna təklif edilən qadınların pensiya yaş həddi ilə bağlı dəyişikliyə aydınlıq gətirib. Komitə sədri vurğulayıb ki, qanunun iyulun 1-dən etibarən qüvvəyə minməsi təklif edilir: "Məsələn, indi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay (yarım il) müddət pensiya yaşının üstünə gələcək. Gələn il bu hədd 61, o biri il isə 61 yarım, ondan sonrakı il 62 olacaq. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq. Ancaq hazırda hər hansı qadının 60 yaşı varsa, pensiyanı sənədləşdirə bilər. Amma gələn ildən etibarən bu rəqəm 60 yaş yarımdan sonra olacaq". H. Rəcəblinin sözlərinə görə, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur: "İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız".Komitə sədri qeyd edib ki, pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən 78,5 ildir: "Biz qadınlara orta hesabla 78,5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir (60+12). Yəni qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə, pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minumum 12-13 il pensiya alacaqlar". Komitə sədri 12 illik staj müddətinin ləğv olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, staj müddətinin ləğvi obyektiv, lazımlı və xeyirlidir: "Məsələn, adam var ki, 5 il yüksək maaşla yaxşı ödəmə ödəyib. Ancaq pensiyaya çıxmaq istəyir və ona deyirlər ki, sənin 12 illik stajın yoxdur, sənə pensiyaya çıxmaq olmaz. Ancaq indi 12 illik stajın olmasa da, sənin sığorta haqqı ödəmə məbləğinin ümumi həcmini 144-ə böləndə 110 manat edirsə, sən pensiyanı ala bilərsən. Burada əsas məsələ sosial ədalət prinsipinə əsaslanmaqdır". Lakin komitə sədrinin bu əsaslandırılması mütəxəssisləri qane etməyib. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, pensiya yaşının artırılması qadınların sosial müdafiəsi baxımdan arzuolunmazdır. Çünki, təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz və eləcə də məqbul hesab etmədiyimiz məqamlar var. Vüqar Bayramov bildirib ki, rəhbərlik etdiyi təşkilatın - CESD-in bir neçə təklifi bu islahatda yer alıb və təbii ki, bu da təqdir ediləndir: "Bunlardan biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir. Belə ki, mövcud qaydalara əsasən, əmək pensiyayası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini təklif edirdik və bu da qəbul olunub.İkinci məqam, ABŞ-da olduğu kimi, əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə, o zaman hətta pensiya yaşı çatmasa da belə, əmək pensiyasına müraciət edib, ala bilər". V.Bayramov deyib ki, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq:"Təbii ki, məqbul hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş senzinin dəyişdirilməsinə stimul yaratmır. Pensiya yaşının artırılması xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzuolunan deyil. Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Sosial sferada struktur islahatları və o cümlədən saxta əlillik pensiyasılarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən hədəflənən qənaəti əldə etmək mümkündür".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31