Züleyxa Nadir yazır... Məktəblinin “sevgi” macərası...
Sevgi elə bir hissdir ki, həyatdakı bütün gözəlliklərin, bütün yaxşılıqların özəyini təşkil edir. Balaca bir uşağın al-əlvan kəpənəyə olan sevgisi ilə yaşlı bir insanın yaşam sevgisinin heç bir fərqi yoxdu. Çünki sevgilər yaş və ünvan tanımır. Yetər ki, sevgilər gərəkli yaşda doğru ünvana həqiqi hisslərlə bağlansın. Və ən önəmlisi odur ki, bu sevgi sənin həyata bağlanmağına və düzgün yaşam tərzinə stimul versin. Sevgilər müxtəlif olduğu üçün hər yaşın öz sevgi ünvanı olur.
27 Fevral 2017 18:35 SosialZüleyxa Nadir
Məktəblinin "sevgi" macərası...
Sevgi elə bir hissdir ki, həyatdakı bütün gözəlliklərin, bütün yaxşılıqların özəyini təşkil edir. Balaca bir uşağın al-əlvan kəpənəyə olan sevgisi ilə yaşlı bir insanın yaşam sevgisinin heç bir fərqi yoxdu. Çünki sevgilər yaş və ünvan tanımır. Yetər ki, sevgilər gərəkli yaşda doğru ünvana həqiqi hisslərlə bağlansın. Və ən önəmlisi odur ki, bu sevgi sənin həyata bağlanmağına və düzgün yaşam tərzinə stimul versin. Sevgilər müxtəlif olduğu üçün hər yaşın öz sevgi ünvanı olur.
Bu yazıda məktəbli sevgisindən, əks-cinsli şagirdlərin bir-birilərinə hansı hisslərlə bağlanmalarından danışmaq istəyirəm. Məktəblinin məktəbdəki sevgisi kitablar, müəllimlər, dərs tapşırıqları olmalıdı. Təxminən 20 il əvvələ qədər məhz belə idi. Orta məktəb şagirdləri gələcək peşəyə, seçəcəkləri sənətə olan maraqlarını, həvəslərini, istək və arzularını gün keçdikcə sevgiyə çevirərək əlindən tutub istədiklərinin ardınca gedirdilər.
Bu günün şagirdi haqqında isə həmin fikri deməkdə çətinlik çəkirəm. İndiki dövrün məktəblisi tam fərqli bir dünyadan gəlib, sanki. Bu dünyanın düzənini düzəltmək üçün iddialıdırlar. Bu, təbii ki, yaxşıdı. Amma bu iddianı necə reallaşdırmaq istəyirlər? Bu, çox vaxt başqa yönlərdə cücərir, ayrı istiqamətə yön alır.
Məşhur şeirdə deyildiyi kimi, məktəb illəri ömrün ən şirin, ən qayğısız, sevgi dolu günləridi. Həmin illər hər şagirdin qəlbində bir iz qoyur. Kimi bilik, savad əldə edir, kimi gözəl dost qazanır, kimi də özünün sevgisi ilə yaddaşlara hopur.
Məktəbli sevgisinin əleyhinə deyiləm. Kimsə deyə bilməz ki, 10-11 illik məktəb həyatında az da olsa, bu hissi yaşamayıb, yaxud da kimsə ona sevgi dolu sözlər deməyib. Təbii ki, kimisə sevmək, yaxud da kiməsə sevgi etiraf etmək xoş bir hissdi, həmcinin sevildiyini hiss etmək də bir ayrı stimuldu. 15-16 yaşlı yeniyetmələrin bu hissi yaşamalarında bir qəbahət yoxdu. O yaşda olan sevgi bəzən bir ömür onun taleyində yaşıl işıq kimi yanır. Sevgi həmin yaşda təmiz, saf hisslərlə yüklənib sədaqət, vəfa kökləri üzərində cücərərsə, o, sonrakı illərdə formalaşıb ailə həyatı qurmaqla nəticələnir.
Amma 10-12 yaşlı şagirdin yaşadığı bu cür hisslərin uzun ömürlü olacağına inanmaq mümkün deyil. Bu, olsa-olsa uşaq şıltaqlığı, ya da ötəri bir hissdi. Belə şagirdlər dərs zamanı müəllimə də qulaq asmırlar, artıq hərəkətlərə meydan verirlər. Bir çox hallarda dərsə, kitaba olan maraqları da sıradan çıxır. Çünki bu uşaqlar arasındakı münasibət çərçivəni aşdığlı üçün hətta məktəb həyatı onlardan ötrü az qala işgəncəyə çevrilir, bir az da irəli gedərək pis nəticə verir.
Azyaşlı şagird sevginin nə olduğunu anlamayacaq dərəcədə "kordu". Səbəb isə məktəblilərin hələ dünyanı və insanları tam anlamda yaxşı dərk etməməsidir. Amma yuxarı sinif şagirdləri
nisbətən sevginin nə olduğunu anlayacaq qədəq irəli gedirlər. Çünki onlar bədii ədəbiyyatdan öyrənir, eləcə də həyat müşahidələri imkan veriri ki, belə münasibətlərdə yaxşı ilə pisi ayırd edə bilsinlər. Amma çox heyflər ki, həmişə belə olmur. Həmin yaşantıların mənfi tərəfləri qabarıq formada özünü göstərir.
Məsələn bir məktəbli (cins fərqi yoxdur) hələ adını belə düz dərk etmədiyi hissə görə dərslərindən yayınır. Bu isə onun birbaşa gələcəyinə təsir göstərir. Adi halda məktəbli forması ilə məktəbə gələn uşaq artıq bu hissi yaşadıqdan sonra özünü ətrafdakılara göstərmək, daha fərqli görünmək psixologiyası ilə şagird geyimindən imtina etməyə cəhd göstərir.
Yeniyetmələrin çoxu guya məktəbə dərs öyrənməyə gedir. Əslində isə məktəbdə hərəsi özünə bir sevgili tapıb, dərsdən kənarda qalıblar. Həyatlarını bilik əldə edib elm öyrənməklə cəmiyyətdə bir mövqe tutmaqda görmürlər. Elə bilirlər ki, aralarındakı bu münasibət həyatlarının sonunnacan davam edəcək. Onu da deyim ki, bu məsələdə kompüter texnologoyası, telefon özünün əks tərəfi ilə onların "əlindən tutur". Valideyn nə qədər mane olsa da, övladını doğru olmayan bu yoldan çəkindirməyə çalışsa da aldığı ən son dəbli bahalı telefonun funksiyalarına bəzən əhəmiyyət vermir.
Ona görə də erkən yaşda sevgi olmaz. Təcrübə göstəriri ki, bu, böyük səhvdən başqa bir şey deyil. İstər qız olsun, ya da oğlan, məktəb yaşlarında ciddi münasibət qurula bilməz. O yaşda olan qız və ya oğlanlar sağlam qərarlar qəbul edə bilməzlər. Çünki onlar uşaqdırlar.. Bu "sevgi", çox heyf ki, yeniyetmələri səhv addım atmağa sürükləyir. İnsan məktəbli olarkən hələ də uşaq olduğunu hiss etmir. Amma gənc olarkən çox vaxt etdiyi səhvləri anlayır və peşman olur. İstisnaları da inkar etmirəm. Amma razılaşmaq olar ki, belə hal yüzdə, mində bir nəfər olacaq qədər azdı.
Uzun illərin təcrübəsini toplamış, şagirdlərin və məktəb kollektivinin hörmətini, sevgisini qazanmış tanış müəllimlərdən birinə müraciət edərək məktəblilər arasındakı sevgiyə olan münasibətini öyrənmək istədim. O, düşüncələrini belə söylədi: "Ailənin məlumatı və dəstəyi olarsa, bu, daha yaxşı hisslərə çevrilə bilər. Məktəb vaxtı yaranan sevgi əslində normaldır. Lakin ailənin razılığı ilə yaşanmalıdır. Hər münasibətə də sevgi demək olmaz. Amma bu o demək deyil ki, məktəb illərində bütün yaşanan sevgilər yalandır. Elə ən möhkəmi və unudulmazı da məktəb illərində yaşanan sevgidir. Ailə bu münasibətlə maraqlanmalıdır. Əgər razılıq yoxdursa, məsələyə hər iki tərəf zərər çəkmədən vaxtında həll yolu tapılmalıdır. Burada valideynlərin üzərinə çox böyük yük düşür. Gərək onlar uşaqlarla dost, rəfiqə olmağı bacarsınlar. Məktəblilərin yanlış addım atmalarının qarşısını məhz bu yolla almaq olar".
Bəli, hər bir valideyn övladına yaxşı bələddir. Onun necə nəfəs alıb, verməsindən tutmuş qəlbindən keçənlərin nə olduğuna qədər həssas ana ürəyu hiss edir. Ona görə də ana bilməlidir ki, övladı məktəbdə nə işlə məşğuldu. Bilməlidi ki, onun oğlu, yaxud da qızı başqa bir əks cinslə hansı münasibətlərdə yoldaşlıq, dostluq edir. Bu yaşlarda valideyn övladına nəzarət etməli,
ünsiyyət qurmalıdı. Bahalı telefon alıb onu həmin cihazla idarə etmək yox, canlı olaraq, gözlərinə baxmalı, nəfəsini duymalı, ürək döyüntəlirini eşitməlidir. Çünki ANA övladının gözlərindəki baxışlardan, ürək döyüntülərindən, hətta addımlarından belə hiss edir ki, övladı hansı hissləri keçirir.
Təəssüf ki, valideynlərin çoxu bunu etmir. Övladının təlim-tərbiyə işinin müəllimə aid olduğunu düşünür və həmin vaxtlarda onunla əlaqə yaratmağa meyl göstərmir. Bu, tamammilə yanlış davranışdı. Uşaq biləndə ki, valideynləri onun məktəbdə olduğu 5-6 saat müddətində maraqlanmır, o zaman hərəkətlərini aşır və müəllimlərin də nəzarətindən yayınmağı bacarır.
Bu, həmin uşaqların analarıdır ki, evdə onlarla məşğul olacaqları vaxtı qızını, oğlunu yanında oturdub televizorda evlənmə proqramlarına baxır, serialları izləyir. Yeniyetmə uşaq seriallardakı hərəkətləri yaddaşına hopdurur, evlənmə proqramındakı sözləri, ifadələri əzbərləyir və məktəbdə dərs vaxtı parta yoldaşına pıçıldayır, yaxud da telefonla mesaj yazır.
Təcrübə göstərir ki, orta məktəbdə baş qaldıran "sevginin" yeniyetmənin taleyində əks olunan mənfi çalarlarının ortaya çıxmasında valideynlərin rolu çoxdu. Valideyn körpə uşaq deyil, yeniyetməlik yaşını da neçə on il əvvəl arxada qoyub. Halbuki o, nümunə olacaq hərəkətləri ilə övladını tərbiyə etməli, gərəksiz hisslərdən uzaqlaşmaqda onun əlindən tutmalıdı. Amma etmir, ya da ki, edə bilmir. Bəs, neynəməli?
Cavabı həll olunmayacaq qədər çətin olan sualdı...