SÖYLƏ, ŞAMAN...
1 Mart 2017 15:28 SosialSən, ey yerdən, sən, ey göydən
Xəbər verən Ulu Şaman,
Söylə mənə, xəbər varmı,
Qutlu Ruhdan, Göy Tanrıdan?...
Söylə, Şaman, xəbər varmı,
Turan eldən, Savalandan,
Təbrizimdən, Tehranımdan,
Xəbər varmı, Ağrı dağdan?...
Xəbər varmı, Doğu eldən,
Batı eldən, o dünyadan,
Bu dünyadan, xəbər varmı,
Qılqamışdan, Oğuz Xandan?...
Söylə, Şaman, dastanımdan,
Qavalımdan, qopuzumdan,
Qılıncımdan, qalxanımdan,
Xəbər varmı, toppuzumdan?...
Novruzumdan, bayramımdan,
Adətimdən, heç bir zaman
Pozulmayan, həp yaşayan
Törəmdən, söylə, Şaman...
Söylə, Şaman, nədən səndən
Soruşuram, keçmişimi
Taleyimi, çün sən, mənim
Yaşatmısan tariximi, kimliyimi...
Bu gün sənə mən soruram,
Özəyimi, Türklüyümü,
Minillərdir səninləyəm,
Səndə tapmışam özümü...
Söylə, Şaman, Elşən sənə
Daha nələr sorsun, denən.
"Bütöv Azərbaycan" denən
Al bayraqlı Turan eldən?...
Elşən İsmayıl
26 fevral 2017