Bilik Fondu Xocalı faciəsinin ildönümü qeyd etdi
24 Fevral 2017 17:15 SosialAzərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiqlənmiş "Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"na əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Okinava Karate Federasiyasının birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Xocalı faciəsi - qan yaddaşımızdır" mövzusunda tədbir keçirilib. Fonddan "Olaylar" - a bildirilir ki, tədbirlərə Fondun əməkdaşlarının və Könüllülər Birliyi üzvlərinin soyqırım qurbanlarının xatirəsini yad etməsi ilə başlanılıb. İcraçı direktor Oktay Səmədov xalqımızın yaxın tarixində baş verən qanlı hadisələrin yalnız müəyyən günlərdə deyil, hər zaman xatırlanmasının və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb
Tədbirdə çıxış edənlər - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik-leytenant Kamran Nəsibov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Mərkəzinin direktoru, siyasət üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Azərbaycan Okinava Qoçiryuryu Karate-do və Kobudo növləri Federasiyasının Prezidenti, VIII dan kəmər sahibi Tarverdi Allahverdiyev Xocalı faciəsinin heç vaxt unudulmayacağından, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərbələrdən, tarixi mədəniyyət abidələrimizə vurulan ziyanın miqyasından danışıblar, gənclərimizin işğaldakı torpaqların qaytarılması üçün hər an döyüşə hazır olduqları vurğulanıb.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, İsmayıllı, Nardaran Bilik evlərində, həmçinin digər rayonlarda yerli icra hakimiyyəti nümayəndələrinin, ziyalıların, fəal gənclərin və məktəblilərin iştirakı ilə anım mərasimləri keçirilib.