Elçin Hüseynbəyli yazır... Əsir qadınlar...
Ürəkdağlayan mənzərəydi: qışın soyuğunda çılpaq qadınlar əks olunmuşdu, bəziləri də hamiləydi, fizioloji durumları bunu əyani göstərirdi. Onları qoruyanlar isə əsgərdən çox, sifarişli muzdlulara oxşayırdı.
20 Fevral 2017 15:12 SosialElçin Hüseynbəyli
Əsir qadınlar...
Feysbukda bir şəkil gördüm.
Ürəkdağlayan mənzərəydi: qışın soyuğunda çılpaq qadınlar əks olunmuşdu, bəziləri də hamiləydi, fizioloji durumları bunu əyani göstərirdi. Onları qoruyanlar isə əsgərdən çox, sifarişli muzdlulara oxşayırdı.
Həmin şəkli paylaşan yazmışdı ki, bu, Xocalı əsirləridir.
Təsirləndim. Kövrəldim.
Və...
Və birdən yalnız bir kommentə (şərhə) rast gəldim.
Həmin komment sahibi yazmışdı ki, o qadınlar xocalı yox, Babi Yardakı (Ukrayna) yəhudi qadınlarıdır və 1941-42-ci illərin şəklidir. Ona görə də ağrımağa dəyməz. Çünki bizə dəxli yoxdur...
Şaşırdım, heyrətləndim, sonra düşündüm...
Düşündüm ki, nə dəxli var hara qadınlarıdır, hansı millətdəndir!? Hamilə qadınlar, özləri də çılpaq. Gənc xanımlar... Bu dünyaya uşaq gətirəcəklər. Bəs o uşaqlar doğularsa, kim olcaq? Sonradan həmin şəkillərə baxıb analarını tanısalar, ya tanıtsalar, nə olacaq?
Terrorçuların, qatillərin vətəni və anası olmur. Maləsəf, bəlkə o uşaqlar da terrorçu olacaqlar!?
"Onların bizə dəxli yoxdur" nə demək!?
Dəxli var, özü də çox!
Mən o şəkli görəndə üşəndim. Çünki əsir qadınların millyiyyyəti yoxdur, terrorçunun milliyyəti olmadığı kimi. Fərq, özü də böyük fərq ondadır ki, biri adam öldürür, biri isə dünyaya adam gətirir.
Həmin o şəkildəki çılpaq qadınlar kiminsə bacısı, anası, arvadı, gəlini olublar. Əsası isə ana potensiallıdırlar, bəlkə də anadırlar!
Ağrımağa dəyər, dostlar!
Necə ki, mən ağrıdım, biz ağrıdıq!!!
Fevralın ikinci ongünlüyü, 2017