Cəbhə bölgəsində aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb

Artıq 10 rayon  üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq təqdim olunması prosesi həyata keçirilir

Artıq 10 rayon  üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq təqdim olunması prosesi həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.

Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.

Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub.

Tədbir iştirakçıları Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar. S.Məmmədova, L.Abdullayeva və yeni fərdi təsərrüfata sahib olan digər iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Proqram çərçıvəsində növbəti tədbir Hacıqabul rayonunda keçirilib və rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun iştirakı ilə həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmuş  Qarabağ müharibəsi veteranı Akif Qədirovun, Fuad Mehdiyevin və Firuzə Nuriyevanın  fərdi təsərrüfatlarına ilə tanışlıq olub.

Özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institisional işlər aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31