Elm və texnologiyanın inkişafı klassik ailə modelinə nüfuz edib
Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin sistemli şəkildə həyata keçirilməsi istəyi xüsusi dövlət təşkilatının yaranmasını zəruri edir. Məhz bu zərurətdən irəli gələrək, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
10 Fevral 2017 14:52 SosialAilələrdə məişət zorakılığı, selektiv abort, erkən nikah və intihar halları artıb
Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin sistemli şəkildə həyata keçirilməsi istəyi xüsusi dövlət təşkilatının yaranmasını zəruri edir. Məhz bu zərurətdən irəli gələrək, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu onu göstərir ki, Azərbaycan hökuməti ailələrin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqların sağlam və savadlı böyüməsini daim nəzərində saxlayır.Xatırladaq ki, MDB ölkələri içərisində yeganə Azərbaycanda belə bir dövlət qurumu fəaliyyət göstərir. Maraqlıdır, əksər dünya ölkələrində ailə institutunun böhranı hökm sürdüyü halda Azərbaycanda bu sahədə vəziyyət necədir? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir ki, Azərbaycan Şərqlə Qərbin qovuşduğu coğrafi mövqedə yerləşir. Buna görə də dünyada gedən proseslərə baxmayaraq, klassik ailə modeli deformasiyaya məruz qalmır: "Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bizim malik olduğumuz əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə qorunur və gələcək nəsillərə ötürülür. Həmçinin, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr, informasiya, texnologiya dövrüdür, istər- istəməz bu prosesdən kənarda qalab bilmərik. Lakin, biz ailələrimizi - bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunların sırasında məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir". Onun sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə ildə-ilə qanunvericilik bazasının daha da güclənməsi ilə yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir: "Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin briliyant, qızıl, gümüş yubleylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən - nəslə yaşadılır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Burada əsas məqsəd belə həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda, onları sosial və iqtisadi həyatda iştiraka cəlb etməkdir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi", "Azərbaycan gəncliyi", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramıları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsi", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması" və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir". Komitə sədri əlavə edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və priortet istiqamət təşkil edir: "Bildiyiniz kimi, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri "Uşaq Hüquqları haqında Konvensiya"dır. Beynəlxalq müqaviləyə ölkənin qoşulması uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Bu prinsiplərin formalaşdırıması və həyata keçirilməsi nəticəsində Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş 300 mindən çoxu uşaqların hərtərəfli qorunmasını və müdafiəsi sistemi təkmilləşdirildi. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Valideyn məsuliyyətinin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə və "Uşaq hüquqları" haqqında Qanuna dəyişikliklərin edilməsi haqqında Qanunlar qəbul olunmuşdur. Uşaqların sağlamlığı, təhsili və hüquqlarının müdafiəsi istiqamətində çoxlu sayda Dövlət Proqramları qəbul edilmişdir. Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Valideyin himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun, eləcə də, müxtəlif peşələrin öyrədilməsi təmin olunması sahəsində işlər davam edir. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilir, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur".