Yanacaqdoldurma məntəqəsi, çay fabriki və restoran hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi 28 fevral 2017-ci il tarixinə yeni hərrac elan edib və bu hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi 28 fevral 2017-ci il tarixinə yeni hərrac elan edib və bu hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur.
Bu barədə Komitədən verilən məlumata görə, vətəndaşlar hərraca çıxarılan 20 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisəsi, 25 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikilini özəlləşdirə bilər. Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Səbail, Xəzər, Nəsimi, Sabunçu və Suraxanı rayonları, Şəki, Mingəçevir, Sumqayıt şəhərləri, Şirvan, Ağdaş, Lənkəran, Quba, Yardımlı və Neftçala rayonlarında yerləşir. Ən yüksək satış qiyməti ilə təklif olunan kiçik dövlət müəssisələri Səbail rayonundakı 11 saylı yanacaqdoldurma məntəqəsi, Nəsimi rayonundakı 7 saylı atelye və Xəzər rayonundakı "Mərdəkan" restoranıdır. Birinci əmlak 598 min 500 manata, digər iki əmlakın hər biri 540 min manata təklif olunur.
Özəlləşdirilməsi təklif olunan qeyri-yaşayış obyektlərinin hamısı paytaxtın müxtəlif rayonlarında yerləşir. Nərimanovda 6, Xətaidə 5, Yasamalda 4, Nizamidə 4, Nəsimidə 3, Binəqədidə 2, Səbaildə 1 obyekt hərraca çıxarılıb. Bu əmlakların sırasında ən yüksək qiymət təyin olunmuş əmlak Səbail rayonundakı qeyri-yaşayış sahəsidir. Adıçəkilən obyektə 720 min ilkin satış qiyməti təyin olunub. Nizami rayonundakı qeyri-yaşayış binasını özəlləşdirmək istəyən iddiaçılar isə hərrac zamanı əmlaka qoyulmuş 215 min manat start qiymətindən yuxarı qiymət təklif etməli olacaqlar. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Sabunçu rayonunda yerləşən "Sabunçu Ticarət Təchizat" və "Zabrat Tikinti Quraşdırma", Xətai rayonundakı "Xətai Ticarət-108" ilə yanaşı, regionlarda yerləşən "Astara çay-3", "Mingəçevir Qum Çınqıl", "Port İliç Xidmət", "Ucar ağac emalı", "Xaçmaz Mexanizasiya Nəqliyyat" kimi səhmdar cəmiyyətlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31