Aqil Abbas: Seyid Məhəmməd Ağa həccə niyə getmədi?
Ağcabədidə mənim doğulduğum kənddə bir Seyid Məhəmməd ağa yaşayır. Laçınlıdı. İşğaldan sonra Ağcabədiyə pənah gətirib. Və nədənsə bizim kəndi seçib, Bayatın Hacılarını. Kəndimizdə Qarabağın ən şöhrətli seyidlərindən biri Seyid Heydər ağanın ocağı var, bəlkə ona görə. Bəlkə kəndimiz Ağdama daha yaxındır ona görə. Bu nurani qoca çox böyük hörmət-izzət sahibidi. Nə qədər etiraz eləsə də, kim onunla rastlaşsa əlindən öpür. Mən də həmişə onun əlindən öpərəm, o da mənim alnımdan öpər.
30 Yanvar 2017 17:38 SosialAğcabədidə mənim doğulduğum kənddə bir Seyid Məhəmməd ağa yaşayır. Laçınlıdı. İşğaldan sonra Ağcabədiyə pənah gətirib. Və nədənsə bizim kəndi seçib, Bayatın Hacılarını. Kəndimizdə Qarabağın ən şöhrətli seyidlərindən biri Seyid Heydər ağanın ocağı var, bəlkə ona görə. Bəlkə kəndimiz Ağdama daha yaxındır ona görə. Bu nurani qoca çox böyük hörmət-izzət sahibidi. Nə qədər etiraz eləsə də, kim onunla rastlaşsa əlindən öpür. Mən də həmişə onun əlindən öpərəm, o da mənim alnımdan öpər.
Şöhrəti Qarabağdan da kənarlarda yayılmış Seyid Lazım ağa ilə bir nəsildəndi.
"Dolu" filmi çəkilərkən getdim yanına. Dedim ki, Ağa, səni filmdə kiçik bir epizoda çəkmək istəyirəm. Əvvəl razı olmadı, dedi mən hara, film hara. İzah elədim ki, filmin sonunda Qarabağ şəhidləri məzarlarından qalxırlar və Komandirlərinin ardınca yenidən döyüşmək üçün üz tuturlar üzü Ağdama, Şuşaya. İstəyirəm ki, orda Komandirin arxasında siz olasız. Həzrəti Əlinin, imam Hüseynin nəslinin nümayəndəsi şəhidlərimizin içində olsun və o şəhidləri döyüşə aparan Komandirə arxa olsun. Razılaşdı.

Çəkilişdən sonra dedi ki, Məllim, gərək çıxıb gedəydik, dayanmayaydıq, nə olardı-olardı. Dedim, Ağa, darıxma, inşallah, o da olacaq. Əsgərlərimizə onda da xeyir-duanı verərsən və əsgərlərimiz səni çiyinlərində Laçına apararlar. Kövrəldi.
Bir gün eşitdim ki, Seyid Məhəmməd ağa Həccə ziyarətə getmək istəyir. Getdim yanına ki, bəlkə bir ehtiyacı olar, mən də kömək edim. Dedim, Ağa, Allah ziyarətini qəbul eləsin, eşitdim Həccə gedirsən?
Gülümsədi. Dedi:
- Məllim, gedəsi olmadım.
- Niyə? Bəlkə pulun çatmadı?
- Yox, Məllim, pulum vardı, amma qərarımı dəyişdim.
- Axı niyə?
Seyid Məhəmməd ağa:
- Bilirsən, Məllim, bizim kəndin yolu abaddı, sən sağ ol, icra başçımız sağ olsun bu yola görə. Amma Qaraxanlının yolu xoşuma gəlmirdi, Həcc üçün yığdığım pulu verdim yol idarəsinə ki, Qaraxanlının yolunu da bizim kəndin yolu kimi abad eləsin.
İndi belə bir kişinin əlini necə öpməyəsən?! Belə bir kişini necə sabahların birində çiyinlərində Laçına, öz doğma yurd-yuvasına aparmayasan?! Belə bir kişinin nəslini necə sevməyəsən?!
Həmin Qaraxanlı yolu da planda vardı təmir olunsun və təbii ki, Ağanın verdiyi vəsait o təmirə çatmazdı. Amma varın verən utanmaz, özü də o varın ki bəlkə illərlə yığmışdı ki, getsin Allah evini ziyarət etsin. Amma əcdadı Həzrəti Əlinin məşhur bir kəlamı onu bu səfərdən saxladı: "Yol çəkmək Əlidən qalıb".
Qarabağda da yola "Əli yolu" deyirlər. And içəndə də deyirlər ki, "bu Əli yolu haqqı".
Rayon icra hakimiyyəti o yolu təmir elədi. Nə illah elədilər ki, Məhəmməd ağanın pulunu qaytarsınlar istəmədi, dedi, bu işdə mənim də payım olsun.
Amma bilmədim mən bu yazını niyə yazdım?
Aqil ABBAS