Elçin Hüseynbəyli yazır... Babanın ümidi...
Mal-qaranın, qoyun-quzunun səsinə oyandım. Öncə mənə elə gəldi ki, kənddəyəm. Özümə gələndən sonra yadıma düşdü ki, şəhərdəyəm, sadəcə təzə qohumlargilə qonaq gəlmişəm, yəni təzə qohumlardan qız almışıq.
13 Fevral 2017 15:24 SosialElçin Hüseynbəyli
Babanın ümidi...
Mal-qaranın, qoyun-quzunun səsinə oyandım. Öncə mənə elə gəldi ki, kənddəyəm. Özümə gələndən sonra yadıma düşdü ki, şəhərdəyəm, sadəcə təzə qohumlargilə qonaq gəlmişəm, yəni təzə qohumlardan qız almışıq.
Qudayla bir otaqda, yanaşı yatmışıq. O məndən tez oyanıb. Həyətdə səs-küy eləyənlərdən biri də odur. Sanki oyandığımı duydu, qapını açıb içəri girdi. Sabahın xeyirdən sonra qudadan soruşdum ki, bu nə hay-küydür, qayıtdı ki, babamdır, heyvanları kəndə aparır.
-Nə heyvan? -deyə key-key gözlərimi döydüm.
-Bir inəkdi, bir dana, bir buzov, altı dənə də qoyun və balaları. Quzular təzə olublar.
Düzü, onun bu izahatı məni qane eləmədi, ona görə də suallı nəzərlərlə ona baxmaqda davam elədim.
-Bilrisən necədi? Mənim babam qəribə adamdı. Qaçqın gələndən bəri mal-heyvanı da özüylə gəzdirir. Yazda heyvanları kəndə aparır, payızda şəhərə gətirir.
-Bəs onları harda saxlayır?
-Bizim evin dalındakı pəyədə.
-Bəs qonşular? Yəqin milçək əlindən bezar olublar.
-Yox, heç bir milçək-zad yoxdu. Babam heyvanları təmiz yerdə saxlayır, iynə-dərmanını da vaxtı vaxtında verir. Özü baytardı. Ona görə də nə bir iy-qoxu var, nə də milçək.
-Sənin baban çudakdı ki, -deyə güldüm.
-Orası elədi, amma babamın öz fəlsəfəsi var. Deyir ki, insanın əl-ayağı hələ diridirsə, gərək təzə süd-qatıq yesin, tay dükan-bazarda satılan dərmanlı ağartının hesabına yaşamasın. Ona görə də biz hər gün təzə süd-qatıq yeyirik.
Heyvanları maşına mindirməmişdən qabaq nənəm inəyi sağıb. Dur gedək isti-siti süd içək.
Əynimi geyinib mətbəxə keçdim. Stolun üstünə səhər yeməkləri düzülmüşü: şor, pendir, kərə yağı, kənd yumurtası....
Sonra buğlna-buğlana qaynar süd gəldi.
Sanki babanın şərəfinəymiş, çünki onların arxasınca baba da içəri girdi: buxara papaqlı, təzəcə qırxılmış üzü, özü də gülərüz, həm də cavan.
-Baba budur!? -deyə təəccübləndim.
Mən onu yalnız toyda görmüşdüm, tamam başqa qiyafədəydi. İndi toydakından da yaxşı geyinmişdi və gümrahıydı.
Gülüşdük.
Üzümə baxdı. Baxışından anladım ki, məmnundur və dilindəki "necədir" sualını ürəyində saxlayıb.
-Əladır! -dedim.
-Bunlar, - evdəkilkəri nəzərdə tutudu, -deyirlər ki, mal-heyvanın başını burax. Sən olmayandan sonra onlara kim baxacaq. -Bura gəl, -deyə beş-altı yaşlı nəvəsini çağırdı, başını sığalladı, -bax bu baxacaq, elə! -dedi və üzündən öpdü.
Uşaq babasının üzünə baxdı və soruşdu:
-Mənə saqqız alasdan?
Baba:
-Əlbəttə alacam.
Uşaq başını aşağı salb otaqdan çıxdı.
-Görürsən!?
Qudam atasının üzünə baxıb belə dedi.
-Bir az böyüsün, baxacaq.
-Baxacaq, baxacaq, -deyə mən də babaya ürək-dirək verdim və süddən bir qurtum içdim. Amma başa düşdüm ki, o uşağın fikri ayrı yerdədi.....
Fevralın ikinci yarısı, 2017