Bəzi gənclər niyə ali təhsildən imtina edirlər?
Fevralın 1-dən Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Sessiyanın ilk plenar iclasında parlamentin qanunvericilik işlər planı təsdiq edilib. Yəni, artıq məlumdur ki, Milli Məclis yaz sessiyasında hansı qanun layihələrinin müzakirəsini aparacaq. Məsələ orasındadır ki, elə qanun layihələri var ki, nədənsə illərlədir ki, müzakirəyə çıxarmaq mümkün olmur. Yaxud, qəbul olunması üçün illərdən bəri təkliflər irəli sürülsə də hələ ki, ortada konkret qanun layihəsi yoxdur.
2 Fevral 2017 15:03 SosialQənirə Paşayeva: "Gəlirləri aşağı olan ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqını ödəməkdə çətinlik çəkirlər"
Fevralın 1-dən Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Sessiyanın ilk plenar iclasında parlamentin qanunvericilik işlər planı təsdiq edilib. Yəni, artıq məlumdur ki, Milli Məclis yaz sessiyasında hansı qanun layihələrinin müzakirəsini aparacaq. Məsələ orasındadır ki, elə qanun layihələri var ki, nədənsə illərlədir ki, müzakirəyə çıxarmaq mümkün olmur. Yaxud, qəbul olunması üçün illərdən bəri təkliflər irəli sürülsə də hələ ki, ortada konkret qanun layihəsi yoxdur. Millət vəkili Elmira Axundova yaz sessiyasının qanunvericilik işlər planınından razı olsa da bəzi qanun layihələrinin müzakirəyə ehtiyac olduğunu bildirib: "Mən Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işlər planını diqqətlə analiz etdim və onu yüksək dəyərləndirirəm. Çünki orada çoxdan arzuladığım bəzi qanun layihələrini görürəm. Şadam ki, onlar bizim yaz sessiyasının işlər planına daxil ediliblər, məsələn "Turizm haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri". Millət vəkili bununla yanaşı, "Psixoloji yardım haqqında" və Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihələrini də əlamətdar qanunvericilik aktları hesab edib: "Bizə bu gün "Psixoloji yardım haqqında" kimi qanunlar çox gərəkdir. Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidir. İnformasiya bolluğunun olduğu, aqressiya və zorakılığın təzahürləri artdığı çətin və qəliz zəmanədə yaşayırıq. Bütün terrorist təşkilatlar əsasən gənc insanları təsir altına alır, üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici boyevik və pozucu internet-saytların təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm kişiləri ağır cinayətlər törətməyə sövq edir, uşaqlar yetim qalır, ailələr məhv olur, qatil uzunmüddətli həbsə məhkum olunur. Mən keçən iclasların birində bu məsələyə toxunaraq həyat yoldaşını qəddarlıqla qətlə yetirənlərə ölüm hökmünü tələb etmişdim. Əlbəttə o, emosional çıxış idi, bilirəm ki, Avropa Birliyinin üzvü olan Azərbaycan geriyə addım ata bilməz. Amma bir sıra həmkarlarımızın belə qətllərə görə ömürlük azadlıqdan məhrumetmə hökmü istəməsini dəstəkləyirəm, ikinci tərəfdən başa düşürəm ki, bu tədbirlər də böyük nəticələrə səbəb olmayacaq. Çünki bizə böyük profilaktik işlər, müvafiq qanunlar lazımdır, hər bir kənddə psixoloq və sosioloqlar ciddi işləməlidirlər". E.Axundva deyib ki, yerlərdə ağsaqqal və ağbirçəklərin statusu qalxmalıdır: "Hamı başa düşməlidir ki, ailə şəxsi iş deyil, ailə cəmiyyətin özəyidir, istənilən Azərbaycan ailəsində baş verən hər faciə bizim ümumi faciəmizdir. Çünki nəticədə bizim balalarımız yetim qalırlar. Bir anlıq qətlə yetirilənin ailə üzvlərinin psixi vəziyyətini, gözü qarşısında atası tərəfindən anası qətlə yetirilən körpələri göz önünə gətirin. Onda hər şey aydın olar. Ona görə təklif edərdim ki, ağır məişət cinayətlərinə, xüsusilə uşaqlara qarşı törədilən əməllərə görə cəzalar sərtləşdirilsin. Daha hansı qanunları qəbul edə bilərik, bu məsələlər ciddi müzakirə olunsun". Deputat 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsinə də diqqət çəkib: "İslam aləminin tənqid olunduğu, islam radikalizminin baş alıb getdiyi, islam ölkələrində müharibələrin tüğyan etdiyi, bəzi dünya ölkələrində hətta "İslam" sözünə mənfi reaksiya verildiyi bir dövrdə bizim prezidentimizin belə əzmli davranışı çox cəsarətli addımdır. Bunu Azərbaycan kimi dünyəvi, demokratik, Avropa dəyərlərinə sadiq olan ölkə edib. Mən prezidentimizin bu uzaqgörən addımı ilə fəxr edirəm və inanıram ki, birinci Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək. Biz deputatlar da əlimizdən gələni etməliyik ki, gələn qonaqlara öz zəngin mədəniyyətimizi, tariximizi, musiqimizi tanıdaq, sevdirək". Millət vəkili Qənirə Paşayeva isə yaz sessiyası dövründə "Təhsil kreditləri haqqında" qanunun qəbulu və "Məşğulluq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinin vacib hesab edib. Bildirib ki, hazırki şəraitdə əlillərin işlə təmin olunması vacib şərtdir. Odur ki, "Məşğulluq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi məsələsi tezləşdirilməlidir: " Bu gün dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin olunması üçün ayrılan kvotanın artmasına böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu kateqoriyadan olan insanlar müxtlif problemlərlə üzləşməli olurlar. Odur ki, mövcud qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var". Millət vəkili əlavə edib ki, həmçinin "Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var. Çünki, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır: "Çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını bildirirlər. Amma təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək". Boloniya prosesinə qoşulan ölkələrdə təhsil kreditlərinin geniş yayıldığını deyən Q.Paşayeva bildirib ki, bir müddət əvvəl hazırlanan qanun layihəsi müzakirələrə çıxarıla bilər və bu müzakirələr çox vacibdir. "İmkanları aşağı, amma istedadlı gənclərin təhsil ala bilməsi üçün onlara dəstək daha da artmalıdır"- deyən millət vəkili bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən ali təhsildən uzaqlaşmaması üçün bu istiqamətdə davamlı addımların atılması vacibdir.
Alim