Səfir: Böyük Britaniya enerji layihələrinin reallaşması üçün Azərbaycana dəstək vermək niyyətindədir
Milli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Meri Krofts ilə görüşüb. “Olaylar” xəbər verir ki, sədr qonağı Milli Məclisdə salamlayaraq, ona gələcək diplomatik fəaliyyətində xalqlarımızın rifahı naminə uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsində dövlət və hökumət başçılarımızın rolu danılmazdır. Azərbaycan Prezidenti ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
3 Fevral 2017 13:19 SosialMilli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Meri Krofts ilə görüşüb. "Olaylar" xəbər verir ki,
sədr qonağı Milli Məclisdə salamlayaraq, ona gələcək diplomatik fəaliyyətində xalqlarımızın rifahı naminə uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsində dövlət və hökumət başçılarımızın rolu danılmazdır. Azərbaycan Prezidenti ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq ənənəvi hal almışdır: "Biz Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyət göstərməsini yüksək qiymətləndiririk. Bu gün Azərbaycanda 500-dən artıq Britaniya sərmayəli şirkət və çoxsaylı iş adamları fəaliyyət göstərirlər. Böyük Britaniya strateji əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin çəkilişində Azərbaycanı həmişə dəstəkləmişdir. Ölkəmiz artıq TAP və TANAP kimi layihələrin icrasına start vermişdir. Birgə Hökumətlərarası Komissiyanın yaradılması qarşıya qoyulan ümumi məqsədlərə çatmaq üçün uğurlu bir addımdır". Spiker parlamentlər səviyyəsində əlaqələrimizin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. Bildirib ki, parlamentlərarası dostluq qruplarının qarşılıqlı mövcudluğu qanunvericilik strukturları arasında əməkdaşlığımızın əsasını təşkil edən amillərdəndir. Sədr parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmli hesab edərək vurğulayıb ki, nüfuzlu beynəlxalq qurumlarda, beynəlxalq parlament platformalarında deputatlarımız uğurlu əməkdaşlıq edirlər.
Səmimi qəbula görə minnətdarlığını bildirən xanım Karol Meri Krofts Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini söyləyib. Qeyd edib ki, təmsil etdiyi ölkə Qafqazın bu bölgəsinə böyük maraq göstərir, burada həyata keçirilən qlobal enerji layihələrinin reallaşması üçün Azərbaycana gələcəkdə də dəstək vermək niyyətindədir.