Elçin Hüseynbəyli yazır...Xoruzu niyə və necə edam elədilər?

Bu yaxınlarda oxudum ki, Hondurasda polislər bir xoruzu həbs edib dama salıblar. Buna səbəb isə xoruzun gecə-gündüz banlayıb qonşuları diksindirməsi və xoruz sahibi ilə çəpər qonşularının davası olub.

Elçin Hüseynbəyli

Xoruzu niyə və necə edam elədilər?

Bu yaxınlarda oxudum ki, Hondurasda polislər bir xoruzu həbs edib dama salıblar. Buna səbəb isə xoruzun gecə-gündüz banlayıb qonşuları diksindirməsi və xoruz sahibi ilə çəpər qonşularının davası olub.

Bu xəbər illər əvvəl Bakıda baş vermiş bir hadisəni yadıma saldı, daha doğrusu, baməzə dostumu yerindən oynatdı və mənə bunları dedi:

Uzağa getmək nəyə lazım. Hondurasda xoruzu sadəcə həbsxanaya salıblar, bizdə isə məhkəmənin qərarıyla xoruzu edam ediblər.

-Necə? - deyə heyrətləndim?

Bax belə:

-Mənim bir tanışım vardı, bir elmi idarədə işləyirdik. Elə oldu ki, onu xarici ölkələrdən birinə təcrübəyə göndərdilər və o, bir neçə il qürbətdə yaşadı. Vətənə qayıdanda əməlli-başlı alim kimi qayıtdı, amma admlarla qəribə davranmağa başladı. Qəribə deyəndə ki, Avropa qayda-qanunları ilə yaşamaq istədi, alver eləyəndə qəpiyindən də keçmədi. Bir dəfə isə eşitdim ki, tanışım məhkəməyə düşüb.

Getdim yanına, soruşdum ki, nə məsələdir, cavabında məlum oldu ki, sən demə bunun qonşuluğunda bir ailə yaşayır, ailənin toyuq damı var və orda yaşayan bir xoruz ona gün verib- işıq vermir: "Gecə-gündüz, kefi nə vaxt istəsə banlayır: nə yatmağa imkan verir, nə düşünməyə, doktorluq işimi də bu yaxınlarda təhvil verməliyəm. Əvvəlcə qonşunun özünə şikayət elədim, dədə-baba qaydalarını yadına saldım, dedim ki, vaxtsız banlayan xoruzu kəsərlər, amma qonşu razılaşmadı, dedi ki, xoruz onundur və kefi nə vaxt istəsə banalaya bilər. Sonra keçdim qanun dilinə, birgəyaşayış haqqında xatırlatmalara, amma bu da qonşuma təsir eləmədi. Onda mən onu məhkəməylə hədələdim. O da dedi ki, "get əlindən gələni beş qaba çək." Məcbur olub mənzil istismar idarəsinə getdim. Müdir dedi ki, qonşun pis adamdır, ipə-sapa yatan deyil, çoxdandır ki, mənzil haqqını da vermir. "Yaxşısı budur sən məhkəməyə şikayət elə. Qoy onun dərsini versinlər. Ziyalı adamsan, sözün yerə düşməz". Özün bilirsən ki, tez-tez televizora çıxıram, hamı məni tanıyır və elə bilirlər ki, məhkəmə dediyimi yerinə yetirəcək, haqqın tərəfini tutacaq. Mən də həmin xoruzu verdim məhkəməyə, cavabdeh qismində də qonşu çıxış edəcək. İstəsən sən də mənim ictimai vəkilim olarsan..."

Düzü, mən boyun olmadım. Ona görə ki, məhkəmələrdən qorxurdum, həm də ona görə ki, dostumun bu "çudaklığına" gülməyim tuturdu.

Üstündən bir müddət keçəndən sonra tanışım, həm də iş yoldaşım gülə-gülə mənim yanıma gəldi və məhkəmə qərarını mənə göztərdi. Orda belə yazılmışdı: "...ərizəsinə əsasən məhkəmə hadisə yerinə baxış keçirmiş, qonşuları dindirmiş və iddiaçının iddiasının haqlı olduğunu üzə çıxarmışdır. Odur ki, qərara alıram: Konstutisiyanın ...maddəsində nəzərdə tutulmuş (maddə yadımdan çıxıb) vətəndaşların istirahət hüququnu pozan Xoruz tutulsun və ciddi cəzalandırılsın (yəni gizlicə edam edilsin). Bu barədə məlumat Xoruz sahibinə çatdırılsın. Əgər o, xoşluqla məhkəmənin qərarını yerinə yetirməsə, iddiaçının mənəvi zərərə görə tələb etdiyi cərimə də ondan tutulub "Veterinarlar Birliyi"nin hesabına köçürülsün. Heç bir şikayət qəbul edilmir. Məhkəmənin hakimi...."

Sonrası no-oldu? -deyə gülə-gülə xəbər aldım.

-O oldu ki, qonşu məhkəmənin qərarına əməl elədi, xoruzu kəsdi, bozbaş bişirdi, qonşuları da mən qarışıq qonaq çağırdı.

-Getdin?

-Getdim də, yaxşıca yedim də!

Bu yerdə gözüm kəlləmə çıxdı, amma büruzə vermədim, eləcə candərdi gülümsündüm və ürəyimdə "yazıq Xoruz!" deyə düşündüm...

Fevralın birinci ongünlüyü, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31