Əmək Nazirliyində TİKA ilə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.
28 Fevral 2017 18:04 SosialAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əmək resurslarının məşğulluğunun təmin olunmasının, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində Əmək Mərkəzinin yaradılması işləri də diqqətə çatdırılıb. Mərkəzin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında əhəmiyyəti qeyd olunub. Bu mərkəzin fəaliyyətində İƏT-in Türkiyədə fəaliyyət göstərən qurumu olan İslam ölkələri üzrə Statistika, İqtisadiyyat, Sosial Araşdırma və Tədris Mərkəzi (SESRİC) ilə sıx əlaqələrin qurulmasının faydalı ola biləcəyi vurğulanıb.
A.Urfa TİKA-nın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələrindən bəhs edib. O, təşkilatın Azərbaycanda da uğurlu iş təcrübəsinin olduğunu, həmçinin sosial müdafiə, məşğulluq sahələrində dəstək məqsədli layihələr həyata keçirdiklərini bildirib.
Görüşdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin peşə bilik və bacarıqlarına yiyələnmələrinin, məşğulluq imkanlarına malik olmalarının dəstəklənməsi sahəsində əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.