Gələn ay Astara-Astara dəmir yolu xətti mart ayında istifadəyə veriləcək

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, görüşdə "Astara (Azərbaycan) və Astara (İran)" dəmir yolu sahəsinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti məsələləri müzakirə olunub. Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının istifadəyə verilməsindən və digər məsələlərdən danışıb. İİR yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə çıxış edərək, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatmasını, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Hazırda Astarada (İran) işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31