Qəbul qaydalarına edilən dəyişikliklər

Hər bir sahənin inkişaf etdirilməsi, onun günümüzün tələblərinə uyğun şəkil alması, bu istiqamətdə nailiyyətlərin, uğurların əldə edilməsi üçün zaman-zaman həmin sahədə islahatların aparılması, onun qanunvericilik bazasının təkmiılləşdirilməsi zəruridir. Təhsil sahəsini də bura aid etmək olar.

Ali məktəblərə daha çox biliklilərin qəbul olunmasına kömək edəcək

Hər bir sahənin inkişaf etdirilməsi, onun günümüzün tələblərinə uyğun şəkil alması, bu istiqamətdə nailiyyətlərin, uğurların əldə edilməsi üçün zaman-zaman həmin sahədə islahatların aparılması, onun qanunvericilik bazasının təkmiılləşdirilməsi zəruridir. Təhsil sahəsini də bura aid etmək olar. Etiraf etmək lazımdır ki, son illərdə hər bir sahədə olduğu kimi təhsil sahəsində də ölkəmizdə uğurlu işlər həyata keçirilib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, savadlı, bacarıqlı kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb. Qeyd edilən istiqamətdə işlər günümüzdə də davam edir. Bu sahə ilə bağlı qanunlara, müvafiq qərarlara müsbətyönlü dəyişikliklərin həyata keçirilməsi gənclərin təhsilə marağını daha da artırır. Məlumat üçün qeyd edək ki, bu günlərdə Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər. Təhsil Nazirliyi hesab edir ki, bununla ölkədə ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər.

Nazirlər Kabinetinin məlum qərarının birmənalı olaraq müsbət qiymətləndirildiyi müşahidə edilir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə sözügedən dəyişiklikləri təqdir edib və bəyəndiyini deyib. Millət vəkilinin sözlərinə görə. Edilən dəyişikliklər gənclərimizə bir ildə özünün biliyini iki dəfə yoxlamağa və birinci dəfə həyəcandan olan səhfləri ikinci dəfə təkrar etməməyə imkan verəcək: "Yenilik ali məktəblərə daha çox biliklilərin qəbul olunmasına kömək edəcəkdir".

İqtisadçı ekspert Rövşən Ağayev ali və orta ixtisas məktəblərinə yeni qəbul qaydalarına münasibət bildirərkən deyib ki, il ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanımaq müsbət addımdır: "Xüsusən də bunun abituryentlərin stressini azaltmaq baxımından faydası ola bilər. Amma bu "ali təhsil alanların sayı

artmalıdır" təklifinin bir əmması var. Gerçəkdən Azərbaycan əhalinin hər 100 min nəfəri hesabı ali məktəb tələbələrinin sayına görə, inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Amma say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir. Bunun üçün ali təhsil pilləsini keçid üçün hər bir ixtisas üzrə minimal keçid balları müəyyən edilməsi çıxış yollarından biri ola bilər. Məsələn, maksimum balın (700 bal) 40 faizdən (280 bal) aşağı balla heç bir ixtisas üzrə ali məktəblərə qəbul aparılmamalıdır. Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər. Məsələn, hər abituryent bilməlidir ki, hansı regionda, hansı universitetdə olmasından asılı olmayaraq, riyaziyyat müəllimi olmaq istəyirsə, 400-dən aşağı bal toplamamalıdır". İqtisadçı deyir ki, daha bir təklif pullu ali təhsillə bağlıdır: "Bu gün Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3 faiz ətrafındadı. Dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2 faiz intervalında dəyişir. Bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77 faizi ödənişli təhsil alır. Ona görə də hökumət ölkədə bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır. Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər. Maksimum balın (700 bal) məsələn, üçdə ikisindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılayacaq. Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu da bir stimullaşdırıcı mexanizm ola bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31