2 il ərzində Elektron Səhiyyə xidmətinə  61452 vətəndaş müraciət edib

01.02.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzində hesabat xarakterli tədbir keçirildi. Tədbirdə qeyd edilib ki, Mərkəz ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinin rəyi, xahiş, təklif və şikayətlərinin operativ, asan həlli, habelə, korrupsiya hallarının qarşısının alınması sahəsində göstərişlərinin icrası məqsədilə xüsusi tapşırığı və bundan irəli gələn səhiyyə nazirinin imzaladığı əmr əsasında yaradılıb.

Elektron Səhiyyə Mərkəzinin əsas məqsədlərinə Səhiyyə Nazirliyinin "9103-Qaynar xətt" xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həlli də daxildi.

Qeyd edək ki, Elektron Səhiyyə Mərkəzi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə dövlət təminatının gücləndirilməsi, yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, vətəndaşların operativ qaydada əlaqələndirilməsini təmin edir.

Ölkənin istənilən bölgəsindən vətəndaşın zəngi, müraciəti Səhiyyə Nazirliyinin bütün şöbələri və strukturları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən peşəkar həkimlərdən ibarət operatorlar tərəfindən diqqətlə dinlənilir. Mövzuya dair ətraflı məlumat toplandıqdan sonra məsələnin həlli üçün müvafiq addımlar atılır.

Zəruri hallarda "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.

Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. bu kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisəsələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə də məlumat verirlər. Belə olan halda "Qaynar xətt"in əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayır vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır.

Tədbir zamanı bildirildi ki, fəaliyyət göstərdiyi 2 il ərzində Elektron Səhiyyə xidmətinə ümumilikdə 61452 vətəndaş müraciət edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31