Zorən "zərərçəkən": pul tələb etməkdə suçlanan şəxsin "havadarlar"ı varmış
Azərbaycan müxalifətinin vücudunu məhv edən bəlalarından biri də düşüncəsini içdən yeyən yanlışlıq və yalan cüzamıdır.
28 Fevral 2017 17:06 SosialAzərbaycan müxalifətinin vücudunu məhv edən bəlalarından biri də düşüncəsini içdən yeyən yanlışlıq və yalan cüzamıdır.
Özlərini "müxalifət mediası" elan etmiş strukturlarda daha çox neobolşevik təbliğatını psevdodemokrat mahiyyətinə süzülmüş formatında xəbərlər yayanlar hələ də dərk etmək istəmirlər ki, qəhrəman elan etdikləri insanları az sonra xəyanətkar kimi devirməklə özlərini ifşa edirlər.
Nədən ki, bir sadə gerçək, deyəsən, bəziləri tərəfindən çox çətin əxz olunur: əzab, şikayət, deyinmək, yalandan şücaətdən bəhs etmək yox, hərəkət, şüur və əməl insanı qəhrəman edər.
Fevralın 17-də İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı saxlanılıb. Onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Jurnalistin vəkili İslam İsmayılovun dediyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəzilik Xidmətinə müraciət edib və pul Elçin İsmayıllıya verilən vaxt o həbs olunub.
E.İsmayıllı haqqında cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində açılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib, ona 24 günlük cəza verilib. Hazırda cinayət işi ilə bağlı istintaq davam edir. Jurnalist 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Elçin İsmayıllı bundan öncə də jurnalist fəaliyyətinə görə xəbərdarlıq aldığını deyirdi.
Onu da xatırladaq ki, 2015-ci ilin iyunun 3-də İsmayıllı Rayon Məhkəməsi jurnalist Elçin İsmayıla xəbərdarlıq edəndən sonra onu sərbəst buraxmışdı.
Vəkilin və təbii ki, E.İsmayıllının dediyinə görə, irəli sürülmüş ittihamlar, səslənən suçlamalar yanlışdır.
Yəni istənilən şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanmasından sonra eşidilən, əsrlərdən bəri məzmun və forması dəyişməyən kəlmələr: "günahsızdır, quramadır, yalandır, saxta ittihamlardır" və s.
Vəkil bildirir ki, E.İsmayıllı ondan şikayətlənmiş adamı 14 il əvvəldən, yəni 2003-cü ildən tanıyır, həmin adamlarla da yaxşı münasibətləri olub.
"Bir ay öncə E.İsmayıllı həmin adamdan 1000 manat borc pul istəyib. Bu günlərdə o adam Elçinə zəng vurub ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini həbs ediblər", - İ.İsmayılov deyib.
Müxalifət mediasında və həmin medianın sosial şəbəkələrdəki səhifələrində israrla vurğulanır ki, E.İsmayıllı "məmurların qanunsuz əməllərini ifşa etdiyinə görə, sifarişli şəkildə tutulub".
Təbii ki, belə deyil.
E.İsmayıllı araşdırmalar, siyasi şərhlər, reportajlar janrında tanınan jurnalist deyil ki, heç olmasa, bu səbəbdən onu "siyasi motivlərə görə həbs olunmuş" şəxs kimi qələmə verənlərin məntiqini anlamaq mümkün olsun.
Əksinə, bütün faktlar olmayan "qəhrəmanlığa" görə qəhrəman nisbinə yüksəldilməyə növbəti "namizəd"in əleyhinədir.
Məhkəmənin xəbərdarlıq etdiyi şəxs sonradan tanışından borc istəyir, tanışı ona borc verir və həmin şəxs saxlanır, üstəlik də pul tələb etməkdə, vəzifəsindən suir-istifadədə suçlanır.
Azərbaycanda media mənsubuna qarşı belə "əməliyyat"ın hazırlanmasını, reallaşdırılmasını və bəhs etdiyimizin şəxsin də məhz belə ssenari əsasında saxlandığını iddia etmək ən azı gülüncdür.
Hazırda istintaq getdiyindən hər hansı formada ehtimallar irəli sürmək istəməzdik. Lakin aydın olan budur ki, Elçin İsmayıllının saxlanması və ona qarşı irəli sürülmüş ittihamlar məhz onun əməlləri ilə bağlıdır.
Jurnalistin saxlanmasını az qala siyasi olaya çevirməyə, E.İsmayıllını da "sifarişli təzyiqlərə məruz qalan insan" kimi qələmə verməyə çalışanların məntiqsiz israrlarından, əsassız iddialarından və aşkar yalanlarından fərqli olaraq rəsmi qurumların mövqeləri qüsursuz təsir bağışlayır.
İctimai fikrə yeni təsir subyekti qismində seçilmiş E.İsmayıllı ilə bağlı təhqiqatın obyektiv olacağı da şübhə doğurmur. Belədirsə, saxlanılan müstəqil jurnalisti az qala "mücadilə qəhrəmanı" qismində təqdim etmək naqislik də sayıla bilər.
Olay ilk baxışdan adi görünə bilər və əslində də, belədir. Məişət cinayətkarlığını rutinlikdən çıxaran məqam isə E.İsmayıllının "Azadlıq" qəzeti və "Azadlıq" radiosu ilə əməkdaşlıq etməsidir.
Bu isə, E.İsmayıllının havadarlarının və könüllü "müdafiəçiləri"nin fikrincə, sən demə, qeyd-şərtsiz olaraq həmin şəxsin aydan arı, sudan da duru olması anlamına gəlməlidir.
Həqiqətin saxtalaşdırılması cəhdləri ola bilər, amma belə saxtakarlıqlar gerçəyi dəyişmir.
Gerçəkdən qorxmaq, yalana tapınmaq yaşam yox, könüllü intihar olduğundan məntiqlə vicdanı siyasi maraqlara asanlıqla qurban verənlərə, sadəcə, təəssüflənmək, onların halına acımaq olar.