Elçin Hüseynbəyli yazır...Qafasını toz basanlar
Səhərlər adətim üzrə gəzirəm. Burası heç. Bir dəfə yazmışdım ki, məni danışdırmasanız da olar. Hər şeyi özüm deyəcəm. Yaxşı bir ifadə də yadımda qalıb. Və həmin ifadə mənim kimi adamların boyuna biçilib. Biri o birisinə deyir ki, səndən kəşfiyyatçı çıxmaz, çünki çox danışıb hamını ələ verərsən...
27 Fevral 2017 14:52 SosialElçin Hüseynbəyli
Qafasını toz basanlar
Səhərlər adətim üzrə gəzirəm. Burası heç. Bir dəfə yazmışdım ki, məni danışdırmasanız da olar. Hər şeyi özüm deyəcəm. Yaxşı bir ifadə də yadımda qalıb. Və həmin ifadə mənim kimi adamların boyuna biçilib. Biri o birisinə deyir ki, səndən kəşfiyyatçı çıxmaz, çünki çox danışıb hamını ələ verərsən...
Bu dəfə, bakılılar demiş "alayı" cür oldu. Bu dəfə ürəyiyumşaqlığımın bəlasına düşdüm. Məşhur şadlıq saraylarından birinin yanından ötəndə həmin sarayın müdiri qədimi dost-qardaşım "S" müəllimi gördüm. Həyətdə nəyəsə düzəliş verirdi. Deyəsən, reklam şiti asırdılar. Fikirləşdim ki, yaxınlaşıb hal-əhval tutum, həm də telefon nömrəsini götürüm. Çünki telefonumu dəyişdiyimdən nömrəsi də silinib. Mirzə Cəlil demiş, mən iki səbəbə ondan nömrə istəyirdim: birincisi, kimsə məndən münasib şadlıq sarayı soruşanda həmişəki kimi onun nömrəsini verim; ikincisi, bəzi adamların istəyiylə dəqiqləşdirmə də aparım. Yəni "S" müəllimin nömrəsi onun öz xeyri üçün mənə lazım idi.
Həyətə girəndə onu görmədim. Bayaq yanında duran adam dedi ki, Məllim o biri korpusdadır, mühafizəçiyə yaxınlaşıb kimliyinizi deyin, yəqin qəbul edər. "Qəbul edər e!"
O dediyi kimi də elədim. Cavan bir oğlan qabağıma çıxdı. Dedim ki, "S" müəllimi görmək istəyirəm. Harda oturur? Mühafizəçi dedi ki, əvvəlcə gərək zəng edək, kimlyinizi bildirək. Razılaşdıq. Adımı, soyadımı dedim. Mühafizəçi bir azdan qayıdıb dübarə ad, soyadımı soruşdu. Yenə də dedim. Telefonu götürüb Məllimin nömrəsini yığdı. Onunla görüşmək istədiyimi dedi və şaşırdıcı bir sual aldı. "Nə məsələdir?". Yəni "S" müəllim belə bir sual verdi. "Heç nə" dedim və qapını çırpıb çıxdım.
Bunu niyə danışdım, dostlar. Baxın, adını çəkmədiyim həmin şadlıq sarayı hələ lap balacaydı və ellilərimizin əksəriyyəti orda toy edir və xeyri öz yerlilərinə verirdi. Açığını deyim ki, yerlipərəst olmasam da, mən də dost-tanışa həmin şadlıq sarayında xeyir işlərini görməyi təklif edirdim. Və bizlərin hesabına şadlıq sarayı böyüdü, bir neçə korpusa çevrildi. Sağlığına qismət. Burası da heç.
İç burasındadır ki, "S" müəllim həm də mənim futbol və sauna yoldaşım olub, yəni çox yaxın olmuşuq və birdən belə bir sual: "Nə məsələdir?"
İndi siz deyin dostlar, əgər şadlıq sarayının müdiri ona xeyir vermək istəyən, həm də qədimi tanışını (dost deməyək daha) bu cür qarşılayırsa, bəs onda sizi qəbul etməyən, yxud foyedə gözlədən icra başçılarından, nazirlərdən niyə inciməlisiniz.
Hə, bir məsələ də qaldı. Əgər öz həmyerlilərm məni tanımırlarsa, onda bütün ölkədən, başqa millətlərdən nə gözləyək? Hələ bir sual da verirlər: Niyə bizdə Nobel alan yoxdur?
Dostlar, həmin adamlara demək istəyirəm ki, qafalarını yusunlar. Deyəsən, həddən artıq toz (pul) basıb...
Bir də...Bir də ki, özüm qəsdən məlum şadlıq sarayının və şefinin adını çəkmədim. İstəmədim nə reklam, nə də antireklam olsun. Bircə onu deyim ki, möhkəm qorunan o "idarə" "Neftçilər"də yerləşir...
Fevralın üçüncü ongünlüyü, 2017