Züleyxa Nadir yazır... İntihara gedən sürüşkən yollar

İllər öncə kəndimizdə gənc bir qadın özünü yandırmışdı. Onda mən uşaq idim. Bütün kənd o hadisədən danışırdı. Hamı qadının anasını məzəmmət edir, günahlandırır, ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirdilər. Deyirdilər ki, yanıb ölmüş qız qalıb ortada, ana onun qızıl boyunbağısının dağılan dənələrini yerdən toplayırmış. Həmin o daş ürəkli anaya kənddə dəli deyirdilər – qızına olan münasibətinə görə.

Züleyxa Nadir

İntihara gedən sürüşkən yollar

İllər öncə kəndimizdə gənc bir qadın özünü yandırmışdı. Onda mən uşaq idim. Bütün kənd o hadisədən danışırdı. Hamı qadının anasını məzəmmət edir, günahlandırır, ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirdilər. Deyirdilər ki, yanıb ölmüş qız qalıb ortada, ana onun qızıl boyunbağısının dağılan dənələrini yerdən toplayırmış. Həmin o daş ürəkli anaya kənddə dəli deyirdilər - qızına olan münasibətinə görə.

Böyüdüm... o intihar hələ də danışılırdı. Beş il tələbə oldum... kəndə gedəndə yenə də həmin hadisənin unudulmadığının şahidi oldum. Təyinatla getdiyim qonşu rayonda işləyirdim... hərdən kənddəki tanış-biliş, qohum-əqrəba ilə söhbətləşəndə hiss edirdim ki, üstünə nöyüt töküb özünü yandıran qızın anasına olan mənfi münasibət dəyişməyib. Həmin qadın - ana öldü, amma rəhmət oxumadılar...

Bu gün o hadisəyə şahid olan yaşlı insanlar haqq dünyasındadırlar, 1-2 nəfər qalıb, onlar da çox yaşlanıb. Amma unutmayıblar, yeri gələndə o intihardan danışırlar. Hələ də o qızın cəsarətindən, anasının onu məcburən ərə vermək istəyindən söz açaraq, özünü yandırmaqla yerə-göyə üsyan etdiyini söyləyirlər. Hələ də o "qansız arvada" lənət oxuyurlar...

***

Niyə xatırladım bu hadisəni? Son vaxtlar intihar hadisələri çoxalıb. Qəribəsi də odur ki, özünü asan, güllələyən, körpüdən, eləcə də qatarın altına atan, sirkə, dərman içib zəhərləyən və s. vasitələrlə bu dünyaya vida deyənlərin çoxu yeniyetmə və gənclərdi. Gənclər niyə beziblər? Yaşamaq nədən əzaba çevrilib? Niyə özlərindən sonra xeyli söz-söhbətin yaranmasına səbəb olurlar?

Ölüm onlar üçün sondu, geridə qalan əzizləri, doğmaları üçün isə yeni başlanğıcdı. Sonu seçmək bəlkə də asandı, ya da gücsüzlükdü. İntihar yolunu seçib bilərəkdən ölümün üstünə getmək isə bir başqa cəsarətdi. Amma bu, o demək deyil ki, intihar edənlər anadan cəsarətli, qorxmaz doğulurlar. Yox. Sadəcə insan elə bir həddə çatır ki, hətta dovşan kimi qorxaq olan adam da doğmalarına, dostlarına və yerə-göyə arxa çevirib Allaha asi çıxır. Demirəm ki, bu yaxşıdı. Demirəm ki, çıxış yolu yoxdu. Demirəm ki, doğru edib özünü öldürür. Demirəm...

Amma deyirəm ki, intihar edənlərə ikrah hissi ilə yanaşmayın. Bütün əyər-əskiyi ilə gözəl olan bu dünyaya göz yumanları qınamayın, filosofluq etməyin, artıq-əskik danışmayın. Heç kim bir başqasının iç dünyasına bələd deyil. Yaxşı bir söz var: özgə evi qaranlıq meşə kimidi. Bu, doğrudan da belədi. Kimsə o qaranlıq meşənin sakinlərinin nə yaşadığını bilmək iqtidarında ola bilməz. Hətta o meşənin meşəbəyisi bu qaranlıqda elə azar ki, yol onu birbaşa ölümə aparar...

Vaxtilə özünü yandıran qız savadsız idi, kənddən qırağa çıxıb özünə müstəqil yol tuta bilmirdi. Diktator xislətli ananın tələbləri qarşısında aciz qalırdı. Amma bu acizlik ona elə bir güc vermişdi ki, odun içində cızhacızla yanmaqdan çəkinməmişdi.

Bu gün isə şərait dəyişib, yaşam şərtləri başqadı, həyatın o qədər işıqlı tərəfləri var ki... amma gənc oğlan, ya qız bu işığa getmək əvəzinə qaranlığa yol alır. Səbəb də odur ki, boynuna düşən məsuliyyətin ağrısını çəkə bilmir, zaman və şərait onun gücü ilə tarazlıq təşkil etmir. Belə

hallarda ətraf mühitin köməyi, bir də doğmaların nikbinliyi olmalıdır ki, insan intihara gedən yolun ağına düşüb nəfəsini tükətməsin. Çünki həyat sevdiklərinlə birlikdə gözəl olur. Onlardan biri əskik olduqda bu gözəllik səni tərk edir, dəyişirsən, bütövlüyün, tamlığın itir. Bu amansız, amansız olduğu qədər də şirin və dadlı həyatın coşqun fırtınaları, qəddar burulğanları bəzən səni qoynuna elə alır ki, orada çabalaya-çabalaya qalırsan. Ta o zamana qədər ki, boğulmamış, suda batmamış hansısa bir qüvvə, hansısa bir güc əlindən tutub ordan çıxarmaqda sənə kömək edir. Vay o gündən ki, əlindən tutan olmasın, yaxud da varsa biganəlik və etinasızlıq nümayiş etdirsin. Bax, o zaman intiharın girdabına gedən yollar sürüşkən olur...

***

Sovetlər zamanında intihar hadisəsi çox az olurdu. İl ərzində ölkədə baş verən özünəqəsd hallarını barmaqla saymaq olardı. Bu, həm ondan irəli gəlirdi ki, insanlar nikbin idilər, həyatdan ikiəlli yapışırdılar və sabaha olan ümidləri güclü idi. Həm də dövlət bütövlükdə İNSAN amilini önə çəkirdi, öz vətəndaşının hər cür qayğısını çəkirdi.

O zamanlar institutu bitirən məzuna təyinat verilir və nəzarətdə saxlanılırdı. Əgər məzun üç ay ərzində göndərildiyi yerdə işinə başlamasa haqqında ciddi ölçü götürülürdü. Daha bir fakt: işləməyn adamları məsuliyyətə cəlb edirdilər, niyə boş-boş gəzdiyini sorğu-suala tuturdular. Dövlətin əlaqədar qurumları öz işlərini elə sahmanlayırdılar ki, əskiklər nəzərə çarpmırdı. Ən azından, komsomol təşkilatı, həmkarlar ittifaqı "divan ayağına" çəkilirdi ki, vətəndaşı intihara sürükləyən problem niyə qabarıqdı? Bu qurumlar hara baxırlar?

Yəni ideologiya elə qurulmuşdu ki, insanların hiss və duyğuları, nə düşündükləri, hansı addımı atacaqları da nəzarətdə idi. Bu, bir tərədfən sərbəst düşüncə yolunda çəpər olsa da, o biri tərəfdən insanların neqativ duyğulara köklənməsinin qarşısını alırdı. Təbii ki, belə bir cəmiyyətdə intihar barədə düşünmək ağılsızlıq olardı. Amma indi həmkarlar ittifaqı yarıtmaz işindən dolayı həm "özünü yandırır", həm də vətəndaşın yanmasına şərait yaradır.

Sosializm cəmiyyətində insanlar, sanki, ölümdən çəkinirdilər, bəlkə də qorxurdular. "Ölüm" sözü bir vahimə idi. İşləmək, gündəlik qayğılarla yaşamaq insanları bu vahimədən uzaqlaşdırırdı. Bir də sovet təbliğat maşını aramsız olaraq çalışırdı ki, "xoşbəxt sovet adamları" sabaha inamlarını hər an, hər dəqiqə gücləndirsinlər. İdeologiyanın ən böyük məqsədi insanları kommunizmə gedən yolda iri addımlar atmağa çağırmaq və həvəsləndirmək idi.

***

Biz o dönəmlərdə intihar hadisələrini kitabdan oxuyurduq. Xüsusilə də xarici ədəbiyyatda bu, daha qabarıq təsvir olunurdu. Anna Kareninanın ("Anna Karenina"), Verterin ("Gənc Verterin iztirabları"), Corc Hetsvudun ("Kerri bacı"), Arturun ("Ovod") intihar səhnələrini oxuyandan sonra uzun müddət yaddaşımızdan silə bilmirdik.

İntihar edərək dünyqlarını dəyişən Yesenin, Mayakovski, Aleksandr Fadeyev, Qoqol, Marina Svetayeva, Heydər Hüseynov, Məsud Əlioğlu kimi şəxsiyyətlərin ölümü indiki kimi gündəmi zəbt etməyib. Halbuki bu insanlar böyük ideallar uğrunda savaşıblar, zamana sığışmayıblar, cəmiyyətin çərçivəsini sındırıblar. Sıradan bir adam olmadıqları üçün ölümlərinin səs-küyə səbəb olmasının qarşısı alınıb. İntiharın səbəbi gizli saxlanılıb. Əhalinin çox hissəsi, xüsusilə sadə insanlar bundan xəbər tutmayıblar.

Sovet ədəbiyyatı, eləcə də incəsənəti insanları yaşamağa həvəsləndirir, xoşbəxtliyin kommunizm formulunu diktə edirdi. Şəhərli fabrik-zavodlarda, kəndli üzüm plantasiyasında, pambıq tarlasında işləyəndə nəğmə oxuyurdu, qətiyyən ölüm barədə fikirləşmirdi, intihar etməyi ağlının ucundan da keçirmirdi.

Amma indi ölüm adiləşib. Çünki cəmiyyətin bütün qatları çat verib. Neqativ hadisələrdən sığortalanmaq mümkün deyil. İnsan nə qədər özünü qorusa da, nikbin olmağa çalışsa da, həyatın gözəlliklərinə təbəssümlə baxsa da, bəzən elə bir uçurumun başında dayanır ki, geri çəkilmək olmur. Belə anlarda dözüm də, güc də, inam da, iman da taqətdən düşür. Problemləri ayağının altına qoymaqda gücsüz və zəif olan adam həmin məqamda başqa bir güclə ölümü başının üzərinə qaldırır. O məqamda, sanki, hansısa bir mistik qüvvə intihar edəni göylərə qaldırır. Öləziyərək son nəfəsini verən ümidi paramparca edib yerə çırpır.

***

Hər dəfə kimsə intihar edəndə daha çox belə fikir səslənir ki, zəifdi, mübarizə apara bilmədi, haqqını istəmədi, ölüm çıxış yolu deyil və s. Təkrar edirəm: insanın canına qəsd etməsi qətiyyən zəiflik deyil. Elə olsaydı yapon kamikadzeləri, xarakiriləri könüllü olaraq ölümlə qucaqlaşmazdılar. Müharibələrdə təyyarəsi ilə tarana gedən, özünü tankın altına atan, qumbaranı belinə bağlayıb bütün bir alayı partladan döyüşçülər qorxmazlıq nümayiş etdirməzdilər.

Belələri ölümsüzlərdi, onlar qəhrəman olaraq yaddaşlara hopur. Amma adi adamların özünü öldürməsi sıradan bir intihardı. Ona görə də bu adamlar yüksək amallar, böyük ideallar yolunda canını fəda edənlərdən fərqli olaraq çox tez unudulurlar. Sadəcə onları bu yola vadar edən səbəbkarlar uzun müddət qınaq obyektinə çevrilirlər.

Heç kim bu dünyadan nə zaman köç edəcəyini bilmir, intihar yolunu seçəcəyini belə əvvəldən planlaşdırmır. Həyat bütün əyər-əskiyi ilə gözəldi. Bütün çatışmazlıqlara baxmayaraq insan intihar etməyə yox, xoşbəxt olmaq üçün yollar aramağa cəhd etməlidi.

İntihar üsyandı! Amma ucuz və mənasız üsyandı. İntihar cəsarətdi! Amma gərəksiz cəsarətdi. İntihar Allaha asi çıxmqdı! Amma kor-korana bir asilikdi.

Öz təcrübəmdən bilirəm...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31