Pensiya sisteminin dəyişdirilməsi nə vəd edir?
Azərbaycanın pensiya sistemində ciddi dəyişikliyin edilməsi gözlənir. Yeniliyə əsasən vətəndaşların pensiyalarının təyinatı onların ödədikləri vəsait hesabına təmin olunacaq. Hələlik ölkədə özəl pensiya fondlarının olmaması isə məsələni bir az qəlizləşdirir.
30 Yanvar 2017 15:40 SosialÖzəl pensiya fondları vətəndaşlara seçim imkanları yaradır
Azərbaycanın pensiya sistemində ciddi dəyişikliyin edilməsi gözlənir. Yeniliyə əsasən vətəndaşların pensiyalarının təyinatı onların ödədikləri vəsait hesabına təmin olunacaq. Hələlik ölkədə özəl pensiya fondlarının olmaması isə məsələni bir az qəlizləşdirir. Məsələ orasındadır ki, hələ də ölkədə ikili mühasibatlığın kökü tamamilə kəsilmədiyindən işəgötürənlər və işçilər pensiya fonduna vəsait ödəməkdə maralı görünmürlər. Buna baxmayaraq, artq peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinin fevralın 3-də keçiriləcək parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacağı gözlənilir. Sözügedən komitənin sədri Hadı Rəcəbli bildirib ki, sənədin yaz sessiyasında müzakirəsi planlaşdırılır: "Bu, çox ciddi qanundur. Orada çox mühüm məsələlər əksini tapıb. Biz İşçi Qrupunda və komitəmizdə geniş müzakirə etdikdən sonra onu plenar iclasa tövsiyə etməliyik. Daha doğrusu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da iştirakı ilə ayın 3-də keçiriləcək müzakirədən sonra onu fevralın 14-də baş tutacaq plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq". Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, qanunda geniş dəyişikliklərin edilməsi gözlənir. Nazir bildirib ki, Azərbaycanın mövcud şəraitinə, o cümlədən dünyanın aparıcı dövlətlərində mövcud olan standartlara uyğun olaraq pensiya sisteminin dəyişdirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur. Bu arada əldə edilən məlumata görə, layihədə əsas dəyişiklik qadınların pensiya yaş həddinin artırılmasının nəzərdə tutulmasıdır. Belə ki, təklif olunan dəyişikliklərə görə, qadınlar da artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar. Maraqlıdır, qanunvericilikdə edilməsi nəzərdə tutulan dəyişikliklər əhalinin sosial təminata ehtiyacı olan kateqoriyasına necə təsir göstərəcək? Qeyd edək ki, vətəndaşların pensiya tşminatı həssas məsələ olduğundan istənilən yenilik ciddi müzakirə predmetinə çevrilir. Əsas şərt isə aidiyyati qurumlar tərəfindən edilən yeniliyin əsaslandırılması və təbliği ilə bağlıdır. Təəssüf ki, indiyə qədər nə qanunverici orqan , nə də icra strukturları tərəfindən sözügedən dəyişikliklə bağlı keç bir izahat verilməyib. Odur ki, insanların narahatçılığı başadüşüləndir. Mütəxəssislər isə hesab edirlər ki, qanunvericilikdə dəyişikliklərin edilməsi zamanı vətəndaşların sosial ödənişləri və pensiya təminatı məsələsi nəzər alınmalıdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov isə qadınların pensiya yaş həddinin daha 5 ilin artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması ilə bağlı məlumatsız olduğunu bildirib. Hələlik bu barədə rəsmi məlumat yoxdur: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vətəndaşların fonda ödənməli olduğu vəsait yığımını həyata keçirməkdə çətinlik çəkir. Belə ki, ölkədə 4 milyon 500 min fəal işçi qüvvəsi var. Fəal işçi qüvvəsindən isə yalnız 1 milyon 500 min işçinin əmək müqaviləsi var. Onların da bir çoxu özəl şirkətlərdə çalışır ki, mühasibatlıqda onların əmək haqqları göstərilmir. Azərbaycanda ömür göstərici Avropa ilə nisbətdə çox deyil. Bu gün Azərbaycanda təqaüdə çıxan insanlar yaşayışını yaxşı təmin etmək məqsədi ilə işləməyə cəhd göstərirlər. Yaxşı olar ki, insanlar vaxtında pensiyaya çıxsınlar". İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, özəliklə pensiya yaşının artırılması bir çox Avropa ölkələrində, əsasən, əhalinin sürətlə qocalması və demoqrafik vəziyyətin ağır olması ilə əlaqədardır: "Məsələn, Yaponiyada əhalinin surətlə qocalması ilə bağlı pensiya sisteminə dair müəyyən addımlar atılıb. Şükürlər olsun ki, Azərbaycanda demoqrafiq vəziyyətlə bağlı heç bir problem yoxdur, əhalinin böyük hissəsini gənclər təşkil edir. Bu gün Azərbaycanda yaş həddinin artırılması ilə bağlı irəli sürülən təklif, iqtisadi məsələlərlə bağlıdır. Məqsəd gələcəkdə Təqaüd Fondunun üzərinə düşən yükü azaltmaqdır". Onun sözlərinə görə, əvvələr müxtəli peşə sahəsində calışan insanlar pensiya yaşına çatdıqdan sonra həm təqaüd, həm də maaş alırdılarsa, indi yeni qanun layihəsinə əsasən, insanlar təqaüd yox, yalnız maaş alacaqlar: "Azərbaycanda irəli sürülən bu təklifin məğzi bundan ibarətdir. Digər ölkələrdə isə qeyd etdiyim kimi bu demoqrafiq, yəni əhalinin surətlə qocalması faktı ilə bağlı olan məsələdir". Bu qanun layihəsi təsdiqlənərsə, vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxarmasına gəlincə isə, N. Cəfərli bildirib ki, son 11 ildə Azərbaycanda təqaüdlə bağlı bir neçə dəfə qərarlar qəbul edilib, hesablama və yanaşma qaydaları dəyişdirilib: "Nəticədə insanlarda Təqaüd Fonduna olunan ödəmələrə marağı azaldıb. Bunun isə tək çıxış yolu Azərbaycanda Özəl Təqaüd fondlarının yaradılması və dövlətlə paralel fəaliyyət göstərməsinə icazə verilməsindən geçir. Əgər ölkədə bir neçə Özəl Təqaüd fondları fəaliyyət göstərsəydi, o zaman fondlar arasında rəqabət mühüti yaranardı. Rəqabət mühiti şəraitində hansı fond daha yaxşı, cəlbedici təkliflərlə çıxış edəcəksə, vətəndaşlar da həmin fondla müqavilə bağlamaqda maraqlı olacaqdılar. Bu Türkiyədə də belədir. Hazırda Gürcüstan da bu sistemə keçib. Artıq xeyli vaxdır Avropa ölkələr bu sistemlə işləyir. Vətəndaşlarla təqaüd fondu arasında bağ yaradılmalıdır. Bir daha qeyd edirəm ki, bunun da yolu, rəqabətdən keçir. Bir neçə təqaüd fondunun yaradılması, həm də xarici təqaüd fondlarının bazara daxil olması imkanı yaradılması, gələcəkdə vətəndaşlara seçim imkanları yaradacaq. İndiki vəziyyətdə bununla yalnız dövlət məşğul olur".
Alim