Çoxmənzilli binada müştərək cəmiyyəti hansı qaydada yaradılır?

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşurlar və materiallar paylanılır.

Ölkədə cəmi 40-dək MMMC yaradılıb

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşurlar və materiallar paylanılır. Paralel olaraq yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçilərə MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir. Həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, indiyədək 40-dək MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib. Lakin buna baxmayaraq, hələ də mənzil mülkiyyətçilərinin MMMC-lərin yaradılması və yeni idarəetmə üsulları ilə bağlı hüquqli biliklərini yetərli hesab etmək düzgün olmazdı. Aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də mənzil mülkiyyətçiləri yeni idarəetmə orqanının yaradılması üçün tələb olunan sənədlər, eləcə də hansı orqana müraciət barədə məsələlərdə çətinlik çəkirlər. Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.Yaradılması nəzərdə tutulan MMMC-nin qeyri-kommersiya qurumu kimi dövlət qeydiyyatına alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Onun sözlərinə görə, təsis olunacaq MMMC-nin dövlət qeydiyyatından keçməsi üçün tələb olunan sənədlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən olunmuşdur: "Qanunvericilikdə Mənzil Mülkiyyətçiləri tərəfindən Müştərək Cəmiyyətinin yaradılması üçün əsaslar müəyyən edilib. Belə ki, Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanı olmaqla, çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi, eləcə də Mənzil Məcəlləsi ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Eyni zamanda, Məcəllənin 141.2-ci maddəsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin binanın idarə edilməsi məqsədilə üç idarəetmə üsulundan (- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə) birini seçməyə borclu olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, Məcəllənin 109.5-cü maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mənzil Məcəlləsi, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya MMMC-yə çevrilməlidir". Maraqlıdır, elə isə hansı çoxmənzilli bina və evlərdə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) təsis oluna bilər? Hüquqşünas qeyd edib ki, Mənzil Məcəlləsinin 120.2-ci maddəsinə əsasən MMMC ən azı iki mənzilin yerləşdiyi binaların, ən azı bir mənzil və digər mülkiyyətçiyə məxsus bir qeyri-yaşayış sahəsi olan binaların, sahələri çoxmənzilli binanın müxtəlif (ikidən az olmayan) sahə mülkiyyətçilərinə məxsus olan, ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə çoxmənzilli binanın, ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə yaşayış evlərinin sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər. Eləcə də, Məcəllənin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər mənzil qanunvericiliyinə uyğun MMMC yaratmaq hüququna malikdirlər.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31