Oqtay Əsədov İranın ölkəmizdəki səfirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadəni qəbul edib. “Olaylar” xəbər verir ki, sədr görüşdən məmnunluq duyaraq, yeni təyin olunmuş səfirə gələcək işlərində uğurlar diləyib.
3 Fevral 2017 12:52 SosialMilli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadəni qəbul edib. "Olaylar" xəbər verir ki, sədr görüşdən məmnunluq duyaraq, yeni təyin olunmuş səfirə gələcək işlərində uğurlar diləyib. O, əmin olduğunu bildirib ki, diplomat fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı işinə öz dəyərli töhfəsini verəcək. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. Ötən ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşləri təkcə ölkələrimiz deyil, region üçün də mühüm əhəmiyyət kəsb edir. Siyasi əlaqələrimizlə yanaşı, iqtisadi münasibətlərimiz də inkişaf etməkdədir. İran şirkətinin Bakıda əczaçılıq zavodunun inşasındakı fəaliyyəti təqdirəlayiqdir. Dövlətlərimiz arasında Müştərək Komissiya iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafına müsbət təsir göstərir. Sədr bildirib ki, dövlətlərarası münasibətlərimizin inkişafında parlamentlərimizin özünəməxsus rolu var. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir. Beynəlxalq təşkilatlar çərçivəsində prinsipial məsələlər barədə aparılan fikir mübadiləsi xalqlarımızın xeyrinədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə bildirib ki, İran yaxın qonşusu Azərbaycanla həyatın bütün sahələrində münasibətlərin daha da dərinləşməsində maraqlıdır: "Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdəki münasibətlərimiz günbəgün güclənməkdədir. Biz gələcəkdə iqtisadi əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik".